Bank ofisi, arxiv şəkli

Banklararası ödəniş sistemlərində xidmət haqqı iki dəfə azaldılır

49
Qərar biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsi nəzərə alınaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə qəbul edilib.

BAKI, 25 aprel — Sputnik. Bu il oktyabrın 1-nə qədər Azərbaycanda banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi Tədbirlər Planında bildirilir. Məlumata görə, bu qərar iqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsi nəzərə alınaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə qəbul edilib.

Qeyd edilir ki:

• Banklararası ödəniş sistemlərdə banklardan tutulan xidmət haqqlarının 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsi;

• Bankların müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin anoloji qaydada azaldılmasının tövsiyə edilməsi;

• Sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu üzrə xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsinin tövsiyə edilməsi.

49
Neft, arxiv şəkli

Dünyada neftin qiymətləri ucuzlaşır

7
(Yenilənib 14:37 26.09.2020)
"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 41,76 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7
Bakıda taksi dayanacağı, arxiv şəkli

Taksi qiymətləri həftəsonu ralli sürətilə qalxır, "günahkar" da bazarmış

689
(Yenilənib 00:33 26.09.2020)
Həftəarası 3 kilometr 1 manat 60 qəpikdən hesablanırsa, həftəsonları 1 manat 60 qəpik vurulur 1,5-ə. Beləcə həftəsonları 3 kilometrə qiymət 2 manat 40 qəpik olur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması taksilərdə qiymət artımı ilə müşahidə olunur. Sərnişinlər həftənin şənbə və bazar günlərində taksilərin qiymətində əhəmiyyətli dərəcədə qiymət fərqi olduğunu söyləyirlər.

Sərnişin Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a bildirib ki, hər gün 20 Yanvar dairəsindən "Binə" Ticarət Mərkəzinə taksilər bir nəfəri iki manata apardıqları halda həftəsonu bir sərnişin üçün 4 manat tələb edirlər. Sərnişinlər deyirlər ki, həftəsonları "20 Yanvar" metrosu-Xırdalan istiqamətində sərnişin daşıyan 1 manatlıq taksilər isə qiyməti gündüz 2, axşam saatlarında 3 manata qaldırır: "Taksi şirkətlərinə həftəsonları, demək olar ki, düşmək olmur. Hansı istiqamətə taksi sifarişi versək, o istiqamətdə taksi olmadığını söyləyirlər. Bu zaman çarəsiz qalıb yol kənarlarında öz fərdi avtomobilləri ilə taksi xidməti göstərənlərə müraciət edirik. Onlar isə hər gün 5 manata getdikləri yola 15 manat qiymət deyirlər".

Sərnişinlər həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin taksilərdə iki-üç dəfə qiymət artımına səbəb olduğundan gileylənirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Tural Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftəsonu taksilərdə qiymət artımı təbii baş verir:

"Bu tam normal qiymət artımıdır. Bazarda qiymət tələb-təklif əsasında müəyyənləşir. Həftəsonları taksiyə daha çox tələb var. Tələb və təklif əsasında da qiymət bahalaşır. Hava soyuyanda taksiyə tələbat artdığı kimi ona adekvat olaraq qiymət artır. Həftəsonlarında da eyni proses baş verir. Bu, qiymət artımı deyil. Tələb və təklifin müəyyən etdiyi qiymətdir".

T.Yusifov deyir ki, adi günlərdə taksilər bir kilometri 30 qəpiyə sərnişin daşıyırsa, həftə sonu qiyməti 50 qəpiyə qaldırırlar: "Həmçinin qısa məsafələrə sərnişin aparmaqdan imtina edirlər. Onsuz da taksi sürücüləri çarəsizlikdən qısa məsafəyə sərnişin daşıyırlar. Həftəsonu heç bir ictimai nəqliyyat növü işləmədiyindən qısa məsafələrə çağırışlardan imtina edirlər. Bir sözlə, şənbə və bazar günlərində taksinin üzərinə yük düşdüyü üçün bahalaşır".

Ekspert bildirir ki, taksinin sayı tələbə uyğundur: "Həftəsonu taksilərdə qiymət artımını taksi çatışmazlığı ilə bağlamaq düzgün deyil. Düzdür, Azərbaycanda taksilərin çoxu tələblərə cavab vermir. Çünki avtomobillərin 70 faizi köhnədir. Yəni bu gün istismara yararsız avtomobillər olduğu üçün taksilər də köhnədir. Amma taksi sayı kifayət qədərdir".

