Bazarda meyvə-tərəvəz satışı, arxiv şəkli

Qapıları bağladıq, yeyəcəyik?

922
(Yenilənib 21:54 29.02.2020)
F.Fikrətzadə: "İrandan 45 milyon dollarlıq idxalın 30 faizi kartofun payına düşür. İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. Son vaxtlar İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, DGK-nın məlumatına görə, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır.

Bu gün saat 16:00-dan etibarən isə iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Qeyd edək ki, hazırda İrandan ölkəmizə gətirilən kənd təsərrüfatı və ərzaq məhsullarına qadağa qoyulmayıb. Əgər qadağa olarsa, bunun bizə təsirləri ola bilərmi?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2019-cu ildə Azərbaycan İrandan 45 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib: "Nəzərə alaq ki, 2019-cu ildə Azərbaycanın ümumi kənd təsərrüfatı və ərzaq məhsulları idxalı 1,9 milyard dollar olub və bunun da cəmi 45 milyon dolları İranın payına düşür. Ötən il İrandan ölkəmizə gələn məhsulların əsas hissəsini – 30 faizini kartof təşkil edib. İdxalın 9 faizini xurma, 6 faizini peçenyelər, 6 faizini şəkərdən hazırlanan digər qənnadı məmulatları, 5 faizini təzə və ya qurudulmuş portağal və s. təşkil edib".

"İrandan idxala hər hansı bir məhdudiyyət qoyulsa, bunun bizim kənd təsərrüfatı və ərzaq bazarına ciddi təsirinin olacağını düşünmürük. Çünki ötən il İrandan bizə cəmi 54 min ton kartof gətirilib. Onu da nəzərə almaq lazımdır ki, artıq yaz mövsümündən başlayaraq bizim öz yerli kartofumuz çıxır. İndi İrandan bizə hətta kartof gəlməsə belə, bu, bazarda hər hansı bir qeyri-müəyyənlik yaratmayacaq. Çünki onsuz da bizdə bu mövsüm kartof idxalının olmadığı dövrdür. Bir də növbəti ilin qışında İrandan 40-50 min ton kartof idxalı ola bilər", - deyə o qeyd edib.

F.Fikrətzadə bildirib ki, İrandan 45 milyon dollarlıq idxalın 30 faizi kartofun payına düşür: "İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır. Artıq kartofun da idxal mövsümü başa çatıb, yəni nə qədər idxal edilibsə, olub, başa çatıb. İrandan kartof bir müddət gəlməsə belə, problem olmayacaq. 45 milyon dollarlıq idxalın ümumi 1,9 milyardlıq idxalın müqabilində elə də ciddi təsirinin olacağını gözləmirəm".

Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, İrandan gələn məhsullara qadağa qoyulsa, bunun ölkəmizdə qiymətə təsiri mümkündür: "Çünki Azərbaycanda daxili bazarın idxaldan asılılıq səviyyəsi yüksəkdir. Eyni zamanda yerli istehsal baxımından kənd təsərrüfatında irəliləyişlər olsa da ixrac istehsaldakı artımı üstələyir və faktiki olaraq yerli məhsullar daha çox ixrac olunur. Və onların ixrac bazarlarına çıxarılması daxili bazarda İran və Türkiyə məhsullarının çoxalmasına səbəb olur. İran və Türkiyədən bir çox istiqamətlər üzrə idxal olunan məhsullarda qiymətlər münasibdir. Əgər idxala qadağa qoyulsa, bu, daxili bazarda qiymət artımına səbəb olacaq".

