Mağazada vətəndaş

İldə iki dəfə silkələnən bazar - bayramdan-bayrama yaşamağa öyrəşməliyik?

871
(Yenilənib 21:17 24.10.2019)
"Daxili istehsalda rəqəmlər göstərir ki, bütün parametrlər üzrə istehsal artıb. Onda biz məcburən üçüncü amilə istinad etməliyik ki, burada süni qiymət artımı, monopoliya var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə ərzaq məhsullarının qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz bahalaşıb.

  Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin saytına istinadla xəbər verir ki, bu ilin sentyabrında avqusta nisbətən ərzaq məhsullarının qiymətləri 0,7 faiz bahalaşıb. Sentyabrda bəzi məhsulların - düyünün, unun, mal, qoyun və toyuq ətinin, yumurtanın və s. qiymətlərində bahalaşma müşahidə olunub. Qeyd edək ki, bu ilin avqust ayında da iyul ayına nisbətən eyni məhsulların qiymətlərində bahalaşma olub.

Bəzi ərzaq məhsullarının bahalaşması ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə iki mövsümdə istehlak malları bahalaşır:

"Bizdə bayramlar da istehlak ilə bağlıdır. İyun ayında isə istehlak kəskin şəkildə aşağı düşür, qiymətlər ya sabitləşir, ya da ucuzlaşır. Burada geniş təhlillər aparılmalıdır. Bütün rəqəmlərdə görünür ki, istehlak artıb. İstehlak artırsa, qiymətlər aşağı düşməlidir, amma niyə qalxıb? Adətən dünya bazarlarında baş verən dəyişikliklər və yaxud gömrük rüsumlarının bahalaşması dünya üzrə istehlak qiymətlərinin qalxmasına təsir edir".

Onun sözlərinə görə, amma daxili istehsalda rəqəmlər göstərir ki, bütün parametrlər üzrə istehsal artıb: "Onda biz məcburən üçüncü amilə istinad etməliyik ki, burada süni qiymət artımı, monopoliya var. Bununla da aidiyyəti qurumlar məşğul olmalıdır. Bizdə birbaşa istehlak bazarına nəzarət edən qurum yoxdur. Ötən il dövlət başçısı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam verib. Bu il oktyabrın 23-də isə həmin qurum Prezidentin Sərəncamı ilə dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi. Amma bu, hələlik fəaliyyətə başlamayıb. Yəni bilavasitə istehlak bazarına nəzarət edən qurum olmadığına görə biz fərziyyələr irəli sürə bilərik".

O bildirib ki, Azərbaycanda yerli çəltik istehsalı illik təxminən 10 min ton civarındadır: "Bu da hələlik tələbatı tam ödəməyə imkan vermir. Real tələbatımız 50 min tonun üzərindədir. Bir sıra tədbirlər nəticəsində artıq bizdə çəltik sahələri min hektarı ötüb. Bu sahənin inkişafı üçün işlər görülür. Ölkədə illik 3 milyon ton buğda istehsal edirik. İldə təxminən 1 milyon 800 min ton, bəzən 2 milyon ton xaricdən ərzaq buğdası gətiririk. Biz hələ ki, ölkəni ərzaq buğdası ilə tam təmin edə bilmirik və idxaldan asılılıq faktoru var".

Onun sözlərinə görə, ölkə yumurta ilə özünü tam təmin edə bilir: "Amma bizim damazlıq problemimiz var, hələ ki damazlığı qura bilməmişik. Damazlıqların məhsuldarlığı çox olanda bazarda yumurta bolluğu yaranır. Damazlıq quşların məhsuldarlığı aşağı düşəndə onu məcburən kəsib emala göndərirlər və bu zaman fasilə yaranır. Bu da qiymətlərə təsir edir. Quşçuluqda damazlığın yaradılması son dərəcə vacib məsələdir".

Dünyanın bir nömrəli qidası: Qiymətlər nəzarətə götürülə bilərmi?>>

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, artım dinamikasının olması bir faktdır: "Gündəlik tələbat mallarında, ərzaq məhsullarında qiymət artımını şərtləndirən müxtəlif səbəblər var. Birincisi, bazarda alıcılıq qabiliyyətinin nisbətən artmasıdır. İlin əvvəlindən etibarən müəyyən sosial paketlər çərçivəsində bazara əlavə pul kütləsi daxil olur. Əlavə pul kütləsi aztəminatlı şəxslər vasitəsilə bazara daxil olur. Gəlirlərin nisbətən artması onların bu istiqamətdə xərclərini artırıb. Bu xərclər də bazarda tələbi yüksəltməklə qiymətə təsir göstərir".

"Digər bir səbəb dünya bazarlarında bəzi məhsulların maya dəyərinin artması ilə bağlıdır. Bəzi məhsullar üzrə qiymətlərin artımı isə mövsümdən qaynaqlanır. İlin sonunadək qiymətlərin artması ehtimalı yüksəkdir. Çünki mövsüm dövrünün başa çatması xüsusilə bir sıra ərzaq məhsullarında qiymətin artımını şərtləndirəcək. Eyni zamanda unun qiymətində də artım gözləniləndir", - deyə ekspert əlavə edib.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin sentyabr ayında avqust ayına nisbətən suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

871
Teqlər:
qida məhsulları, bahalaşma, qiymət, ərzaq, bazar
Əlaqədar
Əli Əhmədov: "İki manata kartof olmaz"
Şok rəqəmlər - yemək üçün yaşayırıq
Azərbaycanda bəzi məhsulların qiyməti dəyişib – SİYAHI
Şirin ağızla yeyib acı dərdə düşməyək - konfet alanda birinci bunu yoxlayın
Qırx milyondan artıq uşaq aclıqdan əziyyət çəkir - Nə etməli?
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

44
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

44
Azərbaycan manatı, arxiv şəkli

Hansı sahələrdə maaş daha yüksək olub?

35
2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artıb.

BAKI, 19 oktyabr — Sputnik. 2020-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7 faiz artaraq 1670,9 min nəfər olub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, muzdla çalışanların 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi tikinti, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artaraq 710,2 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

35
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

25
(Yenilənib 08:04 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

25
Teqlər:
Müdafiə Nazirliyi, Zəngilan, Qubadlı, erməni təxribatı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə