Milli Məclisin iclası, arxiv şəkli

Dövlət büdcəsi razılaşdırıldı, Milli Məclisə tövsiyə olundu

32
(Yenilənib 19:15 18.11.2019)
Maliyyə nazirinin müavini birinci oxunuş zamanı parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib

BAKI, 18 noyabr — Sputnik. Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib: “Gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır”.

Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi (ikinci oxunuş) barədə fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar. Çıxışlarda Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasətdən razılıq ifadə olunub. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, turizmin genişlənməsi, ali məktəblər üçün yeni korpusların və tələbə yataqxanalarının tikilməsi, təhsil kreditinin verilmə mexanizminin müəyyənləşdirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və digər məsələlər önə çəkilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışdı, gələn ilin dövlət büdcəsinə dair qeydlərini bildirib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması və s. prioritet məsələlərdəndir.

Yekdil qərarla "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

32