Pulun sayılması, arxiv şəkli

Biznesi xilas edə bilərik Kredit zəmanətin aşağı həddi ilə bağlı təklif var

403
(Yenilənib 17:41 17.01.2020)
Ekspert: "Zəmanətin aşağı həddinin 15 min manat olması mikro və kiçik sahibkarın daha çox borclanmasına gətirib çıxarda bilər. İndiki halda mikro və kiçik biznesə başlamaq üçün təxminən 10 min manat kifayət edən bir vəsaitdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Zəmanət - borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bank qarşısında öhdəliyidir. Tələblərə görə, bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 min manat, bütün zəmanətlərin yuxarı həddi isə 3 milyon manat məbləğində olmalıdır.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması mühüm məsələdir. Bəs, borcalan üzrə zəmanətin aşağı həddinin aşağı salınması sahibkarların maliyyə əlçatanlığının artmasına dəstək ola bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, zəmanətin aşağı həddinin aşağı salınması məqsədəuyğundur: "Söhbət mikro, kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasından gedir. İri və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları mikro və kiçik sahibkarlarla müqayisədə daha yüksəkdir. İri və orta sahibkarların maddi aktivləri də digərləri ilə müqayisədə çoxdur və vəsaiti cəlbetmə imkanları var. Hazırda əsas məqsəd mikro və kiçik sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının təkmilləşdirilməsidir".

O bildirib ki, zəmanətin aşağı həddinin 15 min manat olması mikro və kiçik sahibkarın daha çox borclanmasına gətirib çıxarda bilər: "Çünki zəmanətin aşağı həddinin 15 min manat olması mikro və kiçik sahibkarların tələbatından artıq borc götürməsi məcburiyyəti yarada bilir. Belə olan halda da növbəti dövrlər üçün bu borcların geri ödənişində çətinliklər yaranır, əlavə maliyyə yükü formalaşır. Ona görə də mikro və kiçik sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması üçün ümumiyyətlə, zəmanətin aşağı həddi aradan qaldırılsın. Çünki zəmanətin aşağı həddi hansısa formada vəsaitlərə çıxış imkanlarını məhdudlaşdırır, eyni zamanda subyektləri daha çox borclanmaq, daha çox maliyyə yükünün altına girmək üçün dilemma qarşısında qoyur. Ona görə də daha yaxşı olar ki, zəmanətin aşağı həddi ləğv olunsun".

Onun fikrincə, əgər aşağı hədd ləğv edilmirsə, o zaman zəmanətin aşağı həddinin 15 min manatdan 5 min manata endirilməsi məqsədəuyğundur: "İndiki halda mikro və kiçik biznesə başlamaq üçün təxminən 10 min manat kifayət edən bir vəsaitdir. Amma zəmanətin aşağı həddinin 15 min manat olması bu imkanları məhdudlaşdırır. Və bunun aradan qalxması mexanizmin effektivliyini artıra bilər. Digər tərəfdən, zəmanətin yuxarı həddi də aşağı salınmalıdır. Çünki yuxarı hədd o səviyyədə müəyyən edilib ki, bu imkanlardan iri biznes subyektləri hansısa formada yararlana bilir. Ümumiyyətlə, iri biznes subyektlərinin zəmanət və faizlərin subsidiya mexanizmindən istifadə imkanları məhdudlaşmalıdır".

Ekspert bildirib ki, Azərbaycanda kənd təsərrüfatında fəaliyyət göstərən subyektlərin 97 faizi ailə təsərrüftlarıdır: "Hələ də onların maliyyəyə çıxış imkanları məhduddur. Hələ də daşınar əmlakın girov götürülməsi təcrübəsi zəif inkişaf edir, çünki burada risklər böyükdür və kommersiya bankları bu prosesdə o qədər də maraqlı deyil. Sahibkarın götürmək istədiyi kredit 15 min manatdan çoxdursa, bu zaman zəmanət mexanizmindən yararlana bilər. Sahibkarın götürmək istədiyi kredit 15 min manatdan aşağıdırsa, bu zaman zəmanət mexanizmindən yararlana bilmir".

Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq

"Ölkədə daha çox mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi zərurəti var. Çünki bu kateqoriyaya daxil olan müəssisələrin iqtisadiyyatda payı 4%, məşğulluqda payı isə 7%-dir. Dünya təcrübəsində bu göstəricilər 50-60% üzərindədir", – deyə o əlavə edib.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2019-cu ildə Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2019-cu ilin əvvəllərində kredit risklərinin minimuma endirilməsi məqsədilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətlərinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan verən, qabaqcıl beynəlxalq praktikaya əsaslanan yeni kredit reytinq sistemi (kredit reytinqi modeli) yaradılıb. Bundan başqa, ötən il ərzində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə Fond tərəfindən mövcud problemlər öyrənilib, dövri olaraq müvəkkil banklar və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. 

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb. Mexanizmin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 mln. manat) Fond tərəfindən zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 mln. manat olub. Ümumiyyətlə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 70 mln. manatadək kredit əldə edib.

Qeyd edək ki, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka "Elektron hökumət" portalında olan "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə müraciət edir. Bank borcalanın kredit sifarişinin tələblərə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında qərar qəbul edir. Qərar müsbət olduqda, bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir. Fond zəmanətin verilməsi üzrə bankın müraciəti ilə bağlı 10 iş günü müddətində qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir. Fondun qərarı müsbət olduqda, 3 iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir və bu qərar elektron sistemdə yerləşdirilir. Zəmanətlə bağlı məlumat bank və müştəri arasında bağlanan kredit müqaviləsində qeyd olunur və zəmanət kredit müqaviləsinin imzalandığı tarixdən qüvvəyə minir. Zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 günü keçdikdə, bankın Fonda qarşı tələb hüququ yaranır.

Onu da bildirək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) maliyyə əlçatanlığının asanlaşdırılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlı təkliflər hazırlayıb. AMFA-nın İdarə Heyətinin üzvü Süleyman Kələşov mətbuata açıqlamasında deyib ki, maliyyə əlçatanlığı ilə bağlı təkliflərimiz ondan ibarətdir ki, zəmanət fondunda dəyişiklik edilsin, bir borcalan üzrə zəmanətin aşağı həddi 15 min manatdan 5-10 min manata endirilsin. Bu da öz növbəsində kiçik sahibkarların maliyyə əlçatanlığının artmasına dəstək olar.

403