İsveçrədə UBS bankı

Hazırlaşın Kimin əlinin kimin cibindən çıxdığına şahid olacağıq

507
(Yenilənib 14:59 07.10.2019)
"Əvvəlki dövrlərdə Avropa banklarına vəsaitlərin cəlb edilməsi vacib idi və bu yanaşma artıq dəyişib. Çünki vəsaitlərin cəlb edilməsi qara pulların da cəlb edilməsinə və Avropa bankları vasitəsilə yuyulmasına gətirib çıxardırdı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın vergi orqanları Azərbaycan vətəndaşlarının İsveçrə banklarındakı hesabları ilə bağlı müvafiq informasiyaları ala biləcəklər. İsveçrə parlamenti müvafiq sazişlər imzaladığı 36 dövlətdən əlavə, 19 ölkəyə, o cümlədən Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamağa dair qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsveçrənin "Swissinfo" onlayn nəşri yayıb. Azərbaycan və İsveçrə arasında faktiki bank və vergi məlumatları mübadiləsi 2021-ci ildə başlayacaq.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əvvəlki illərdə xüsusən inkişaf etməkdə olan ölkələr bank sirrini qoruyub saxlayırdı və bank sirrinə kommersiya sirri kimi baxırdılar, amma indi bu yanaşma dəyişib: "Hazırda bununla bağlı bir qlobal yanaşma var. Həmin qlobal yanaşmaya görə, aparıcı ölkələrin banklarından da şəffaf şəkildə, xüsusən də digər ölkələrdən cəlb edilən vəsaitlər ilə bağlı məlumatların bölüşdürülməsi tələb olunur. Bu, eyni zamanda həmin vəsaitlərin mənbəyinin müəyyən edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi baxımından vacibdir".

O bildirib ki, söhbət şəffaf şəkildə məlumatların bölüşdürülməsindən gedir: "Digər tərəfdən, xüsusən də çirkli pulların yuyulmasında ehtimal oluna bilən vəsaitlərin Avropa banklarına daxil olmasının qarşısını almaq istəyirlər. O baxımdan bir neçə ölkənin İsveçrə banklarında olan hesablarının yoxlanılması və bununla bağlı məlumatların mübadilə edilməsi nəzərdə tutulur. Bu da şəffaflığın artırılması baxımından vacibdir. Bu, eyni zamanda ona görə vacibdir ki, gələcəkdə xüsusən adı fərqli korrupsiya əməliyyatlarında hallanan və mənbəyi məlum olmayan vəsaitlərin Avropa banklarına daxil olmasının qarşısını almaq mümkün olsun".

Onun fikrincə, belə məlumatların yalnız dövlət qurumları ilə mübadilə edilməsi deyil, həm də ictimaiyyətə təqdim edilməsi daha məqsədəuyğun olardı: "Çünki bu, həm də Avropa banklarının şəffaf fəaliyyəti baxımından çox vacibdir. Avropa bankları üçün şəffaflıq çox vacibdir. Əvvəlki dövrlərdə vəsaitlərin cəlb edilməsi vacib idi və bu yanaşma artıq dəyişib. Çünki vəsaitlərin cəlb edilməsi qara pulların da cəlb edilməsinə və Avropa bankları vasitəsilə yuyulmasına gətirib çıxardırdı. Ona görə də yanaşma dəyişib. Güman etmirəm ki, bu addım İsveçrə banklarının cəlb etdiyi vəsaitlərin kəskin azalmasına gətirib çıxarda bilər. Amma bu addım nəticədə İsveçrə banklarının və bütövlükdə Avropa banklarının reputasiyasının artmasına xidmət edə bilər".

Qeyd edək ki, Azərbaycanla yanaşı, 2021-ci ildən etibarən Çin, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Qazaxıstan, Qana, Nigeriya və Kolumbiya da İsveçrədən bank məlumatlarını alacaqlar.

Onu da bildirək ki, Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumatına görə, Avropa Şurasının Çirkli Pulların yuyulmasına Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi Komitəsi (MONEYVAL) Azərbaycanın çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət qiymətləndirir.

507
Vyanada OPEC-in mənzil-qərargahı, arxiv şəkli

Azərbaycan "OPEC+" nazirlərinin iclasında iştirak edəcək

6
(Yenilənib 22:55 05.06.2020)
"OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə ediləcək.

BAKI, 5 iyun — Sputnik. İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə "OPEC+" ölkələri nazirlərinin video-konfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin "OPEC+" üzrə gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək "OPEC+" üzrə gündəlik hasilatın 2 mln. barel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

6
Berlin şəhərinə mənzərə, arxiv şəkli

Avropanın ən güclü iqtisadiyyatı tarixinin ən pis dövrünü yaşayır

9
(Yenilənib 21:58 05.06.2020)
Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti iqtisadiyyatın dəstəklənməsi üçün ümumi həcmi 130 milyard avro dəyərində paket qəbul edib.

BAKI, 5 iyun — Sputnik. Bu dəfə ki böhran Almaniya tarixində ən ağır böhrandır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel "ARD" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı çətin dövrdən keçir, təxminən 7 milyona qədər Almaniya sakini yarım iş gününə keçirilib. Merkel eyni zamanda hesab edir ki, hökumət pandemiya ilə mübarizədə düzgün hərəkət edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti iqtisadiyyatın dəstəklənməsi üçün ümumi həcmi 130 milyard avro dəyərində paket qəbul edib.

Qeyd edək ki, Almaniyada artıq 600 mindən çox şəxs öz iş yerlərini itirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

9
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0