Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

"Əhaliyə istehlak kreditləri verən ayrıca banklar yaradılsın" - TƏKLİF

739
(Yenilənib 14:08 03.10.2019)
"Əhaliyə verilən istehlak kreditləri üçün tələblər ciddi olmalıdır. Yoxsa hər şeyə görə - telefon, maşın, mebel və s. almaq üçün bankdan kredit götürmək düzgün deyil. Bank ilə vətəndaş arasında münasibətlər açıq tənzimlənməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. "Milli Məclis "İstehlak kreditləri haqqında" qanun layihəsi hazırlamalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bu təklifi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli irəli sürüb. Deputat bildirib ki, bu qanun layihəsini banklar hazırlasalar, onlar öz maraqlarından çıxış edəcəklər: "Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır".

Təklif ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə "İstehlak kreditləri haqqında" qanun layihəsinin hazırlanmasına ehtiyac var: "Elə qaydalar olmalıdır ki, verilən kreditlər istehlaka deyil, daha çox istehsala yönəldilsin. Bir az iqtisadi canlanma olan kimi bizim banklar istehlak sektoruna yönəlirlər. Bu, iqtisadiyyat üçün o qədər də normal hal deyil. Xüsusilə də inkişaf etməkdə olan ölkə üçün istehlakı yox, istehsalı kreditləşdirmək lazımdır. Bununla bağlı ayrıca qanun olmalıdır və istehlaka yönəldilən kreditlər kifayət qədər məhdudlaşdırılmalıdır, kifayət qədər yüksək tələblər qoyulmalıdır".

"Əhaliyə verilən istehlak kreditləri üçün tələblər ciddi olmalıdır. Yoxsa hər şeyə görə - telefon, maşın, mebel və s. almaq üçün bankdan kredit götürmək düzgün deyil. Bank ilə vətəndaş arasında münasibətlər açıq tənzimlənməlidir. Eyni zamanda istehsala yönəldilən kreditlərin qarşısındakı maneələr ortadan qaldırılmalıdır", - deyə ekspert bildirib.

Ekspert təklif edib ki, əhaliyə istehlak kreditləri verən ayrıca banklar olmalıdır: "Xarici təcrübədə investisiya bankları var, istehlak kreditləri verən banklar var və onların fəaliyyətləri qanunlarla tənzimlənir. Məsələn, Almaniya təcrübəsində kifayət qədər istehlak üzrə ixtisaslaşmış, investisiya üzrə ixtisaslaşmış banklar var. Bu, daha effektli ola bilir. Bizdə də bunlar ayrı-ayrı olsalar, gələcəkdə daha yaxşı ola bilər. Bizim banklar hər sahəyə yönəlməklə çox da yaxşı nəticələr ortaya qoya bilmirlər. Banklar arasında ixtisaslaşma getməlidir. İstehlak kreditləri verən bankların fəaliyyəti də "İstehlak kreditləri haqqında" qanun ilə tənzimlənə bilər".

O bildirib ki, kreditlər real sektora, istehsal sektoruna yönəlməlidir: "İstehlak kreditlərinin verilməsi məhdudlaşdırılmalıdır. Bizdə "neft bumu" yaşandığı dönəmdə kifayət qədər insanlar gedib banklardan asan şəkildə kredit götürdülər və banklar da buna şərait yaratdı. Sonradan da borclanma problemi ortaya çıxdı və dövlət bunların hamısını ödəməyə məcbur oldu. Azərbaycanda ixtisaslaşmış banklar olmasa belə, yenə "İstehlak kreditləri haqqında" qanuna ehtiyac var".

"Hətta istehlak kreditinin ödənilməsi mexanizmində də kifayət qədər boşluqlar var. Bu gün elektron bankçılıq inkişaf edir, amma hələ də krediti nağd şəkildə gedib ödəyirlər. İnsanlar kreditləri elektron qaydada banklara ödəyə bilməlidirlər", - deyə o əlavə edib.

739