Startapçılar, arxiv şəkli

Potensial milyarderlər gözləmə rejimində - Startaplara təzə "don biçilir"

1076
(Yenilənib 16:32 20.10.2019)
Ekspert - "Facebook", "Amazon" və digər şirkətlər çox ciddi güzəştlərlə işə başladılar. Faktiki olaraq bir müddət heç bir vergi ödəmədilər, hətta ofislərinin kirayə xərcləri belə dövlət tərəfindən qarşılanırdı

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. "Azərbaycanda startaplarla işi daha sistemli etmək məqsədilə onların həcmlərinə uyğun İnnovasiyalar Agentliyi daxilində kateqoriyalaşdırma aparılacaq". 

Bunu APA-ya İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib. Onun sözlərinə görə, elə startap var ki, onların bir neçə milyon manatlıq dövriyyəsi var, elə də startap mövcuddur ki, hazırda hələ başlanğıc mərhələdədir: "Startapları kateqoriyalaşdıraraq, onlara təyinatlı dəstəyin verilməsini daha da effektiv edə bilərik". 

Startaplara dəstək ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, sərt pul-kredit siyasəti çərçivəsində bankların innovativ tutumlu layihələrə faktiki olaraq heç bir güzəşt tətbiq etmədən kreditləşməni reallaşdırdığı şəraitdə startapların və bütövlükdə innovativ tutumlu layihələrin həyata keçirilməsi hər bir iqtisadi sistemdə son dərəcədə çətindir:

"Azərbaycan da bu istiqamətdə istisna deyil. Ona görə də görürük ki, ixtiralar, patentlər üzrə göstəricilər ölkədə son dərəcə aşağıdır. İnnovasiyalar Agentliyinin ölkədə innovativ tutumlu investisiya siyasətinin həyata keçirilməsində xüsusi çəkisi azdır".

O bildirib ki, innovasiyaların maliyyələşməsi, startapların iqtisadiyyatda tətbiqi mürəkkəb prosesdir: "Burada çox ciddi dövlət dəstəyi lazımdır, vençur kapitalının formalaşması lazımdır. Burada Elmin İnkişafı Fondunun, İnnovasiyalar Agentliyinin həm intellektual, həm də maliyyə resurslarının əhəmiyyətli dərəcədə güclənməsinə ehtiyac var. Eyni zamanda ünvanlı yumşaq pul-kredit siyasəti həyata keçirilməlidir. Bütün dünyada innovativ layihələrin reallaşması sıfır faizə yaxın faiz dərəcələri ilə maliyyələşir. Əgər 20-30 faizlik kreditləşmə ilə maliyyə resurslarını innovasiyalara yönləndirsək, innovasiyalardan heç nə qalmayacaq. Ona görə də burada birinci dövlət dəstəyi, ikincisi adekvat pul siyasəti olmalıdır. Bunlar olmadan startapların praktiki tətbiqi, iqtisadiyyata keçidi, demək olar ki, mümkün deyil".

Ekspert qeyd edib ki, "Facebook", "Amazon" və digər şirkətlər çox ciddi güzəştlərlə işə başladılar: "Faktiki olaraq bir müddət heç bir vergi ödəmədilər, hətta ofislərinin kirayə xərcləri belə dövlət tərəfindən qarşılanırdı. Amma bu gün biz hansısa startapın reallaşması üçün resurs axtarsaq, görəcəyik ki, faktiki olaraq heç bir kredit resurslarına çıxış yoxdur. Kommersiya bankları burada maraq göstərmirlər, onların başı istehlak kreditlərinə, ipotekaya və digər ölkə iqtisadiyyatına zərərli olan sahələrə qarışıb".

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi dövlət başçısının 6 noyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. İnnovasiyalar Agentliyinin Nizamnaməsi dövlət başçısının 2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq edilib. İnnovasiyalar Agentliyinin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Agentliyin fəaliyyətinin məqsədi biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovasiya mühitini yaxşılaşdırmaq, innovasiya potensialından səmərəli istifadə etmək, innovasiya fəaliyyətinin tənzimlənməsi sistemini təkmilləşdirmək, müvafiq institusional dəstək mexanizmlərini formalaşdırmaq, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.

Onu da qeyd edək ki, son 30 ildə xüsusən də 1990-cı illərdən başlayaraq yeni fəaliyyətə başlayan şirkətlərlə bağlı "startap" ("Start up" – ingilis dilində tərcümədə "başlamaq" deməkdir) adlı yeni anlayış və bu anlayışla bağlı nəzəriyyələr formalaşmağa başlayıb. Startap yeni yaradılmış və ilkin inkişaf mərhələsində olan şirkət adlandırılır.

1076
Əlaqədar
İnformasiya cəmiyyəti gəlir: Biz orada yaşamağa hazırıq?
Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər
Günel Hümbətova Viktoriya Bekhemlə bir arada
"İnnovasiyalar həftəsi"ndə layihələr təqdim edilib
Gənc azərbaycanlı müəllimdən innovasiya