ABŞ-da şist sənayesi

"Böyük əzablar": şist sənayesi tənəzzülə doğru gedir

45
Konqres strateji neft ehtiyatını doldurmaq üçün şist şirkətlərindən 77 milyon ton neft almağa yönəlmiş vəsaiti Energetika Nazirliyinə ayırmaqdan imtina edib

BAKI, 30 mart — Sputnik, Maksim Rubçenko. Amerikalı qanunvericilər Prezident Donald Trampın şist sənayesini dəstəkləmək təşəbbüsünü rədd ediblər. İndi bu sahəni yalnız neft müharibəsinin bitməsi xilas edə bilər. Vaşinqton, demək olar ki, Səudiyyə Ərəbistanının hasilatı azaltmağa razılıq verməsinə nail olub. Lakin Moskvanın iştirakı olmadan bazarı sabitləşdirmək mümkün olmayacaq.

Demokratların intiqamı

Konqres strateji neft ehtiyatını doldurmaq üçün şist şirkətlərindən 77 milyon ton neft almağa yönəlmiş vəsaiti Energetika Nazirliyinə ayırmaqdan imtina edib.

Şist şirkətlərinə vəsait ayırmaq təklifi ilə ayın əvvəlində Donald Tramp çıxış edib, ardınca isə Energetika naziri Den Bruyet müvafiq sərəncam verib. Ötən həftə isə ABŞ-ın Energetika Nazirliyi Konqresə müraciət edərək "Amerikanın enerji şirkətlərinə və onların işçilərinə kömək etmək üçün" mümkün qədər tez bir müddətdə pul ayrılmasını təsdiq etməyə çağırıb. Lakin parlamentin aşağı palatasında çoxluğa malik olan demokratlar növbəti dəfə Trampa zərər vurmaq imkanını əldən verməyərək onun təklifinə qarşı çıxıblar.

Prezident isə təslim olmaq niyyətində deyil. "Bloomberg" nəşrinin məlumatına görə, Ağ Ev artıq Energetika Nazirliyinə neft satınalmalarını öz büdcəsindən maliyyələşdirmək göstərişini verib.

"Rapidan Energy Advisors" şirkətinin təsisçisi Bob MakNelli bildirib: "Donald Tramp administrasiyası qətiyyətlə ucuz neft almaq niyyətindədir. Konqresin iştirakı ilə və ya başqa yolla strateji ehtiyatlar artırılacaq. Satınalmaların ən çox zərər çəkmiş kiçik və orta şirkətlərdən həyata keçirilməsi planlaşdırılır".

Lakin analitiklər bunun kömək etməyəcəyini vurğulayırlar. Məsələ burasındadır ki, Amerikanın 714 milyon barel həcmində olan strateji rezervuarlarına artıq 634 milyon barel neft vurulub. Yəni əlavə yalnız 80 milyon barel neft vurmaq olacaq. Deməli, yarım il ərzində sutkada cəmi 450 min barel neft almaq mümkün olacaq.

"Tələbatın azalması ilə müqayisədə bu, çox azdır. Bundan əlavə, satınalmalar hazırda dəyərindən aşağı olan bazar qiyməti ilə aparılacaq. Bunun istehsalçıları necə xilas edəcəyi tamamilə aydın deyil", – enerji üzrə analitik Castin Ceykobs bildirib.

Sənayenin tənəzzülü

Neftçilərin özləri isə artıq heç nəyə ümid bəsləmirlər. "Occidental Petroleum" şirkəti ötən həftə əməkdaşlarına əmək haqqının kəsilməsinə dair xəbərdarlıq məktubu göndərib.

"Aprelin 1-dən sıravi əməkdaşların maaşları 30 faiz, aparıcı menecmentin maaşları isə 68 faiz azalacaq. Şirkətin icraçı direktoru gəlirinin 81 faizindən məhrum olacaq", – məktubda bildirilir.

