Azərbaycan manatı, arxiv şəkli

Hər şey baş-ayaq çevrilib: Büdcəmizə yenidən baxmalıyıq, cibimizə

2057
(Yenilənib 12:55 12.04.2020)
Ekspert: "Faktiki olaraq büdcənin azalanan gəlirləri, eyni zamanda əlavə xərc istiqamətləri fonunda büdcənin yenidən strukturlaşması, büdcə qanunun yenidən hazırlanması zərurətə çevrilib. Ona görə də böyük ehtimal yaxın günlərdə büdcəyə yenidən baxılacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Hesablama Palatası büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq: "Pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir. Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonunadək Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq".

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, büdcəyə yenidən baxılması zərurətindən danışıb.

İqtisadçı bildirib ki, burada əsas iki məsələ yeni çağırışlar yaradıb: "Birincisi neftin qiymətinin ucuzlaşmasıdır. Dövlət büdcəsinin gəlirlərinin təxminən 7 faizi məhz neftin qiymətindən birbaşa asılı olaraq formalaşır. Çünki neft sektorundan vergi daxilolmaları burada əsas gəlir mənbəyidir. İndiki şərtlər daxilində büdcənin gəlirlərinin bu hissəsində azalma müşahidə olunacaq. İkincisi isə qeyri-neft sektoruna müvafiq güzəştlər təklif olunur və eyni zamanda karantin tədbirləri qeyri-neft sektorunda daralma yaradacaq, kiçilməyə səbəb olacaq. Bu da öz növbəsində qeyri-neft sektorundan daxil olan büdcə gəlirlərinin azalmasını şərtləndirəcək".

O bildirib ki, bundan başqa, həm sahibkar, həm də vətəndaş üçün pandemiyanın vurduğu zərərin müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb: "Hətta növbəti dövrlərdə ehtimal edilir ki, bu istiqamətdə sərf olunacaq əlavə vəsait mənbələrinə də ehtiyac yaranacaq. Və bu istiqamətdə artıq xərc yükünün mənbələrinin müəyyən edilməsinə ehtiyac var. Nəticədə faktiki olaraq büdcənin azalanan gəlirləri, eyni zamanda əlavə xərc istiqamətləri fonunda büdcənin yenidən strukturlaşması, büdcə qanunun yenidən hazırlanması zərurətə çevrilib. Ona görə də böyük ehtimal yaxın günlərdə büdcəyə yenidən baxılacaq".

"Fikrimcə, daha çox sosial xərclər yönümlü bir mövqe ortaya qoyulacaq. Çünki bu paketin özünün də büdcə qanununa təsiri olacaq. Bir sıra istiqamətlər üzrə xərclərin azaldılmasına qərar veriləcək. Xüsusilə də az əhəmiyyətli xərc istiqamətləri üzrə, o cümlədən infrastruktur layihələri, tədbirlərin maliyyələşdirilməsi, ezamiyyə xərcləri üzrə vəsaitlərin azaldılması gözlənilir" – deyə ekspert əlavə edib.

Qeyd edək ki, bəzi təkliflər ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir: "Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır. Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı "Büdcə sistemi haqqında" qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır. Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq".

Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”

"Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik" – deyə o qeyd edib.

2057
Neft konteynerləri, arxiv şəkli

"Qara qızıl"dan şad xəbər

11
(Yenilənib 10:29 25.09.2020)
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

BAKI, 25 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 40,38 dollara çatıb.

11
Teqlər:
Nyu-Yorkun NYMEX əmtəə birjası, Nyu-Yorkun NYMEX birjası, neft, "Brent" markalı neft, Brent, Londonun ICE birjası, London
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verilib? AKİA rəqəmləri açıqladı

41
(Yenilənib 21:46 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

41
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

0
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

0
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir