Pomidor yığımı, arxiv şəkli

Sovet vaxtı "öləni" indi diriltmək məcburiyyətindəyik: o yoxdursa, pul da yoxdur

929
(Yenilənib 21:57 23.02.2020)
"Təxminən 132 adda kənd təsərrüfatı məhsulu var və bunların standartlarını yaratmaq üçün vaxt lazımdır. Əgər fəal iş aparılsa, 2021-ci ildən standartları qəbul etmək olar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Kənd təsərrüfatı məhsullarının milli standartlarının yaradılması ilə bağlı ilkin müzakirə təşkil edilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüşü keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları iştirak ediblər. Müzakirənin sonunda milli standartların hazırlanması ilə bağlı Texniki Komitənin təsis olunması, eləcə də institutlar üzrə alt komitələrin yaradılması qərara alınıb.

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında milli standartların hazırlanması məsələsini şərh edib.

O bildirib ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların olmaması ixracda problemdir:

"Məsələn, xarici bazara şərab məhsulu satırsansa, standartını istəyirlər, yəni məhsulun tərkibində turşuluq, zülal neçə faizdir və s. Və yaxud buğda dəninin standartları var. Vaxtilə Sovet dövründə bu sahədə dövlət standartları (ГОСТ) olub. Amma bunlar həmin dövr üçün idi. İndi toxum sortları, cinslər dəyişib və s.".

Onun sözlərinə görə, məsələn, Rusiyaya alma və yaxud tərəvəz məhsulları ixrac ediriksə, onun standartlarını istəyirlər: "Yaxud Çindən tinglər gətiririk, amma tut tinginin standartı (kökü neçə santimetr olmalıdır və s.) olmalıdır. Fermer gedir, qüvvəli yem alır, heyvanına verir, amma onun müqabilində süd ala bilmir. Yem standartı olmayanda fabrik özünə sərf edən formada yem istehsal edə bilir".

"Pomidorun standartı (tərkibi, xarici görkəmi necədir və s.) olmalıdır. Məsələn, standartda yazılır ki, 1 kiloqram pomidor əldə etmək üçün bu qədər pestisid yükü olmalıdır", - deyə o qeyd edib.

O bildirib ki, indi bu standartların hazırlanması üçün iş aparılır: "Standartları hər bir ölkə özü yaradır. Standart bütün prosesləri (idxal, ixrac və s.) özündə ehtiva edir. Təxminən 132 adda kənd təsərrüfatı məhsulu var və bunların standartlarını yaratmaq üçün vaxt lazımdır. Əgər fəal iş aparılsa, 2021-ci ildən standartları qəbul etmək olar. Məsələn, Türkiyədə bu standartlar var və tez-tez də onu modernləşdirirlər. Bu, Türkiyədə elmi bir istiqamət kimi götürülür, standartlar üzrə professorlar var".

Qeyd edək ki, elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə keçirilən işgüzar görüşündə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev bildiriblər ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq üçün milli standartların müəyyən olunması vacib addımlardan biridir. Bu standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsini təmin edir. Qarşılıqlı müzakirədə vurğulanıb ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub.

929
Əlaqədar
Azərbaycanda yerli qida növləri üzrə assosiasiya yaradılır
Qiymət artacaq – Pulunuzu havaya buraxmaqdan imtinanın vaxtıdır
Fürsətə qəfil yaxalandıq - cibimiz dolub, mədəmiz boşala bilər
Zavallı "Pekin ördəyi", dili olsa, sizdənəm deyər və ya Çin restoranları qorxuludurmu?
Qida "möcüzəsi" - boşqabımızdakı mal əti keçmiş həyatında at, donuz, toyuq olub
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşdı

32
(Yenilənib 11:00 28.10.2020)
"Brent" markalı neftin qiyməti isə 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,05 dollar artaraq 41,52 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

32
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

188
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

188
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

0
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

0