Maye qaz, arxiv şəkli

"Maye qazın mənə dəxli" deyib keçməyin - Ekspertlər həyəcan təbili çalır

2907
Maye qazın qiymətinin yüksəlməsi bu sahə ilə bağlı olan bir çox istiqamətlərdə və seqmentlərdə qiymət dəyişikliyinə səbəb olacaq, amma burada dövlətin tənzimləyici mexanizmləri var.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Ötən həftə Azərbaycanda maye qazın (LPG) satış qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırılıb.

Ekspertlər bunun bazara təsirini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, yanacaq əksər hallarda xidmətin maya dəyərinin formalaşmasında əsas parametrdir, xüsusilə də sərnişindaşımada, nəqliyyat sektorunda: “Bu baxımdan istifadə olunan yanacaq növünün qiymətinin artması bu sahədə qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Amma burada diqqət ediləsi məqam odur ki, maye qazın qiymətinin artması böyük ehtimalla müvəqqəti xarakter daşıyır. Bu, son dövrlərdə bu istiqamətdə yaranmış çatışmazlığın, yəni təklifin həcminin azalmasından qaynaqlanır. Ölkədə bu istiqamətdə ciddi qıtlıq var. Bundan istifadə edən təchizatçılar qiymətləri müəyyən qədər artırıblar”.

“Əgər proses uzunmüddətli davam edərsə, nəticədə Azərbaycanda kütləvi sərnişindaşıma üçün qiymətlərin artırılması zərurəti yarana bilər. Amma nəzərə almaq lazımdır ki, hələlik kütləvi sərnişindaşımada qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Amma digər sahələrdə, xüsusilə də taksi xidmətlərində və yükdaşıma xidmətləri kimi başqa sahələrdə qiymətlərin artımı mümkündür”, - deyə ekspert qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, maye qazın qiymətinin artmasının bazara təsirini hiss edəcəyik: “Maye qazın qiymətinin yüksəlməsi bu sahə ilə bağlı olan bir çox istiqamətlərdə və seqmentlərdə qiymət dəyişikliyinə səbəb olacaq, amma burada dövlətin tənzimləyici mexanizmləri var. Əgər bu mexanizmlər effektiv şəkildə aidiyyəti qurumlar tərəfindən həyata keçirilsə, bu prosesin qarşısı alına bilər”.

O bildirib ki, ölkədə çox ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir: “Belə olan halda düşünürəm ki, aidiyyəti qurumlar qiymət artımına yol verməməli idilər. Biz böyük həcmlərdə nefti xammal kimi ixrac edirik, amma bu gün ölkənin daxili bazarında neft emalı məhsullarına ciddi ehtiyac var. Azərbaycanda maye qaza tələbat artır. Amma görürük ki, yerli istehsal hesabına bunu reallaşdırmaq mümkün olmur. Azərbaycan kimi neft ölkəsində neft emalı məhsullarının qıtlığı yolverilməzdir və qeyri-adekvat bir vəziyyətdir”.

“Maye qazdan istifadə edən nəqliyyat vasitələrində bu qazın qiymətinin artımı hiss olunacaq, amma ümid edirəm bu proses müvəqqəti olacaq”,- deyə professor bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 16-da "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Qərara görə, maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

SOCAR-ın rəsmisi İbrahim Əhmədov Trend-ə deyib ki, LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaqdoldurma məntəqələrində onun qiyməti bir qədər artırılıb: "Bunun qiymətini SOCAR tənzimləmir. SOCAR maye qazın qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansı bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təchizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir. Görünür idxal başlandıqdan sonra məhsulun maya dəyəri də artıb. Son aylarda gördük ki, maye qazın təchizatında bir az qıtlıq yaranmağa başlayıb. Qıtlığın səbəbi LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da, ona olan tələbatın artmasıdır. LPG daha çox kimya sənayesində istifadə olunur. Kimya sənayesində artım olduğuna görə bu məhsula olan tələbat artıb və buna görə yanacaq bazarında LPG azalmağa başlayıb. Həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artıb. Görünür ki, təchizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb".

O əlavə edib ki, CNG və yaxud da sıxlaşdırılmış təbii qaz LPG-yə alternativ yanacaq növü ola bilər: "Maye qazın istehsalı neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik. CNG-nin qiyməti 45 qəpikdir və olduğu kimi də qalacaq".

2907

Azərbaycanın qeyri-neft ixracatı: lider dövlət şirkətləri

1052
(Yenilənib 20:32 10.08.2020)
Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.
İnfoqrafika: Qeyri-neft sektorunda ixracatçı dövlət müəssisələri
© Sputnik / Elnur Salayev

Statistika qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin ixrac göstəricilərini hesablayıb: Milli reytinqə üç enerji və hasilat müəssisəsi rəhbərlik edir.