Digər şirkətlər isə kollektivlərini buraxırlar. Nəhəng neft xidmətləri şirkətlərindən biri olan "Halliburton" Hyuston şəhərində 3500 işçisinin çıxarıldığını bildirib. "Apache" şist neft şirkəti isə mərkəzi ofisin ştatını 85 nəfər azaldacaq.

Hətta əsasən ənənəvi neft hasilatı ilə məşğul olan nəhəng "Exxon Mobil" şirkətinin də ciddi problemləri ortaya çıxıb.

"Misli görünməmiş bazar vəziyyətinə əsaslanaraq biz yaxın perspektivdə kapital və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaq üçün müvafiq addımlar atırıq", — şirkətin Baş direktoru Darren Vuds bildirib.

"Rystad Energy" konsaltinq şirkəti hesabatında yazır: "2015-2016-cı illərdə neftin ucuzlaşmasına səbəb olmuş əvvəlki qiymət müharibəsi bu sənaye sahəsində iş yerlərinin, demək olar ki, 30 faiz azalmasına gətirib çıxarmışdı. Hazırda isə neft sənayesi koronavirus epidemiyasının əlavə təsiri ilə üzləşir".

Nəticədə, hər üçüncü amerikalı neftçi ilin sonuna qədər öz işini itirəcək.

"Hazırkı qiymətlərlə Amerika Birləşmiş Ştatlarında şist neftinin hasilatı əhəmiyyətli dərəcədə aşağı düşəcək, buna heç bir şübhə yoxdur", – Beynəlxalq Energetika Agentliyinin İcraçı direktoru Fatih Birol deyib. O əlavə edib ki, Amerikanın neft sənayesini "böyük əzablar" gözləyir.

Texas Texniki Universitetinin neft-qaz sahəsi üzrə professoru Marşal Uotson isə qısaca qeyd edir: "Şist sənayesi dağılacaq".

Risklər böyüyür

Şist hasilatçılarını yalnız OPEC-in Rusiya ilə neft müharibəsinin bitməsi xilas edə bilər. Çoxsaylı ABŞ sanksiyalarından sonra Vaşinqtonla Moskva arasında bu mövzuda heç bir konstruktiv dialoq mümkün olmadığından, Tramp administrasiyası diqqətini Səudiyyə Ərəbistanına yönəldib.

Ötən bazar ertəsi ABŞ-ın Energetika naziri Den Bruyet bildirib ki, Vaşinqton neftin "bir neçə onillik ərzində ucuzlaşmasından sonra qiymətlərin sabitləşməsi üçün" Səudiyyə Ərəbistanı ilə neft alyansının yaradılması imkanını nəzərdən keçirir. Aydındır ki, Vaşinqtonun əsas şərti kotirovkaların düşməsinin dayanması, yəni ərəblər tərəfindən neft hasilatının azaldılmasıdır.

Çərşənbə axşamı "Politico" jurnalı Donald Trampın Səudiyyə şahzadəsi Məhəmməd bin Salmana zəng etdiyinə dair xəbər yayıb. Məlumata görə, Tramp vəliəhd şahzadədən amerikalı neftçilərə zərər vurmamağı tələb edib. Ötən çərşənbə günü Məhəmməd bin Salmana ABŞ Dövlət katibi Mayk Pompeo da zəng edib və "dünyanın enerji bazarlarında sabitliyi dəstəkləməyin vacibliyini" xatırladıb.

"Bloomberg" agentliyi isə Pompeonun Səudiyyə şahzadəsi ilə bu söhbətini "Səudiyyə Ərəbistanı və Rusiya arasındakı qiymət müharibəsinə ABŞ-ın birbaşa müdaxiləsi" adlandırıb.

