Balla dolu metal çənlər, arxiv şəkli

Seçim bizimdir: “Qadağa olmaz”, yoxsa, “Qadağa, olmaz”

782
(Yenilənib 11:54 04.10.2019)
İqtisad Universitetinin dosenti vurğulayır ki, hər hansı bir məhsulun istehsal edilməsi üçün idxala qadağa qoymaq müasir dünyada qəbul olunan yanaşma deyil

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. "Kənd Təsərrüfatı Nazirliyi balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib: "Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək".

Təklif ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, idxala qadağa ilk növbədə bazar iqtisadiyyatının prinsiplərinə ziddir: "Digər tərəfdən, beynəlxalq ticarəti tənzimləyən müvafiq qaydalara ziddir. İndiki dönəmdə inkişaf etmiş ölkələrdə hər hansı bir məhsulun idxalına qadağa tətbiq edilmir. Qadağadan başqa yollar var – gömrük rüsumları, müəyyən standartların qoyulması və s. Hər hansı bir məhsulun idxalının qadağan olunması sağlamlıq və təhlükəsizlik tələblərindən irəli gəlmirsə, bu, yolverilməzdir. Bu, eyni zamanda bal sektorunda rəqabət prinsipinin kəskin şəkildə pozulmasına gətirib çıxardacaq. İdxal bir tərəfdən bazarda yerli istehsalçıların payını müəyyən qədər alsa da, eyni zamanda ciddi rəqabət yaradır".

O bildirib ki, daxildə hər hansı bir məhsulun istehsal edilməsi üçün idxala qadağa qoymaq müasir dünyada qəbul olunan yanaşma deyil: "Düşünmürəm ki, hökumət belə bir addıma getsin. Amma bəlli standartlar qoyula bilər, yəni dolayı, birbaşa olmayan metodlardan istifadə oluna bilər. Məsələn, ölkəyə bal idxal edilirsə, standartlara cavab verməlidir. Bunun özü də müəyyən qədər məhdudlaşmaya gətirib çıxarda bilir. Gömrük rüsumlarına baxıla bilər. İdxala qadağa qoyulsa, bal sektorunun dünya bazarından təcrid olunmasına gətirib çıxardacaq, dünya bazarında baş verənlərin bizim bal sektoruna heç bir təsiri olmayacaq. Nəzərə almaq lazımdır ki, gələcəkdə Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq istəyir və danışıqlar aparır. Qadağa yalnız sağlamlıq və təhlükəsizlik baxımdan tətbiq oluna bilər. Bu da müvəqqəti xarakter daşıyır".

"Düşünmürəm ki, xaricdən gətirilən bal daxildəki bal sektorunda ciddi paya malik olsun. İnsanlar daha çox daxildə istehsal edilən ballardan almaq istəyirlər, nəinki xaricdən gətirilən. Amma o başqa məsələdir ki, bal istehsal olunur, amma satılmır. Bunun üçün bir sıra tədbirlər görülməli və bəlli standartlar olmalıdır. İnsanlar əmin olmalıdırlar ki, istehsal olunan bal təmizdir. Bu məsələlərə diqqət yetirilməlidir", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, daxildə bal sektorunda, arıçılar arasında müəyyən standartlar tətbiq edilməli və insanlar inandırılmalıdır ki, istehsal edilən bal keyfiyyətlidir: "Burada güvən məsələsi də var. Xaricdən ucuz qiymətə balın gətirilməsi problem deyil, yerli istehsalçılara güvəni artırmaq lazımdır. Bunun üçün də müxtəlif yollar var. Reklamları ola bilər, dövlət bunlara dəstək verə bilər, təşkilatlanma olmalıdır və s. Ümumiyyətlə, Azərbaycanın bal sektorunun reklamı təşkil edilməlidir".

