Neft buruğunun şəkli, arxiv şəkli

"Neftin pulundan mənə nə?" fikirləşməyin, bir aya bazar çökə bilər

1111
(Yenilənib 18:10 05.02.2020)
"Çindən Avropayadək dəmiryol xəttini Rusiya bağlayıb, yəni Çindən gələn malları buraxmır. Belə davam etsə, xırda ticarət obyektlərimiz 1 aydan sonra nə satacaqlar?"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" koronavirus daha da yayılarsa, qlobal neft tələbatının azala biləcəyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, agentliyin məlumatına görə, koronavirus daha da yayılarsa, neft tələbatı azalar, bu, Braziliya, Norveç və ABŞ kimi istehsal profisiti olan ölkələrdə hasilatın daha da artmasına səbəb ola bilər. Artıq hasilatın təsirləri isə koronavirus epidemiyasının nə qədər davam edəcəyindən və "OPEC+" ölkələrinin istehsal səviyyələrini yenidən tənzimləmək imkanlarından asılı olacaq. 2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi proseslər fonunda neftin qiymətinin dəyişkən olacağı gözlənilir.

Birja, arxiv şəkli
© AP Photo / Mark Lennihan

Qeyd edək ki, koronavirus epidemiyasının neftə olan tələbi azaldacağı narahatlığı neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Bir çox maliyyə qurumları və analitiklər koronavirus epidemiyasının neftin qiymətlərinə ciddi təsir etdiyini deyirlər. Yanvar ayında dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir. Neft tədarükünü azaltmaqdan başqa bir həll yolu tapa bilməyən kartel bu siyasətini davam etdirməyi müzakirə edir.

Koronavirus epidemiyası daha da yayılarsa, neftin qiyməti necə olacaq?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

Professor bildirib ki, hazırda dünya iqtisadiyyatında 2008-2015-ci illərdəkinə oxşar tənəzzül, böhran başlayıb: "Çox ölkələr sərhədləri bağlayırlar. Çindən Avropayadək dəmiryol xəttini Rusiya bağlayıb, yəni Çindən gələn malları buraxmır. Belə davam etsə, xırda ticarət obyektlərimiz 1 aydan sonra nə satacaqlar? Hasil edilən neft məhsullarının 70 faizi yanacağa gedir. Tələb kəskin şəkildə azalmağa başlayıb. Tələb azalanda qiymətlər aşağı düşməyə başlayacaq. Satıcıların sayı çoxdur, neftin həcmi çoxdur, ancaq tələb azalır".

"Koronavirus epidemiyasına qarşı dərman tapılmasa, neftin qiyməti aşağı düşməyə davam edəcək. Qiymətlər 40 dollaradək və ondan aşağı da düşə bilər. Əgər epidemiyanın müalicəsi tapılsa, tələbat artacaq, neftin qiymətləri sabitləşə, hətta arta bilər", - deyə professor qeyd edib.

Onun sözlərinə görə, "OPEC+" neft hasilatını daha da azaltsa, bu, sadəcə qiymətlərin aşağı düşmə sürətini azalda bilər: "Hər ölkədə neft hasilatının maya dəyəri fərqlidir. Neftin qiymətinin ucuzlaşması ABŞ-a da sərf etmir. Çünki ABŞ-da neftin hasilatı daha baha başa gəlir. Əksinə, qiymətlərin bahalaşması ABŞ üçün sərfəlidir. Heç bir neft hasil edən ölkə qiymətlərin düşməsində maraqlı deyil".

"Təbii qazın da qiymətləri düşməyə başlayacaq, çünki qlobal istiləşmə baş verir, yəni qaza da tələbat azalır. Tələb azalırsa, qiymətlər aşağı düşməyə başlayır", - deyə o əlavə edib.

Qeyd edək ki, Çinin xam neftə olan tələbatının 20% azaldığı bildirilir. Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinin iqtisadiyyatına mənfi təsir edən koronavirus ölkənin neft tələbatını da azaldıb. Çinin neft tələbatı gündəlik 3 milyon barel geriləyib. Bu göstərici Çinin ümumi istehlakının 20%-nə bərabərdir. Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından indiyədək ən böyük tələb geriləməsi və ABŞ-dakı 11 sentyabr hadisələrindən bəri istehlakda ən qəfil azalmadır.

Çin 2016-cı ildə ABŞ-ı üstələyərək dünyanın ən böyük neft idxalçısı olub. Çinin neft istehlakındakı hər hansı bir dəyişiklik qlobal enerji bazarına da ciddi təsir göstərir.

1111
Əlaqədar
Çindən gələn məhsullarda koronavirus təhlükəsi - Əşyalar da yoxlanılmalıdır
Çindən məhsul idxalına qadağa – Bəlasını yenə biz çəkəcəyik
Necə edək ki, Çindən gələnlər uşaqlarımızı məhv etməsinlər
Gözəllik ondur, doqquzu Çindən gəlib - təhlükəni kosmetikada, yoxsa kosmetoloqda axtaraq?
Koronavirusun Azərbaycan iqtisadiyyatına müsbət təsiri aşkarlanıb
Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə, arxiv şəkli

Kreditlərlə bağlı təklif hələ aktualdır - bank zərər görəcək, müştəri

192
(Yenilənib 20:23 11.07.2020)
Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə ay öncə Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Bu qərara görə, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu tədbir nəticəsində 1.1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Lakin kreditlərin üst-üstə daha da yığılması növbəti, payız aylarında onun ödənilməsini daha da çətinləşdirəcək. Bəs vəziyyətdən çıxış yolu olaraq nə etmək olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırkı vəziyyəti şərh edərək atılması vacib addımlardan söz açıb: "Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır. Lakin bununla bağlı biz çox dərindən düşünülmüş, problemi dərindən önləyə biləcək addımları görə bilmədik. Bildiyiniz kimi, ipoteka kreditləri ilə bağlı o qədər də nəzərə çarpmayan güzəştlər var. Çünki bu aylarda yığılan vəsaitlərin bir hissəsini sonradan artıqlaması ilə qaytarmalı olacaqlar".