"Bunun qarşısını almaq üçün idxalın əvəzolunması siyasəti fəal şəkildə həyata keçirilməli və ilk növbədə daxili bazarı yerli məhsullarla təmin etməliyik. Çünki əksər hallarda yerlərdə məhsulları fermerlərdən çox ucuz qiymətə alıb ixraca aparan vasitəçilər öz mənfəətlərini artırırlar. Nəticədə nə istehsalçı, nə də istehlakçı qazanır. Burada vasitəçilər qazanırlar. Bunun qarşısı alınmalı, daxili bazar qorunmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2019-cu ildə Azərbaycanın İrandan cəmi idxal həcmi 452.7 milyon ABŞ dolları, İrana cəmi ixrac həcmi isə 41.1 milyon ABŞ dolları olub. Azərbaycanın İrandan cəmi idxalının 33.4%-ni "Təbii qaz, qaz halında", 7.2%-ni "Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen", 3.6%-ni "Döşəmə və divarlar üçün su udma əmsalı 0,5 kütlə %-dən çox olmayan, lakin 10 kütlə%-dən çox olmayan keramikadan minalanmamış üzlük plitələr", 2.9%-ni "Kartof, təzə və ya soyudulmuş, digərləri" təşkil edib.

Azərbaycanın İrana cəmi ixracının 32.6%-ni "Təbii qaz, qaz halında", 31.5%-ni "Pambıq lifi, daranmaya məruz qalmamış", 9.8%-ni "Ətriyyat və əczaçılıqda işlənən digər bitkilər", 6.1%-ni "Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar" təşkil edib.

2019-cu ildə kənd təsərrüfatı və emalı məhsulları üzrə Azərbaycanın İrana ixracı 22.7 milyon ABŞ dolları olub. Bunun 56.9%-ni "Pambıq lifi, daranmaya məruz qalmamış", 17.7%-ni "Ətriyyat və əczaçılıqda işlənən digər bitkilər", 10.1%-ni "Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar", 3.6%-ni "Alma, təzə", 1.9%-ni "Xam ipək (eşilməmiş)" təşkil edib.

922
Əlaqədar
Ağdaşda huşunu itirən iranlı barədə rəsmi açıqlama verildi
Professor koronavirusun Azərbaycan-İran iqtisadi əlaqələrinə təsirlərindən danışır
Qonşu ölkədə çaş-başlıq: koronaviruslu xəstələrə görə xəstəxanaya od vurdular - VİDEO
Nə yeyəcəyinizi bilin: qida zənbilimizin tərkibi və normaları açıqlandı
Yeni həmlə: ölənlərin sayı durmadan artır
Yemək yeyən insanlar, arxiv şəkli

İaşə obyektlərində reyd: sıxlığa da əməl etməyiblər

0
(Yenilənib 22:30 27.10.2020)
Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 27 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur. AQTA-dan Sputnik Azərabycan-a verilən məlumata görə, agentlik tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 25-26 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

0
Məmur portfeli, arxiv şəkli

Ölkəmizə iki bəla birdən gəlib: sahibkarlar çıxış yolu axtarırlar

50
(Yenilənib 21:43 27.10.2020)
"Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sputnik Azərbaycan xəbər verir ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur.

Bəs dəymiş ziyan necə və hansı formada kompensasiya edilə bilər?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a dəymiş ziyanın kompensasiya edilməsi məsələlərindən danışıb.

İqtisadçı deyib ki, bizdə aqrar sahədə sığorta işi güclü inkişaf etməyib: "Risklər çox olduğu üçün sığorta şirkətləri aqrar sahəyə maraq göstərmirlər. Ona görə də istənilən halda dəymiş ziyanın ödənilməsi ilə bağlı xüsusi dövlət proqramına və yaxud da xüsusi dövlət yanaşmasına ehtiyac yaranacaq. Yəni sığorta şirkətlərinin bu işdə iştirakı mümkün deyilsə, istər-istəməz dövlətin buna müdaxiləsinə və müəyyən proqramların qəbuluna ehtiyac var".

