Manat, arxiv şəkli

Fərqli yanaşma uzaqda deyil: Özəlləşmə prosesində ciddi yeniliklər olacaq

655
(Yenilənib 15:30 26.01.2020)
Ekspert: "Özəlləşdirmə diferensial olmalıdır. Əgər dövlət müəssisəsi effektiv işləyirsə, onun özəlləşdirməyə ehtiyac yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda baş verən yeni iqtisadi proseslər, o cümlədən iqtisadiyyatda dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsndə özəlləşdirmə siyasətinə də yenidən baxılması gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir: "Bu sənəd hazırlanıb digər qurumlarla razılaşdırılandan sonra dövlət başçısına təqdim ediləcək. Özəlləşdirmədə digər yenilik konseptual yanaşmada olacaq. Artıq indiyədək özəlləşdirməyə açılmış müəssisələrin vəziyyətinə baxaraq onların özəlləşdirilmə perspektivləri yenidən qiymətəndirilməli, yanaşmalar yenidən təhlil edilməlidir. Bu sahədə nəzərdə tutulan digər tədbir geniş özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlaklarının istifadəsinin səmərəliliyinin araşdırılması olacaq. Onların yaradılmasından kifayət qədər müddət keçib və bu müddət imkan verir ki, biz bu əmlaklarının səmərəliliyini qiymətəndirək və bununla bağlı təkliflər hazırlayaq".

Qeyd edək ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna görə, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.

Ekspertlər özəlləşdirmə siyasətinə yenidən baxılması məsələsinə münasibət bildiriblər.

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi qaydaları dəyişdi

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, özəlləşdirmə siyasətinə mütləq yenidən baxılmalıdır: "Özəlləşdirmənin birinci şərti şəffaflıqdır, açıqlıqdır. İkincisi, ilkin qiymətlərin dəqiq müəyyən edilməsidir. Üçüncüsü, özəlləşdirməyə çıxarılan müəssisələrin bütün sənədlərinin əvvəldən ortaya qoyulmasıdır. Özəlləşdirilən müəssisəyə dərhal daşınmaz əmlakın reyestrindən çıxarış verilməlidir. Yəni müəssisə özəlləşdirilirsə, əvvəlcədən bütün sənədləri təqdim edilməlidir, süründürməçilik halları olmamalıdır. Özəlləşdirmə olanda iqtisadi artım olur, müəssisələr daha effektiv fəaliyyət göstərir, dövlət büdcəsinə vəsait daxil olur".

O bildirib ki, dövlət ancaq iqtisadiyyatı tənzimləməlidir: "Müəssisələr isə bazar iqtisadiyyatına uyğun fəaliyyət göstərməlidirlər. Bəzi müəssisələr dövlətin inhisarında qala bilər. Digərlərinin isə dövlətin əlində qalmasına ehtiyac yoxdur. Özəlləşdirmənin səmərəliliyi üçün korporativ hüququn inkişafı da lazımdır. Yəni ola bilər iri dövlət müəssisəsi özəlləşdirməyə çıxarılsın, amma tək bir şəxs onu ala bilməsin. Lakin bir neçə sahibkar birləşib iri müəssisəni ala bilər. Ölkəmizdə korporativ hüquq zəifdir və bu istiqamətdə qanunvericilikdə boşluq var. Korporativ hüququ inkişaf etdirmək lazımdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, özəlləşdirmə diferensial olmalıdır: "Özəlləşdirmə hər bir halda universal çıxış yolu hesab oluna bilməz. Əgər dövlət müəssisəsi effektiv işləyirsə, onun özəlləşdirməyə ehtiyac yoxdur. Yox, əgər dövlət müəssisəsi bazar iqtisadiyyatının inkişafına mane olursa, effektiv fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirməyə getmək lazımdır. Əgər özəlləşdirmə müəssisənin effektivliyini artıracaqsa, buna getmək olar. Təəssüf ki, postsovet məkanının özəlləşdirmə təcrübəsi onu deməyə əsas verir ki, əksər hallarda müəssisələrin fəaliyyəti özəlləşdirmədən sonra dəfələrlə daha az effektivlik göstərib. Ona görə də özəlləşdirmə prosesi elmi cəhətdən əsaslandırılmış olmalıdır".

Ekspert bildirib ki, bu, həyata keçirilərkən müəssisələrin, böyük istehsal birliklərinin, təsərrüfat qurumlarının hissələrə bölünüb özəlləşdirilməsi və bununla da faktiki olaraq bütün istehsal zəncirinin pozulması yolverilməzdir: "Çünki postsovet məkanında, o cümlədən Azərbaycanda böyük elmi istehsal birlikləri hissələrə bölünərək özəlləşdirildi və nəticədə yüksək əlavə dəyər tutumlu istehsal əvəzinə ticarət müəssisələrinin, şadlıq saraylarının tikintisinin şahidi olduq. Faktiki olaraq bu, milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinə, sənayeləşməyə ciddi zərər vurdu. Əgər özəlləşdirmə ilə bağlı yeni dalğa başlasa, mütləq bunları nəzərə almaq lazımdır".

655