T.Yusifov bildirir ki, həftəsonu operatorlarla işləyən taksilərdə qiymət artımının baş verməsi də mümkündür: "Bu gün Azərbaycanda özünün taksi parkı olan taksi şirkətləri azdır. Taksi sifarişləri qəbul edən operatorlar var. Onlar da faizlə işlədiklərindən öz mənfəətləri üçün həftəsonu tələbə uyğun olaraq qiymətlərdə dəyişiklik edirlər".

Taksi sürücüləri isə həftəsonu qiymət artımının operatorlar tərəfindən edildiyini söyləyirlər. Taksi sürücü Dilqəm Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında həftəsonları taksi xidmətində qiymət artımının olduğunu təsdiqlədi. O bildirdi ki, həftəarası 3 kilometr 1 manat 60 qəpikdən hesablanırsa, həftəsonları 1 manat 60 qəpik vurulur 1,5-ə. Beləcə həftəsonları 3 kilometrə qiymət 2 manat 40 qəpik olur.

Sürücü deyir ki, həftəsonu operatorlara qoşulan taksilərin sayı da az olur. Bu isə istər-istəməz qiymətə öz təsirini göstərir.

Qeyd edək ki, artıq iki aya yaxındır ki, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması piyadaların taksilərdən istifadəsini zəruri edib. Bu isə taksi xidməti göstərən şirkətlərə qiymətləri artırmaq üçün əlverişili fürsətə çevrilib. Ölkəmizdə taksilərin qiymətini bazar tənzimlədiyindən heç bir qurum taksilərdə qiymət artımına müdaxilə etmir. Azərbaycanda taksilərdə vahid qiymət tənzimlənməsi həyata keçirilmir.

689
Əlaqədar
Taksi sürücüləri üçün etik qaydalarda dəyişiklik edildi
Taksidə doğulan uşağın hekayəsi: "Üzümü çevirəndə o, artıq oturacağın üstündə idi"
"Taksi məsələsi"nə yenidən baxılacaq: Hikmət Babayev barəsində inzibati tədbir görülüb
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
Bakıya ağıllı taksi gətirildi - FOTO
Sindzo Abe, arxiv şəkli

Yaponiya Rusiya 75 ildir sülh bağlaya bilmir. Səbəbini Sindzo Abe açıqladı

0
(Yenilənib 19:55 26.09.2020)
"Elə bir hiss var idi ki, biz artıq müqavilənin bağlanmasına yönəlmiş danışıqlara yaxınlaşırıq", – Abe bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Yaponiya və Rusiya sülh müqaviləsinin bağlanmasına çox yaxın idilər, lakin Vaşinqton və Moskva arasında qarşıdurmanın güclənməsi buna mane oldu. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe "Nikkey" qəzetinə müsahibəsində bildirib.

Xatırladaq ki, Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi imzalamayıblar.

Abenin sözlərinə görə, Rusiya-Amerika münasibətlərindəki problemlər razılaşmanın əldə olunmasına mane olan amillərdən birinə çevrilib.

"Elə bir hiss var idi ki, biz artıq müqavilənin bağlanmasına yönəlmiş danışıqlara yaxınlaşırıq", – o bildirib.

Abe deyib ki, Yaponiya və Rusiya hətta 2018-ci ildə müqavilənin bağlanmasına çox yaxın olub.

Sindzo Abe səhhətinin pisləşməsi səbəbindən baş nazir postunu sentyabrın 16-da tərk edib. O, Nazirlər Kabinetinə 3188 gün rəhbərlik edib.

Rusiya-Yaponiya ərazi mübahisəsi

Rusiya-Yaponiya sülh müqaviləsinin imzalanmasını Tokionun Cənubi Kuril adaları silsiləsinə (İturup, Kunaşir, Şikotan) və Habomay adalar silsiləsinə iddiası çətinləşdirir. Yaponiya bu məsələdə 1855-ci ilin ticarət və sərhəd müqaviləsinə istinad edir.

Moskvanın mövqeyi isə budur ki, Cənubi Kuril adaları müharibənin nəticələrinə görə SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın adalar üzərində beynəlxalq hüquqla rəsmiləşmiş suverenliyi şübhə altına salına bilməz.

0