Transformator, arxiv şəkli

Büdcəmiz pul qazanacaq, amma özümüz təhlükədə olacağıq

704
(Yenilənib 20:56 22.10.2019)
"Paylayıcı şəbəkələrin özəlləşdirilməsi, uzun müddətli icarəyə verilməsi kifayət qədər normal bir addımdır. Bu, dövlət büdcəsinin yükünü azaldacaq, xidmətin keyfiyyətini yüksəldəcək və ölkəyə yeni növ investisiyaların cəlb olunmasına şərait yaradacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan hökuməti "Azərenerji" ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır. Bu barədə "Report"a qurumdakı mənbə bildirib. Onun sözlərinə görə, bununla bağlı hökumətlə "Azərenerji" arasındakı danışıqlar yekunlaşmaq üzrədir: "Mingəçevirdəki "Azərbaycan" İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyaların özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik".

“Şimal-2” elektrik stansiyası
© Official website of President of Azerbaijan Republic

Elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bir neçə ildir bunula bağlı müzakirələr aparılır: "Paylayıcı şəbəkələrin özəlləşdirilməsi və yaxud da uzun müddətli icarəyə verilməsi məqbuldur, hətta lazımdır. Çünki paylayıcı şəbəkələrin özəlləşdirilməsi və yaxud da uzun müddətli icarəyə verilməsi dövlət büdcəsi üzərində olan yükün xeyli dərəcədə azalmasına səbəb olacaq. Bu addım xidmətin keyfiyyətinin artmasına dair əhali ilə paylayıcı şirkətlər arasında müqavilə öhdəliklərinin normal yerinə yetirilməsi ilə bağlı məsələləri də həll edəcək".

O bildirib ki, indi tipik müqavilələrdir: "Paylayıcı şirkətlər dövlət inhisarçı şirkətləridir. İstər elektrik enerjisi olsun, istər qaz, istər su olsun. Tipik müqavilələrlə məsuliyyət hər bir halda əhalinin üzərindədir, yəni istənilən halda əhalinin üzərinə məsuliyyət düşür. Məsələn, qaz, işıq və su kəsintisi olanda paylayıcı şirkətin heç bir məsuliyyəti olmur. Bununla özəl şirkətlər məşğul olanda artıq müqavilələr başqa cür bağlanacaq və bu müqavilə öhdəlikləri paylayıcı şirkətlərin səhvi ucbatından kəsintilər olanda vətəndaşlara kompensasiya almağa imkanlar yaradacaq".

Onun sözlərinə görə, burada yeganə iki məsələ önəmlidir: "Birincisi, istehsalçı şirkətlər dövlətin əlində qalmalıdır. Çünki bu, təhlükəsizlik məsələsidir və enerji təhlükəsizliyi, işıq, su və qazla təminat məsələsi dövlətin prioritet sahələridir. Amma paylayıcı şirkətlər ilə müqavilələr bağlanarkən qiymətlərin tənzimlənməsi üçün dövlətin əlində mexanizmlər olmalıdır. Belə bir vəziyyət yaranmamalıdır ki, özəl şirkət hər hansı bir paylayıcı şəbəkəni uzun müddət icarəyə götürür və ya özəlləşdirmədə tenderi udur amma sonra qiymətləri kəskin qaldırır. Bu, əhalinin bir başa cibinə ziyan vura bilər. Belə bir halın aradan qalxması üçün öncədən şərtlər müəyyən edilməli və dövlətin qiymətin tənzimlənməsində müxtəlif yollarla iştirak payı aydın şəkildə bəlli olmalıdır ki, gələcəkdə qiymətlərdə kəskin bahalaşma olmasın".

Ekspertin fikrincə, istehsal sahəsi və nəzarət mexanizmləri dövlətin əlində olacaqsa, təhlükəsizlik ilə bağlı ciddi məsələlər olmayacaq: "Amma istehsal mütləq dövlətin əlində olmalıdır. Əgər enerji istehsalı və yaxud da suyun, qazın istehsalı ilə bağlı özəl şirkətlərin müdaxiləsi ilə qarşı-qarşıya qalsaq, o zaman təhlükəsizliyə dair müəyyən problemlər yaşana bilər. Amma sırf paylayıcı qurumlar kimi özəl şirkətlərin iştirakında təhlükəsizliklə bağlı ciddi problemin olacağını düşünmürəm".

"Amma ümumilikdə paylayıcı şəbəkələrin özəlləşdirilməsi, uzun müddətli icarəyə verilməsi kifayət qədər normal bir addımdır. Bu, dövlət büdcəsinin yükünü azaldacaq, xidmətin keyfiyyətini yüksəldəcək və ölkəyə yeni növ investisiyaların cəlb olunmasına şərait yaradacaq"-deyə o qeyd edib.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda elektrik enerji bazarının liberallaşması prosesi mərhələli olaraq həyata keçiriləcək: "Nazirlik rəqabətə əsaslanan, liberal enerji bazarının yaranması üzrə işlər aparır. Artıq beynəlxalq ekspertləri cəlb etməklə bu istiqamət üzrə ilk təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Bu özü özlüyündə mürəkkəb bir prosesdir. Bizim yanaşmamız, mərhələli yanaşmadır. Hazırda biz enerji təhlükəsizliyimizi təmin etmişik, ona görə də, hansısa bir tələsik qərarların verilməsinə ehtiyac yoxdur. Biz bunu düşünülmüş şəkildə həyata keçiririk".

Nazir bildirib ki, enerji sahəsinin inkişafına dair böyük həcmdə işlər aparılır: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında", "Bərpa olunan enerjidən istifadə haqqında" qanun layihələri hazırlanıb və hökumət tərəfindən baxılmaqdadır. Yaxın dövrdə bu qanunların həyata keçirilməsini gözləyirik. Bu da, sözsüz ki, elektroenergetika sahəsində köklü islahatların aparılması deməkdir". Nazir onu da vurğulayıb ki, hazırda ölkədə energetika sahəsinin inkişaf strategiyasının hazırlanması üzərində iş aparılır.

704
 Azərbaycan hərbçiləri və rusiya sülhməramlıları Laçın dəhlizində, arxiv şəkli

Fransa adına ləkə: Qətnamə Ermənistanla Azərbaycan arasındakı razılaşmanı təhlükəyə atır

91
(Yenilənib 11:44 26.11.2020)
Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

BAKI, 26 noyabr — Sputnik. "Fransa Senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

"Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimiz geri çağırılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır", - deyə o qeyd edib.

Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

O bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: "Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir".

91
Teqlər:
səfir, təhdid, razılaşma, qətnamə, Senat, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Laçın şəhərinə mənzərə, arxiv şəkli

İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizi bərpa etməkdə maraqlıdırlar

22
(Yenilənib 08:20 26.11.2020)
İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib.

BAKI, 25 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan "Trans-Adriatik" boru kəməri (TAP) layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

22
Teqlər:
energetika naziri Pərviz Şahbazov, bərpa, işğaldan azad edilmiş ərazilər, şirkət, İtaliya
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan