İnam Kərimov, Kənd Təsərrüfatı naziri

Fermerlərimizi Fransaya göndərdik, sərgiyə qatılıblar

18
(Yenilənib 22:33 04.10.2019)
"Beynəlxalq heyvandarlıq sərgisinə bir qrup azərbaycanlı fermerlə gəlməyin əsas məqsədi onlara avropalı həmkarları ilə görüşmək, onlarla əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır"

BAKI, 4 oktyabr — Sputnik. "Fermerlərimizin heyvandarlıq üzrə beynəlxalq sərgilərdə iştirakı Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsində qarşımıza qoyduğu məhsuldarlıq və səmərəliliyin artırılması kimi vəzifələrin daha da sürətli icrasına töhfə verəcək".

Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bunu Fransanın Klermon-Ferran şəhərində "Sommet de l"elevage" ("Heyvandarlıq zirvəsi") adlı beynəlxalq heyvandarlıq sərgisində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, bu beynəlxalq heyvandarlıq sərgisinə bir qrup azərbaycanlı fermerlə gəlməyin əsas məqsədi onlara avropalı həmkarları ilə görüşmək, onlarla əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır: "Fermerlərimiz burada müxtəlif cinsdən olan heyvanları görür, heyvandarlıq sahəsində digər ölkələrin təcrübəsi ilə tanış olurlar. Eyni zamanda, onlar kənd təsərrüfatı sahəsində istifadə olunan yeni texnika ilə də tanış olmaq imkanı əldə edirlər".

İ.Kərimov bildirib ki, dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer fəaliyyətinə, xüsusilə də heyvandarlığın inkişafına qayğı və dəstəyini əsirgəmir: "Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir. Aqrar sahənin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı, o cümlədən damazlıq heyvanların ölkəmizə idxalı üçün subsidiyalar verilir. Fermerlərin aldığı hər baş iribuynuzlu heyvanın dəyərinin 60 faizi dövlət tərəfindən maliyyələşdirilir, qalan hissə isə güzəştli kreditlə ödənilir. Həmçinin kənd təsərrüfatı texnikalarının dəyərinin 40 faizi dövlət tərəfindən, qalan hissəsi isə güzəştli kreditlə ödənilir. Ölkəmizdə aqrar sahəyə göstərilən bu diqqət və qayğı kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradır".

18
Düyü, arxiv şəkli

Əziyyəti çox, qiyməti baha, gəliri az - Özümüz əkmirik, gətirəndən şikayət edirik

107
(Yenilənib 08:42 15.07.2020)
Ekspert bildirir ki, düyünün əkilməməsi və qiymətinin artmasına bu il ilk növbədə həm də Azərbaycanda quraqlıq olması, suyun çatışmaması səbəb olub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan 19 milyon dollar dəyərində 28,7 min ton düyü idxal edib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon dollar (12,5%) və 8 min ton (38,5%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Qeyd edək ki, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Lakin Azərbaycanda bu sahənin inkişafı prioritet məsələdir və bu istiqamətdə Dövlət Proqramı da qəbul edilib. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər yerli sortlar becərilib. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub.

Düyü idxalının artması ilə bağlı iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyüdə deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əllə görülür".

"Fermerləri də anlamaq olar, onlar daha gəlirli və daha asan işlərə meyl edirlər. Bu sahəyə verilən subsidiya artırılsa, bəlkə də bunu stimullaşdırmaq olar. Burada həm iqtisadi səbəblər, həm təbii amillər, həm də insanların özlərinin maddi maraq məsələləri var. Bu il ciddi şəkildə su qıtlığı yaşanır. Məsələn, fermerlər var ki, ikinci əkin kimi yüz hektarlar ilə qarğıdalı əkmək istəyirdilər, amma su yoxdur. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir", – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Keyfiyyət baxımından bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır. 

Adi düyü 2 manatdırsa, Astara düyüsünü 10 manatdan aşağı almaq olmur. Bazar boş qala bilməz, ona görə avtomatik idxal artır. İranda düyü çox ucuz qiymətə satılır".

"Dövlət hansı sahəyə dəstək göstərirsə, o iki ildən sonra özünü biruzə verir. Məsələn, vaxt var idi ki, bizdə qarğıdalı 100 faiz idxal edilirdi, qarğıdalı əkən yox idi. İndi isə hektarlarla qarğıdalı əkilir, çünki dövlət bu sahəyə dəstək verir. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər. Digər bir misal olaraq pambığı göstərək. Pambıq əkilmirdi, dövlət bu sahəyə dəstək göstərdi, indi geniş şəkildə əkilir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəal işlər görür", – deyə o qeyd edib.

Onun sözlərinə görə, fermerlərə bu sahədə daha çox yol göstərmək lazımdır: "Məsələn, bizdə "soğan sindromu" var. 2 nəfər soğan əkib, yaxşı gəlir əldə edirsə, bu səfər hamı soğan əkir. Nəticədə soğanın qiyməti çox ucuzlaşır və onlar ziyana düşürlər. Burada ixtisaslaşma olmalıdır, soğan əkən soğan, pomidor əkən pomidor əkməlidir. Müvafiq qurumlar bunu tənzimləməlidir. Tələbata uyğun əkin aparılmalıdır. Tələbatdan çox əkəndə qiymət düşür, az əkəndə də qiymət qalxır. Bunu tənzimləsələr, düyü, qarğıdalı və digər məhsulların istehsalı da normasına düşəcək".

Qeyd edək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Qara kürü, arxiv şəkli
© Sputnik / Dmitry Korobeynikov

Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. Çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilir. Bu ildən etibarən çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.

Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb, ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. 2017-ci ildə 5,1 min hektarda çəltik əkilib, ölkə üzrə 15,9 min ton məhsul toplanıb. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.

107
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

6
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

6

Şəhid olmuş mayorumuz Masallıda son mənzilə yola salınıb

0
(Yenilənib 11:55 15.07.2020)
Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun şəhid olan mayoru Anar Gülverdi oğlu Novruzov doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş tutub.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin mayoru 1976-ci il təvəllüdlü Anar  Gülverdi oğlu  Novruzov qəhrəmancasına şəhid olub. Şəhid Anar Novruzovun  cənazəsi  doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib. Şəhidin cənazəsini qarşılamaq üçün rayon sakinləri küçələrə axışaraq ehtiramlarını bildiriblər.

Şəhidin tabutuna bükülən Azərbaycanın üç rəngli bayrağı övladına təhvil verilib. Şəhid Anar Novruzov iki övlad atası idi.

0