Paltar mağazası, arxiv şəkli

Necə edək geyindiyimiz həm özümüzünkü, həm ucuz olsun

800
(Yenilənib 08:33 01.12.2019)
"Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Yüngül sənaye son illər çox sürətlə inkişaf edən sahədir. Biz bununla nəinki daxili tələbatı ödəmək, eyni zamanda xarici bazarlara öz zövqümüzü diktə edə bilərik. Son illərdə pambıq, gön-dəri istehsalı ölkəmizdə artır. Bu sahənin inkişafı və məhsul bolluğu ölkədə yüngül sənayenin inkişafına da təkan verir. Tekstil sənayesi məhsulları dünyada əsas istehlak məhsullarından biridir. Əsasən əl əməyi tələb etməsi işsizliyin aradan qaldırılmasında böyük önəm daşıyır".

Bunu biznes menecer Səbuhi Rüstəmov ölkəmizdə tekstil və geyim sənayesinin inkişaf yollarından danışarkən Sputnik Azərbaycan-a deyib.

Biznes menecer Səbuhi Rüstəmov

O bildirib ki, qlobal tekstil və geyim sənayesinin dövriyyəsi təxminən 3 trilyon dollar təşkil edir: "1980-ci ildə dünyada geyim məhsullarının ixracı 40 milyard dollar təşkil edirdisə, hazırda dünyada tekstil geyim və geyim aksesuarları istehsalının həcmi 4 trilyon dolları ötməkdədir. Bazarda seqmentdə yer tutmaq, markalaşmaq və brendləşmək lazımdır. Dizayn studiyalarının inkişafı tələbdir, çünki zövqlər müxtəlifdir. Gündəlik geyim sahəsində dizayn studiyaları, moda akademyası mövcud deyil. Dövlət qurumları ilə birlikdə uzun müddətli bu sahələri formalaşdırmaq lazımdır. Tekstildə də bəlli bir ekosistemin mövcud olması zəruridir. Bütün biznes sektorlarında olduğu kimi burada, dizayn studiyaları, xammal istehsalı, ictimai əlaqələr işinin, marketinq işinin aparılması kompleks yanaşma tələb edir".

O qeyd edib ki, rentabelliyin artırılmasının yollarından biri brendləşmədir: "Çünki Azərbaycan əhalisinin 10 milyonluq sayı var və 10 milyon insana xitab edən böyük tekstil toxuculuq müəssisəsi çox rentabelli olmaya bilər. Ona görə biz xüsusilə Gürcüstan, Orta Asiya ölkələri, Rusiya bazarına da çıxmalıyıq. Hazırda Azərbaycanda 100-dən artıq tekstil fabriki arasında ən çox yer tutan tikiş fabrikləridir. Bu fabriklər yerli tələbatın təxminən 10 faizini ödəmək iqtidarındadır. Buna əsas səbəb kimi yun və yarım yun, ipək və yarım ipək kimi xammal məhsullarının çox hissəsinin Türkiyə, Çin, Pakistan və MDB ölkələrində idxal olunması göstərilir. İstehsal prosesində yerli xammal məhsullarının istifadəsi üçün bir sıra işlər görülməlidir. Kənd təsərrüfatında tekstil sənayesi üçün uyğun olan pambıq məhsullarının yetişdirilməsi, heyvandarlıq sahəsində yun parçalar üçün tələb olunan ipliyin əldə edilə bilməsi, tekstil sənayesinin inkişafına təkan verən amillərdir".

S.Rüstəmov bildirib ki, ölkədə adi tikiş aksesuarlarının istehsalı mövcud deyil: "Məsələn, hər hansı bir geyim üçün astar parça, düymə, tikiş sapları xaricdən idxal olunur: "Bunlara əlavə gömrük rüsumları tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Əgər gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq".

Onun sözlərinə görə, istehsal olunan pambığın böyük bir hissəsi xammal, yəni pambıq maxlıcı şəklində ixrac olunur: "Amma bunun həm də emalını dərinləşdirmək və hazır məhsullar edərək ixracına nail olmaq olar. Pambıq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitin də azalmasına səbəb olacaq. Toxuculuq məmulatlarının idxalına ötən il ərzində 315 milyon dollardan çox vəsait sərf olunub. Burada düzdür pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq".

Onun sözlərinə görə, ölkəmizdə geyimə olan tələbatın 15 faizi yerli istehsal hesabına ödənir: "Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir. Həmin məhsullar əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar (yerli məhsulların qiyməti nisbətən yüksək olması) həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Bu, nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur. Müşahidələr onu göstərir ki, yerli brendlərə istehlakçılar da inanmırlar. Ona görə də Bakıda sexlərdə tikilən paltarlara "Made in Turkey" etiketləri vurulur".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 234,68 milyon dollarlıq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib. 2019-cu ilin yanvar ayında bu rəqəm 15 milyon 188 min dollar, fevral ayında 34 milyon 316 min dollar, mart ayında 55 milyon 763 min dollar və s. təşkil edib.

Onu da bildirək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan ərazisində istehsal olunan üst geyim istehsalı 289,2 min ədəd (illik 16% azalma), alt geyim 500,3 min ədəd (3,7% azalma), corab 2 milyon 475 min cüt (23,3% artım), ayaqqabı 148,1 min cüt (28,5% azalma) olub. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

800
Kompüter arxasında qız, arxiv şəkli

Azərbaycanda Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq

0
(Yenilənib 23:08 21.10.2020)
Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır

BAKI, 21 oktyabr — Sputnik. Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur: “"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib.

Cari ilin sonuna kimi "ASAN xidmət" tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır”.

“Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcək”, - deyə nazir bildirib.

0
Kalkulyator, arxiv şəkli

Dövlət büdcəsinin kəsiri qədər olub?

14
Doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18 milyard 642,2 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 951,6 milyon manat və ya 11,7 faiz çoxdur

BAKI, 21 oktyabr — Sputnik. Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 17 milyard 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və ya 1,2 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 93,2 milyon manat və ya 6,5 faiz çoxdur.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 672,6 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 155,6 milyon manat və ya 2,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 63,8 milyon manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4 milyard 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 milyon manat və ya 8,2 faiz çoxdur.

Bu ilin 9 ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 955,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 33 milyon manat və ya 1,1 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 milyon manat vəsait büdcəyə daxil olub.

İnfoqrafika: Azərbaycanın büdcəsi
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8 milyard 852,5 milyon manat vəsait transfert edilib. Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 milyard 941,8 milyon manat icra edilib.

Doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18 milyard 642,2 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 951,6 milyon manat və ya 11,7 faiz çoxdur. Yanvar-sentyabr aylarında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7 milyard 171,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1 milyard 283 milyon manat çoxdur.

Bu ilin 9 ayında dövlət büdcəsi xərclərinin 12 milyard 188 milyon manatı və ya 65,4 faizi cari xərclərə, 4 milyard 927,6 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1 milyard 526,6 milyon manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6 milyard 911,4 milyon manat icra olunub.

Doqquz ayda dövlət büdcəsinin kəsiri 677,6 milyon manat təşkil edib və ya 1 milyard 156,6 milyon manat məbləğində proqnozlaşdırılan kəsirdən 479 milyon manat və ya 41,4 faiz az olub. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

14