Son sözü Rusiya deyəcək

Ekspertlər əmindirlər ki, sonda Səudiyyə Ərəbistanı güzəştə getməyə məcbur olacaq. Məsələ heç də yalnız Vaşinqtonun Ər-Riyada təzyiq rıçaqlarına malik olmasında deyil: konqresmenlər artıq dəfələrlə Səudiyyə Ərəbistanına qarşı sanksiya məsələsini qaldırıblar — jurnalist Qaşıqçının öldürülməsinə, Yəməndəki müharibəyə, nüvə proqramının həddindən artıq fəal inkişafına görə.

Bu arada "The Wall Street Journal" mənbələrə istinadən yazır ki, Ər-Riyad neft alıcılarının axtarışında çətinliklər çəkir: ABŞ və Avropadakı neft emalı zavodları hətta dempinqə baxmayaraq, əlavə neft almaqdan imtina edirlər.

Bundan başqa, Səudiyyə Ərəbistanının Moskvaya qarşı planlarını faktiki olaraq Pekin pozub: Almaniyanın "WirtschaftsWoche" nəşri xəbər verir ki, mart ayında Çin Rusiyadan rekord həcmdə — 1,6 milyon ton neft alıb.

Odur ki, artıq dövlət büdcəsini kəsmiş Səudiyyə Ərəbistanının sadəcə çıxış yolu yoxdur. Elə Ər-Riyad da kursunu dəyişməyə hazırlaşır: Qərb mediasının Səudiyyə məmurlarına istinadən verdiyi məlumata görə, OPEC-in iyun iclasında neft hasilatının sutkada 6 milyon barel azaldılması müzakirə olunacaq (martda söhbət sutkada 3,6 milyon bareldən gedirdi).

Lakin bütün bunların Rusiya olmadan mənası yoxdur. Və indi əsas məsələ Ər-Riyad və Vaşinqtonun neft müharibəsinin başa çatması müqabilində Moskvaya nə təklif edəcəklərindən ibarətdir.

45
Azərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli

Azərbaycan Mərkəzi Bankı açıqlama yaydı: Məlumat təhrif olunub

24
(Yenilənib 20:54 01.06.2020)
AMB: "Mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb".

BAKI, 1 iyun - Sputnik. "Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, 01.06.2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilib".

Azərbaycan Mərkəzi Bankından Sputnik Azərbaycan-ın ünvanına göndərilmiş açıqlamada belə deyilir.

Açıqlamada daha sonra bildirilir: "Bildiririk ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunub.

Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir".

24
Daş plitələrdə Bank yazısı, arxiv şəkli

Azərbaycanda iki banka kənar audit hesabatını açıqlamaq üçün vaxt verilib

268
(Yenilənib 09:38 02.06.2020)
Azərbaycan Mərkəzi Bankı 2 sığorta şirkətini nəzarətə götürüb və 2 banka kapitalın yaxşılaşdırılması üçün möhlət verib.

BAKI, 1 iyun - Sputnik. "Access Bank" və "Rabitəbank" audit hesabatlarının açıqlanmasına dair işləri hələ ki yekunlaşdıra bilməyib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, buna səbəb koronavirus (COVID-19) pandemiyasının yayılmasıdır: "Odur ki, həmin banklara 1 ay vaxt verilib”.

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olan 2 sığorta şirkətini nəzarətə götürüb.

Bunu da AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin şirkətlər “Amrah Sığorta” və “Rəvan Sığorta”dır. Onlara kapitalı artırmaq üçün 1 ay vaxt verilib”, - o qeyd edib. 

268
Вид на Баку

Otuz yeddinin Bakısı. Onlar xoşbəxt idilərmi? - VİDEO

0
1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb

BAKI, 2 iyun — Sputnik. Azərbaycan tarixini özündə əks etdirən unikal kadrlar yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, videomaterial Azərbaycan Kinematoqrafçılar İttifaqının “Youtube” kanalında paylaşılıb.

1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb: “1937-ci ilin Bakısı. Stalin repressiyalarının pik zamanında paytaxtımız... Bulvarda gəzinti, Dağüstü park, hərbi parad, it sərgisi, qayğısız sakinlər...”

Qeyd edək ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət olub.

0