“Bundan başqa fəaliyyətinə qadağa qoyulan özəl sektorlarda çalışan iş adamlarının götürdükləri kreditlərin faiz dərəcələrinin yarısını ödəməyi hökumət üzərinə götürüb. Onların gəlirləri yoxdursa, kreditlərinin yerdə qalan faizini belə ödəyə bilməyəcək. Problem dərinliyinədək ölçülmədi, adekvat addımlar atılmadı və bunun nəticəsi olaraq da payız aylarında problemli kreditlərin həcmində ciddi artımların olma ehtimalı var. Bu zaman da bank sektorunda müəyyən dalğaların, problemlərin yaşanması ehtimalı yarana bilər", - deyə N.Cəfərli əlavə edib.

Ekspert bildirib ki, indiki vəziyyətdə müəyyən qabaqlayıcı tədbirlə görülsə, payız aylarında vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, başqa ölkələrdə faiz dərəcələrinin dondurulması üçün müxtəlif təcrübələr olub: "Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür. 

Biz bununla bağlı təklif də irəli sürmüşük. Yəni, bu ilin sonunadək özəl sektora faizlərin hesablanması dondurula bilərdi. Əslində belə bir qərarın verilməsi hələ də gec deyil".

"Banklarla dəymiş ziyanın qarşısını almaq üçün xüsusi bir proqram hazırlana bilərdi. Təbii ki, banklar belə olan halda ciddi ziyan görəcəklər. Bu ziyanı qarşılamaq üçün dövlət bütün banklardan vergi ödənişlərini dondura bilər. Yəni bütün vergilərin bağışlanmasına gedilər. Bununla yanaşı, bank sektoruna  Mərkəzi Bank tərəfindən 0 faizlə 1 illik kredit xətti açıla bilərdi. 1  illik kredit xətti 0 faiz olduğundan, gələn ilin əvvəlindən 0 faizlə olan kreditləri istehlakçılara və biznesə daha yüksək - 14, 15, 16% ilə verməklə banklar itkilərini artıqlaması ilə geri ala bilərdilər. Lakin təəssüflər olsun ki, təklifimiz hələ dəyərləndirilməyib Amma hələ də gec deyil", - deyə ekspert əlavə edib.

192
Mərkəzi Bank

Mərkəzi Bank bağlanmış banklarda əmanətlər ilə bağlı açıqlama yayıb

6
(Yenilənib 15:57 11.07.2020)
15 iyul 2020-ci il tarixindən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək

BAKI, 11 iyul — Sputnik. Məlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici təyin edilib.

 Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Bağlanmış banklar üzrə ödhəliklərin reyestri ƏSF-yə ötürülüb. Qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasənqorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində"Atabank" ASC və "Amrahbank" ASC üzrə "Kapitalbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC üzrə isə "Azərbaycan Beynəlxalq Bankı" ASC seçilib.

1 iyun 2020-ci il tarixindən etibarən "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

16 iyun 2020-ci il tarixindən başlayaraq "AG Bank" ASC və "NBC Bank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb, 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.

Ümumilikdə indiyədək 12.9 min əmanətçiyə 229.7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib.

Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSF banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 dekabr 2018-ci il tarixində tətbiq etdiyi təshih tədbiri pozularaq "NBC Bank" ASC tərəfindən qorunan əmanətlərin həcminin əhəmiyyətli məbləğdə artırılması faktı Mərkəzi Bank tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilib. Bununla əlaqədar, 27 yanvar 2020-ci il tarixində fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq edilib. 

Lakin, "NBC Bank" ASC tərəfindən əlavə təshih tədbirinə də riayət edilməyib, Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verilib və bu faktlar Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunub. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülüb.

"Ata Bank" ASC üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri aralığında qüvvədə olub. Ləğvetmə prosesində ƏSF tərəfindən müəyyən olunub ki, bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılıb.

10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "AG Bank" ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunub. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olub. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı "AG Bank" ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılıb. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilib və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb.

Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinib. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış "Dəmirbank" ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilib. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlayıb və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilib.

"Dəmirbank" ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılıb.

Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

6
Ada, arxiv şəkli

Gəl ay müştəri! Şotlandiyada mənzil qiymətinə ada satılır

0
(Yenilənib 21:32 11.07.2020)
20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Bura tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

BAKI, 11 iyul — Sputnik. Şotlandiyada İnçkonnakan (Inchconnachan) adlı yaşayış olmayan ada satışa çıxarılıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, ada 500 min funt sterlinqə (1 milyon manata), yəni Londonda mənzil qiymətinə təklif edilir.

Ada Lomond gölünün mərkəzində yerləşir. Onun qalın bitki örtüyü ilə əhatə olunan ərazinin sahəsi 42 hektardır. 20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Beləliklə, bu, tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

Adada 1920-ci illərdə tikilmiş kiçik bir taxta ev də var. Bina təmir edilə bilmədiyi üçün, onun sökülməsinə və beş yataq otağı olan yeni bir evin tikintisinə razılıq verilib. Bundan əlavə, adada kiçik bir daxma, qayıq stansiyası və qayıqların yan alması üçün körpü tikmək planlaşdırılır.

0