Qaz kəməri, arxiv şəkli

Mərkəz: "TANAP TAP Azərbaycan Türkiyənin regionda strateji əhəmiyyətini artırıb"

494
(Yenilənib 16:07 29.11.2019)
Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq.

BAKI, 29 noyabr — Sputnik. "TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb".

Bu barədə Sputnik Azərbaycan-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabrın 30-da Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ikinci fazası istifadəyə veriləcək: "Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan bu enerji layihəsi üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı nəticəsində artıq başa çatıb. 1850 kilometr uzunluğa malik, Cənub Qaz Dəhlizinin əsas seqmentindən biri olan TANAP qaz kəmərinin rəsmi şəkildə təməli 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan arasında imzalanmış TANAP qaz layihəsi haqqında "Hökumətlərarası Saziş"lə qoyulub. Bu strateji layihənin əsas hissəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. TANAP qaz kəmərinin hazırkı ötürücülük tutumu 16 milyard kubmetrdir və sonradan həcmini 31 milyard kubmetrədək artırmaq mümkün olacaq. Layihədə Azərbaycanın payı 58 faizdir və bu, layihənin Azərbaycan üçün nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını göstərir. Bundan başqa, TANAP layihəsi vasitəsilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki "Şahdəniz", o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək.

Qeyd olunan layihə Azərbaycan üçün həm də siyasi cəhətdən vacibdir. Ümumi desək, Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir.

TANAP qaz kəməri vasitəsi ilə Azərbaycan təbii qazı artıq Türkiyəyə nəql olunmağa başlayıb. Layihənin ikinci fazasını da istifadəyə verməklə, Xəzər dənizindən çıxarılan təbii qazı Avropa bazarına ixrac etmək mümkün olacaq. Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP) üzrə işlərin yekunlaşmasından və iki layihənin birləşməsindən sonra 2020-ci ildən etibarən Azərbaycan qazının 10 milyard kubmetri Avropa, qalan hissəsi isə Türkiyə qaz bazarına çatdırılacaq.

TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq. Bu mənada, ölkə üçün əsas prioritet qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bütün layihələr göstərir ki, Azərbaycan uğurla enerji siyasətini həyata keçirir, regional əməkdaşlığa təkan verir və milli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində doğru addımlar atır".

494
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

6
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

6
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

12
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

12
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

0
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

0