Qeyd edək ki, ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

782
Düyü, arxiv şəkli

Əziyyəti çox, qiyməti baha, gəliri az - Özümüz əkmirik, gətirəndən şikayət edirik

48
(Yenilənib 08:42 15.07.2020)
Ekspert bildirir ki, düyünün əkilməməsi və qiymətinin artmasına bu il ilk növbədə həm də Azərbaycanda quraqlıq olması, suyun çatışmaması səbəb olub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan 19 milyon dollar dəyərində 28,7 min ton düyü idxal edib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon dollar (12,5%) və 8 min ton (38,5%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Qeyd edək ki, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Lakin Azərbaycanda bu sahənin inkişafı prioritet məsələdir və bu istiqamətdə Dövlət Proqramı da qəbul edilib. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər yerli sortlar becərilib. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub.

Düyü idxalının artması ilə bağlı iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyüdə deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əllə görülür".

"Fermerləri də anlamaq olar, onlar daha gəlirli və daha asan işlərə meyl edirlər. Bu sahəyə verilən subsidiya artırılsa, bəlkə də bunu stimullaşdırmaq olar. Burada həm iqtisadi səbəblər, həm təbii amillər, həm də insanların özlərinin maddi maraq məsələləri var. Bu il ciddi şəkildə su qıtlığı yaşanır. Məsələn, fermerlər var ki, ikinci əkin kimi yüz hektarlar ilə qarğıdalı əkmək istəyirdilər, amma su yoxdur. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir", – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Keyfiyyət baxımından bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır. 

Adi düyü 2 manatdırsa, Astara düyüsünü 10 manatdan aşağı almaq olmur. Bazar boş qala bilməz, ona görə avtomatik idxal artır. İranda düyü çox ucuz qiymətə satılır".

"Dövlət hansı sahəyə dəstək göstərirsə, o iki ildən sonra özünü biruzə verir. Məsələn, vaxt var idi ki, bizdə qarğıdalı 100 faiz idxal edilirdi, qarğıdalı əkən yox idi. İndi isə hektarlarla qarğıdalı əkilir, çünki dövlət bu sahəyə dəstək verir. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər. Digər bir misal olaraq pambığı göstərək. Pambıq əkilmirdi, dövlət bu sahəyə dəstək göstərdi, indi geniş şəkildə əkilir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəal işlər görür", – deyə o qeyd edib.

Onun sözlərinə görə, fermerlərə bu sahədə daha çox yol göstərmək lazımdır: "Məsələn, bizdə "soğan sindromu" var. 2 nəfər soğan əkib, yaxşı gəlir əldə edirsə, bu səfər hamı soğan əkir. Nəticədə soğanın qiyməti çox ucuzlaşır və onlar ziyana düşürlər. Burada ixtisaslaşma olmalıdır, soğan əkən soğan, pomidor əkən pomidor əkməlidir. Müvafiq qurumlar bunu tənzimləməlidir. Tələbata uyğun əkin aparılmalıdır. Tələbatdan çox əkəndə qiymət düşür, az əkəndə də qiymət qalxır. Bunu tənzimləsələr, düyü, qarğıdalı və digər məhsulların istehsalı da normasına düşəcək".

Qeyd edək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Qara kürü, arxiv şəkli
© Sputnik / Dmitry Korobeynikov

Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. Çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilir. Bu ildən etibarən çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.

Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb, ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. 2017-ci ildə 5,1 min hektarda çəltik əkilib, ölkə üzrə 15,9 min ton məhsul toplanıb. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.

48
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

6
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

6
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi

Zabitlərimiz II Şəhidlər Xiyabanında dəfn olunub

0
(Yenilənib 10:52 15.07.2020)
General-mayor Polad Həşimovun cənazəsi vida üçün ilk olaraq dünən Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilmişdi.

BAKI, 15 iyul — Sputnik. Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
    © Sputnik / Stringer
1 / 6
© Sputnik / Stringer
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 14-də Tovuz rayonu istiqamətində döyüş zamanı şəhid olublar.

0