O bildirib ki, ilkin olaraq müstəqil komissiya tərəfindən dəymiş ziyan hesablanmalıdır: "Bundan sonra dəymiş ziyanın aradan qaldırılması üçün kompensasiyaların ödənilməsi mümkündür. Fermerlərə kompensasiya nağd puldan əlavə, kənd təsərrüfatı texnikası, gübrə, toxum, yanacaq və digər şəkildə də verilə bilər. Amma hər bir halda dövlətin xüsusi proqramına, yanaşmasına ehtiyac var. Çünki kənd təsərrüfatı sahəsində hansısa vergi güzəştinin tətbiqi effektsiz olacaq. Kənd təsərrüfatında, demək olar ki, vergi öhdəliyi, vergi yükü yox dərəcəsindədir".

"Ona görə də onların gələcək fəaliyyətinə yönələn hansısa təşviqin, güzəştin olmasındansa, indi, bu gün güzəştlərin, təşviq və yaxud da dəstək proqramının olması daha yaxşı olardı. İlk növbədə Nazirlər Kabineti dəymiş ziyanın hesablanması ilə bağlı xüsusi komissiya yarada bilər. Dəymiş ziyanın kompensasiya edilməsi üçün dövlətin kifayət qədər imkanları var. Kompensasiya nağd pul və ya aqrar sahədə çalışanların maddi-texniki bazasının yaxşılaşdırılması formasında da ola bilər", - deyə o qeyd edib.

Ziyan çəkmiş sahibkarların kredit məsələsindən danışan ekspert bildirib ki, kreditlərlə bağlı geniş bir yanaşmaya ehtiyac yaranacaq: "Çünki əks-hücum əməliyyatları və münaqişə bölgəsindən əlavə, pandemiyadan da zərər çəkən sahələr var. Pandemiyadan zərərçəkən sahələrdə kreditlərin ödənilməsində problemlər yaşanır. Aqrar sahəyə isə xüsusi diqqət lazımdır. Çünki aqrar sahənin kreditləşməsi sənayenin və yaxud da kommersiya fəaliyyətinin kreditləşməsindən ciddi şəkildə fərqlənir. Kənd təsərrüfatında kreditləşmənin uzun müddətli və aşağı faizli olması vacibdir".

"Aqrar sektorda elə sahələr var ki, qoyulmuş sərmayələr bir neçə ildən sonra gəlirə çıxış imkanları yaradır. Və kreditlərin bu illər ərzində hesablanması əlavə yükdür və fermerlər, iş adamları bu yükün altına girmək istəmirlər. Ona görə də xüsusi bir kredit amnistiyası proqramının hazırlanmasına ehtiyac var. Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var. Bu kredit siyasəti də əsasən uzun müddətli və aşağı faizli kreditlərə hesablanmış siyasət olmalıdır", - deyə ekspert əlavə edib.

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək>>

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Ötən müddət ərzində cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər.

İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.10.2020-ci il tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib. Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib.

Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1.822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarların yanındadır.

Qeyd edək ki, bundan başqa, KOBİA Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşlərini davam etdirir.

Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün Dövlət Vergi Xidmətinin, KOBİA-nın məsul əməkdaşları Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar. Füzuli, Beyləqan və Ağcabədi rayonlarından olan sahibkarlarla görüşlər keçirilib. Bundan öncə isə Gəncə şəhərində və Bərdə rayonunda zərər çəkmiş sahibkarlarla görüş keçirilib, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olunub. Dəymiş zərərin yerində öyrənilməsi məqsədilə KOBİA nümayəndələri digər şəhər və rayonlara da səfər edəcəklər.

Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarın yanındadır. Odur ki, KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, info@smb.gov.az elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının "Əlaqə" bölməsi vasitəsilə müraciət edə bilərlər.

50
Teqlər:
aqrar sahə, güzəşt, vergi, kredit, müharibə, pandemiya, biznes, sahibkarlıq fəaliyyəti
Əlaqədar
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır" - Nazir müavini
Uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı sahibkarlar üçün təlimlər keçirilib
Dövlət başçısı: "Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq"
Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”
Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcək