Məmur, arxiv şəkli

Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər açıqlandı

13
(Yenilənib 15:48 25.04.2020)
Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən ictimaiyyətə açıqlanan illik və yarımillik hesabatların açıqlanmasının bir ay müddətinə uzadılması nəzərdə tutulur

BAKI, 25 aprel — Sputnik. Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mərkəzi Bank qərar verib. Güzəştlər aşağıdakılardan ibarətdir:

-Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi;

- Bakı Fond Birjasında 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi;

- Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək "T+1" rejimindən "T+0" rejiminə keçirilməsi;

- Qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla).

Qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətillərin verilməsi:

-İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə, Mərkəzi Bank tərəfindən müvafiq təsir tədbirlərinin görülməsinin 01 yanvar 2021-ci tarixinədək təxirə salınması;

- İnvestisiya şirkəti və fond birjası tərəfindən illik audit olunmuş maliyyə hesabatlarının Mərkəzi Banka təqdim olunmasının və ictimaiyyətə açıqlanmasının 30 sentyabr 2020-ci il tarixinədək uzadılması;

- Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən ictimaiyyətə açıqlanan illik və yarımillik hesabatların açıqlanmasının 1 (bir) ay müddətinə uzadılması;

- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin (investisiya şirkəti, fond birjası) fəaliyyətinin yoxlanılmasının 30 sentyabr 2020-ci ilədək təxirə salınması.

13
Dollar sayan şəxs, arxiv şəkli

Ölkədən pullar gedib, amma gəlməyib: Bir milyard dollar kəsiri necə bağlayacağıq?!

1021
(Yenilənib 20:51 18.09.2020)
Əkrəm Həsənov: "Azərbaycandan çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyib. Bu kəsiri bağlamaq üçün böyük ehtimalla, Dövlət Neft Fondunun ehtiyatlarından istifadə ediləcək".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanın tədiyyə balansında 1 milyard dollara yaxın kəsir yaranıb. Sputnik Azərbaycan Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu ilin 6 ayında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 957,5 milyon dollar olub. Halbuki keçən ilin eyni dövründə tədiyyə balasında 3 milyard 635 milyon dollarlıq qalıq yaranmışdı.

Ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 598,2 milyon dollarlıq qalıq, kapital hesabındakı 7,7 milyon dollarlıq kəsir, maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 599,3 milyon dollarlıq kəsir hesabına formalaşıb.

Bəs, maraqlıdır bu həddə kəsiri bağlamaq mümkün olacaqmı və bunun səbəbləri nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, tədiyyə balansında kəsir pandemiyanın təsirləri ilə bağlıdır:

"Pandemiya Azərbaycanın xarici ticarət dövriyyəsinə, eləcə də tədiyyə balansına mənfi təsir göstərdi. Eyni zamanda tədiyyə balansında kəsirin strukturuna baxsaq, burada xüsusən də maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir ümumi kəsirin formalaşmasına birbaşa təsir göstərib".

Deputat bildirib ki, amma bu ilin 7 ayında xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb: "Belə ki, ixrac idxalı 1 milyard 976 milyon dollar üstələyib. Baxmayaraq ki, ixracatda 7,1 faiz azalma qeydə alınıb, amma idxalda 43,4 faizlik azalmanın qeydə alınması xarici ticarət dövriyyəsindəki müsbət saldonun qorunub saxlanılmasına imkan verib. Tədiyyə balansında kəsirin olması arzuolunan deyil. Amma pandemiyanın təsirlərini nəzərə alsaq bu, məqbul hesab oluna bilər. Növbəti dövrlərdə xüsusən də neftin qiyməti 40 dollardan yüksək olarsa, güman olunur ki, tədiyyə balansındakı kəsiri optimallaşdırmaq mümkün olacaq".

"O baxımdan hələlik tədiyyə balansındakı kəsir birbaşa pandemiya ilə bağlı olduğuna və xarici ticarət dövriyyəsində müsbət saldoya görə bu, həmin kəsirin təsirlərini minimallaşdırmaq ilə bağlı imkanlar, alətlər verir. Güman olunur ki, növbəti dövr üçün həm tədiyyə balansındakı həm də xarici ticarət dövriyyəsindəki fərq birbaşa neftin qiymətinin necə dəyişməsindən asılı olacaq"-deyə deputat əlavə edib.

"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, bu məbləğdə kəsirin yaranması təhlükəli hal deyil:

"Azərbaycanın valyuta ehtiyatları bu göstəricidən azı 40 dəfə çoxdur. 40 milyard dollardan çox valyuta ehtiyatımız var və belə kəsirləri bağlaya bilirik. Kəsirin yaranması o deməkdir ki, bizə xarici valyuta az daxil olub, ölkədən isə valyuta çox çıxıb. Yəni Azərbaycandan çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyib. Bu kəsiri bağlamaq üçün böyük ehtimalla Dövlət Neft Fondunun ehtiyatlarından istifadə ediləcək".

O bildirib ki, bizə xarici valyuta əsasən neft-qazdan gəlir: "Neftin qiyməti düşdüyünə görə valyuta gəlirlərimiz azalıb. Bundan başqa, pandemiyaya görə bir sıra kənd təsərrüfatı məhsullarının xaricə satışı da azalıb. Ona görə də xaricdən gələn valyuta gəlirlərimiz aşağı düşüb. Amma bizim xaricdən aldığımız mal və məhsulların səviyyəsi əsasən əvvəlki kimidir. O baxımdan belə kəsirin yaranması başa düşüləndir. 957,5 milyon dollar elə də ciddi rəqəm deyil. Fikrimcə, hətta kəsir bundan 2 dəfə çox olsa da problem olmaz".

"Ölkəyə xaricdən gələn valyutanı artırmaq üçün iqtisadiyyat şaxələndirilməli, neftdən asılılıq azaldılmalı, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Belə olmasa, bizdə neftdən başqa heç nə olmayacaq və neftin qiyməti düşən kimi bu cür problemlərlə üzləşəcəyik. Bu, o ölkələr üçün daha ağırdır ki, onlar bir resursdan asılıdırlar. Amma biz xaricə digər mal və məhsulları da çox sata bilsəydik, problem belə dərin olmaz idi", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 milyon dollar kəsir yaranıb. Ehtiyat aktivləri 957,5 milyon dollar azalıb.

Bu dövrdə neftin orta qiyməti 41,9 dollar/barel olub, qeyri-neft ixracı isə 6,1 faiz azalıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 milyon dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 milyard dollar) azalaraq 3,3 milyard dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1 faiz (0,4 milyard dollar) azalaraq 2,7 milyard dollar olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.

1021
Teqlər:
Azərbaycan Dövlət Neft Fondu, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, Əkrəm Həsənov, İqtisadçı ekspert Vüqar Bayramov, Vüqar Bayramov, tədiyyə balansı
Kommunal ödənişlər

Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar deyir?

162
(Yenilənib 17:35 18.09.2020)
"Yəni, cəbhə bölgələrinin abonentləri tərəfindən sərf olunan qazın dəyəri vaxtında ödənilir. Müəyyən xırda problemlər olsa da, onlar da qısa zamanda qaydasına düşür." - "Azəriqaz" İB

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev təklif edib ki, cəbhə xəttində yerləşən kəndlərdə kommunal xidmətlərin qiymətləri aşağı salınsın. Deputat bildirib ki, təmas xəttində yerləşən bölgələrlə Bakıdakı kommunal xidmət qiymətləri eynidir. O təklif edir ki, cəbhə bölgəsində kommunal qiymətlər hazırki tarif qiymətləri ilə müqayisədə ən azından yarıbayarı azaldılsın.

Füzuli rayonunun millət vəkili Vüqar Bayramov da belə bir güzəştin olmasının tərəfdarıdır. Millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, təmas bölgəsində yerləşən kəndlərin sakinləri üçün daha ucuz və aşağı tariflərin müəyyənləşməsi məqsədəuyğun olardı: "Qanunvericiliyə əsasən ölkə ərazisində tariflər regionlardan asılı deyil. Amma təmas xəttində yerləşən vətəndaşlarımızın mütəmadi olaraq erməni təxribatı ilə üz-üzə olduğunu, bu ərazilərdə tez-tez atəşkəsin pozulduğunu nəzərə alsaq, bu bölgələrdə yaşayan vətəndaşların xərclərinin azaldılması üçün güzəştlərin, güzəştli tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bu amil onların ailə xərclərinin azalmasına gətirib çıxara bilər. Dövlət büdcəsi tərəfindən həmin xərclərin bir hissəsinin subsidiya edilməsi mümkündür. Bundan başqa, eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda təmas xəttində yerləşən iki rayon - Füzuli və Ağdamda yaşayanların məcburi köçkün siyahısı var ki, onlar kommunal xidmətlərin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi alırlar. Bu bölgədə yaşayan vətəndaşlar dövlətin maliyyə dəstəyindən istifadə edirlər".