Son statistik məlumatlara görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru məhsullarını ixrac edən dövlət şirkətlərinin reytinqinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi əməliyyatlar və marketinq şöbəsi başçılıq edib. O, xaricə 71,1 milyon dollarlıq məhsul satıb.

SOCAR-ın ən yaxın təqibçisi qismində dünya bazarlarına 43,1 milyon dollarlıq məhsul ixrac edən "AzerGold" qızıl hasilatı şirkəti çıxış edir.

Dövlət şirkətləri arasında ixracda ən uğurlu üçlüyü energetika sektorunun nümayəndəsi "Azərenerji" ASC bağlayır.

Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

1052
50 avroluq əskinas, arxiv şəkli

Avronun "bəyliyi" vaxta qədərdir? - "Onlar prosesi tam idarə edə bilmirlər"

4479
(Yenilənib 20:15 10.08.2020)
Ekspert: "Faktiki olaraq dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamika Azərbaycanda da avronun möhkəmlənməsini şərtləndirən əsas məqamlardan biridir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. "Son bir neçə həftədə Azərbaycanda avro təxminən 9 faiz ətrafında bahalaşıb".

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a son dövrdə avronun bahalaşmasından danışarkən deyib.

Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya>>

Avronun bahalaşmasının səbəblərindən danışan ekspert bildirib ki, ümumiyyətlə, Azərbaycanda digər valyutaların məzənnəsi çarpaz məzənnə formasında dollara nisbətdə müəyyənləşir: "Manatın dollara nisbəti və dolların digər valyutalara nisbətində ortaya çıxan orta rəqəm məzənnə olur. Buna görə də faktiki olaraq dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamika Azərbaycanda da avronun möhkəmlənməsini şərtləndirən əsas məqamlardan biridir. Təxminən 3 ay bundan əvvəl 1 avro 1,1 dollara qədər ucuzlaşmışdı. Amma hazırda isə yenidən 1,2 dollar istiqamətində dinamika müşahidə olunur. Bu, Azərbaycan ilə bağlı məsələ deyil".

"Avronun bahalaşması Azərbaycanda digər valyutaların məzənnəsinin formalaşdırılması üçün qurulmuş sistemdən, yəni çarpaz məzənnə mexanizmindən və dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamikadan qaynaqlanır", - deyə o bildirib.

Ekspert qeyd edib ki, hazırda ABŞ-ın Federal Ehtiyat Sistemi daha yumşaq dollar siyasəti həyata keçirir: "Eyni zamanda ABŞ iqtisadiyyatında çox ciddi geriləmə müşahidə olunur. Həmçinin koronavirusa yoluxma səviyyəsi ən ciddi ABŞ-da qeydə alınıb. Tramp administrasiyası pandemiya ilə əlaqəli prosesləri tam idarə edə bilmir. Bu da investorlarda marağın azalmasına gətirib çıxardır. Dolayısı ilə avro dollara nisbətdə möhkəmlənir və beləcə Azərbaycanda avro məcburən bahalaşır".

"1 avronun 1,2 dollar həddinin üzərinə çıxması ehtimalı aşağı qiymətləndirilir, çünki Avropa iqtisadiyyatında da böyük risklər qalmaqdadır. Son günlər dolların ucuzlaşmasına xüsusilə yenidən xarici ticarət əlaqələri ilə bağlı gərginliyin artması kimi məqamlar təsir göstərib. Bu da avronun möhkəmlənməsini şərtləndirib. Amma bir neçə həftədən sonra ABŞ iqtisadiyyatı ilə bağlı daha yaxşı göstəricilər əldə ediləcəksə, dollar yenidən möhkəmlənəcək", - deyə o qeyd edib.

Ekspert bildirib ki, manatın məzənnəsi dollara nisbətdə müəyyənləşir: "Dollara nisbətdə manatın məzənnəsi sabit saxlanılıb. Dünya bazarında dolların digər valyutalara pariteti var və Azərbaycanda həmin nisbəti 1.70-ə vurmaqla digər məzənnələr müəyyən edilir. Buna çarpaz məzənnə deyilir. Avro dünyada ucuzlaşanda bizdə də ucuzlaşacaq".

Qeyd edək ki, avronun məzənnəsi iyunun 3-də 1,9 manatı, iyulun 30-da isə 2 manatı keçib.

Azərbaycan Mərkəzi Bankının avqustun 7-nə olan rəsmi valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 0,37% azalaraq 2,0120 manat təşkil edib.

4479
Əlaqədar
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Məntiq tapmacası: Nə alan var, nə də satan, amma qiymət üstünə qiymət gəlir
Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?
"Gözü çıxmış qardaş"ın dərsləri - iqtisadiyyat buna görə pulsuz qalır
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0