Ümumiyyətlə, mövcud durumu necə qiymətləndirmək olar?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq bir çox insanların ödəmə qabiliyyəti aşağı düşüb. Təbii olaraq bu amil cəbhə bölgəsində yaşayanlara da təsirsiz ötüşməyib. Mərkəz rəhbəri belə hesab edir ki, əhalinin xüsusən də bu təbəqəsinə güzəştlər olmalıdır:

"Pandemiya ilə əlaqədar olaraq ailə büdcələrinə toplanan gəlirlər kifayət qədər azalıb. Xüsusilə də cəbhə bölgəsində vəziyyət bir qədər də mürəkkəb olub. Buna görə də təklif etmişdim ki, işsizliyin artması, ailə büdcəsi gəlirlərinin azalması səbəbi ilə bu təbəqədən olan insanlara güzəştlər tətbiq edilsin. Yəni, bu güzəştlər yalnız kommunal xidmətlərlə bağlı olmamalıdır. Bu baxımdan düşünürəm ki, qonşu ölkələrin də təcrübəsindən yararlanmaq olar".

"Məsələn, xidmətlər üzrə yığılmış borcları müəyyən dövr üçün silmək, yaxud da hər-hansı formada güzəştləri tətbiq etmək olar. Lakin mən ümumiyyətlə bu ödənişlərin silinməsinin tərəfdarıyam. Yəni, bu şəxslərə 50 faiz güzəşt olunsa belə, onun ödəmə qabiliyyəti yoxdursa, bu o deməkdir ki, borcunu 100 faiz olaraq ödəyə bilməyəcək", - deyə həmsöhbətimiz əlavə edib. 

F.Yusifov deyir ki, xüsusən də elektrik, işıq, su və qazla bağlı yığılan borcların silinməsi mümkün olar: "Düşünmürəm ki, müəyyən məbləği silməklə həmin qurumlar böyük ziyanla qarşılaşacaqlar. Çünki onların rezervləri var".

F.Yusifov deyir ki, cəbhə bölgəsində kommunal xərclərlə bağlı differensial yanaşma olmalıdır: "Çünki cəbhə bölgəsində durum bir qədər fərqlidir. Bu ərazilərdə yaşayan şəxslər müəyyən güzəştləri daha çox almalıdırlar. Pandemiya və pandemiyadan sonrakı dönəmdə də bu yanaşma olmalıdır".

Ümumiyyətlə, bu gün cəbhə bölgəsində əhalinin ödəniş qabiliyyəti necədir, borcluların sayı nə qədərdir və qurumlar tərəfindən Tarif Şurasına müraciət nəzərdə tutulurmu?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, cəbhə bölgəsi ilə bağlı hazırda hansısa problem yoxdur: "Yəni cəbhə bölgələrinin abonentləri tərəfindən sərf olunan qazın dəyəri vaxtında ödənilir. Müəyyən xırda problemlər olsa da, onlar da qısa zamanda qaydasına düşür. Ümumiyyətlə, abonentlərimiz istifadə etdikləri qazın ödənişini həyata keçirtməkdə aktivdirlər".

"Tariflərə gəldikdə isə, "Azəriqaz" İB buna hər-hansı müdaxilə etmir. Bu qərarlar Tarif Şurası tərəfindən icra olunaraq həyata keçirilir. Tarif Şurasının verdiyi qərarlar, xüsusən də qazdan isitfadəyə görə aşağı tariflə güzəştli limitin ayrılması birbaşa olaraq dövlət başçısının tapşırığı ilə ölkə vətəndaşlarına sosial dəstəyin göstəricisi olaraq həyata keçirilir. Məhz ötən ilin mayından aşağı tariflər güzəştli limit həddinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması da dövlət başçısının tapşırığı və Tarif Şurası tərəfindən verilən qərarla tənzimlənir. Artıq hər il üzrə əhali abonent qrupunda 2200 kubmetr güzəştli limit həddi müəyyənləşib ki, bu limit həddində 10 qəpikdən ödəniş həyata keçirilir. 2200 kubmetri keçərsə, bu hər kubmetrə görə 20 qəpikdən ödəniş deməkdir. Bu böyük rəqəmdir. Lakin qeyd edim ki, bu ilin 7 ayı ərzində cəmi 7 faiz əhali abonent qrupu bu limiti keçib".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkliflərlə bağlı Tarif Şurasının nəsə qərarı olacaqsa, o da icra olunacaq:

"Yəni bu hökumət səviyyəsində icra olunacaq bir məsələdir. Bilirsiniz ki, bu gün Bakı, Sumqayıt və Abşeron üzrə 1 tarif var, regionlar üzrə isə suyun qiymətində başqa tarif var. Yəni regionlarda qiymət 5 qəpik daha aşağıdır. Bu gün Bakı, Sumqayıt və Abşeronda suyun 1 kubmetri 35 qəpik, regionlarda isə 30 qəpikdir".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu da Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bu məsələnin Nazirlər Kabineti tərəfindən tənzimləndiyini deyib.

"Azəristiliktəchizat" ASC-dən isə bildirilib ki, bu məsələ qurumda müzakirə olunmur və müzakirəsi də nəzərdə tutulmur.

"Azərenerji" ASC-dən yalnız enerjini istehsal etdiklərini deyiblər. Enerjini abonentlərə satmaq və ya paylamaqla məşğul olmurlar.

Bir sözlə, qurumlar sadəcə xidmət sahəsi olduqlarını və bununla bağlı hökumətin qərarı olacaqsa onu icra edəcəklərini bildiriblər.

162
Teqlər:
güzəşt, pandemiya, cəbhəyanı bölgələr, "Azərenerji" ASC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Azəriqaz", kommunal haqq, kommunal
Əlaqədar
Pandemiya onların da təsərrüfatını vurub - Heç zərərçəkmiş kimi nəzərə alınmayınblar
“İşinizi düzgün görün!” Eldar Əzizov vəzifəli şəxsləri cəzalandırıb
“Azəriqaz” təmas xəttində yaşayanların kommunal problemlərini həll edir
Nazirlikdə müzakirə: Kommunal xidmətlər ilə bağlı yeni qanun gəlir
Kommunal problemlərdən canımız qurtaracaq: Vahid Sistem köməyə gəlir
Restoran, arxiv şəkli

Bu yerlərdə karantin şərtləri kobud şəkildə pozuldu

0
(Yenilənib 12:14 19.09.2020)
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BAKI, 19 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat daxil olub.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda "Bəyaz gecələr kafesi"ndə, "Lider RA" MMC-yə məxsus "Selofan paket istehsalı obyekti"ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda "Qastronom market"də, "Həsən şirniyyat evi"ndə, "Qlobus dəftərxana", "Atlas hovuz inşaat" mağazalarında, Sabunçu rayonunda "İstanbul lahmacun"da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda "Günəşli kafe"də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda "Şah market"də, "Buzov dönər"də, "Nanə restoran"da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe"də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda "Yaz geyim", "Armada elektrik" mağazalarında, "Gilyançay", "Pivbar", "Şah ət" iaşə obyektlərində, Nizami rayonunda "Rahat market"də, "Sirab market"də, "İstanbul lahmacun restoran"da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Firuzə qızıl mağazası"nda, "Hit woman" mağazasında, "Sunset kafe"də, "Palma kafe"də, "Coffee station" iaşə obyektində, "Meh kafe"də, "Dəli Kür kafesi"ndə, "Uğur kafesi"ndə, "Dəniz restoranı"nda, Nəsimi rayonunda "Kafe Praqa"da, "Saraclı kafe"də, Sumqayıt şəhərində "Zirvə restoranı"nda, "Gəmiqaya restoranı"nda, "Tamet istehsalı sexi"ndə, Abşeron rayonunda "Babək kafesi"ndə, "A klub restoranı"nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

0