Bibiheybətdə neft buruğu

Dron hücumu ABŞ-la Çini geri plana atdı: Azərbaycan neft bazarından gözləsin?

563
(Yenilənib 17:28 20.09.2019)
Ekspert: "Neft bazarı həftəni 20 faizlik artımla başlamasına baxmayaraq, həftəni təxminən 63-64 dollar qiymət ilə başa vurur”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. “Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumdan sonra ABŞ öz neft ehtiyatlarının istifadəsi ilə bağlı qərar qəbul etdi və bu qərar birmənalı şəkildə neft bazarına təsir göstərdi. Hücumdan sonra təkliflərin ödənilməsində çətinliklərin ola biləcəyi və bunun da qiymət artımlarına gətirəcəyi ilə bağlı neft bazarında narahatlıq var idi. Amma artıq bazarda həmin narahatlıq yoxdur”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumdan sonra bəzi iqtisadçılar neftin dünya bazar qiymətinin 80 dollara qədər yüksələcəyini və neft böhranının yaranacağını deyirdilər:

“Amma ilkin mərhələdə bəlli idi ki, bu iddialar real deyil. Hadisə baş verən zaman qeyd etmişdim ki, bu, kəskin qiymət artımlarına gətirib çıxarmayacaq. Neft bazarı həftəni 20 faizlik artımla başlamasına baxmayaraq, həftəni təxminən 63-64 dollar qiymət ilə başa vurur”.

O qeyd edib ki, İran ilə Səudiyyə Ərəbistanı arasında gərginliyin olması birbaşa neft bazarına təsir edib: “Amma Səudiyyə Ərəbistanının ayın sonunadək tam gücü ilə istehsalı davam etdirəcəyi ilə bağlı açıqlaması bazarda volatilliyin azalması ilə nəticələnib. Birmənalı şəkildə neftin qiymətində kəskin artımların baş verəcəyini proqnozlaşdırmırıq. İndiki şəraitdə hər hansı bir qiymət artımından söhbət gedə bilməz. Amma fors-major hallar baş verərsə, yenidən Səudiyyə Ərəbistanındakı yataqlara və ya digər Körfəz ölkələrindəki yataqlara hücumlar olarsa, bu, qiymət artımına gətirib çıxara bilər. Amma mövcud şərtlər daxilində qiymət artımı proqnozlaşdırılmır”.

""OPEC plus" xüsusilə bazardakı payını saxlamaq üçün neftin qiymətinin 60 dollar ətrafında olmasını məqbul hesab edir. Növbəti dövrlər üçün hər hansı bir siyasi gərginlik və fors-major hallar baş verməsə, neftin dünya bazar qiyməti 60 dollar ətrafında dəyişəcək”, - deyə o, diqqətə çatdırıb.

Neft hasilatının azaldılması ilə bağlı kvotalar artırıla bilərmi sualına ekspert belə cavab verib: “Bu gün neft hasilatının azaldılması ilə bağlı kvotaya daha çox əməl olunur. Baxmayaraq ki, neftin gündəlik hasilatının 1,2 milyon barel azaldılması ilə bağlı öhdəliklər var. Hətta bəzi aylarda öhdəliyə əməl edilməsi 120 faizədək yüksəlir. Amma bu, hələlik qiymətlərə güclü təsir göstərmir. Bəzi ölkələr düşünürlər ki, kvotanın artırılması yolu ilə qiymətləri sabitləşdirə bilərlər. Digər ölkələr isə düşünürlər ki, kvotalar artsa, bazardakı payını itirə bilərlər. Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu, əhəmiyyətli faktorlardan biridir".

O qeyd edib ki, dünyada ən çox neft hasil edən iki ölkədən biri olan ABŞ hasilatın azaldılması ilə bağlı kvotaları dəstəkləmir: "Kvotanı dəstəkləməyən, "OPEC plus"da olmayan ölkələr bazardakı payını artırmaq imkanları qazanır. Ancaq bazardakı payını qoruyub saxlamaq "OPEC plus" üçün vacib məqamlardan biridir. Ona görə də kvotanın artırılmasına yanaşma birmənalı deyil. Bəzi ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı düşünür ki, kvotanın artırılması onların bazardakı payına birbaşa təsir göstərə bilər. Bu da onların bazar payının itirilməsinə və xüsusən ABŞ və digər ölkələrin bazar payının artırılmasına gətirib çıxara bilər".

Beş dollarlıq fərq və itirilən yüz milyonlar – Ehtiyatlı olmağa məcburuq>>

Ekspertin fikrincə, gündəlik neft hasilatının 1,6 milyon barel azaldılması ilə bağlı qərar verilsə, bu, kəskin qiymət artımına gətirib çıxarmayacaq, çünki qlobal tələb azalır: "Səudiyyə Ərəbistanı istisna olmaqla digər ölkələr hələlik neftin qiymətini məqbul səviyyədə saxlamağa, yəni 60 dollarlıq mövcud intervalı qorumağa çalışırlar. Səudiyyə Ərəbistanı daha böyük qiymət tarazlığına ümid edir. Amma reallıq budur ki, yaxın dövrlərdə, hətta yaxın illərdə kəskin qiymət artımları ancaq siyasi səbəblərdən baş verə bilər. İqtisadi faktorlar neftin kəskin qiymət artımlarını stimullaşdırmayacaq".

"Neft hasilatının azaldılmasına dair kvotalar artırılsa, bu, qiymət artımlarına və ya kəskin qiymət artımlarına gətirib çıxarmayacaq. "OPEC plus" indiki məqamda mövcud 60 dollarlıq qiyməti qoruyub saxlamağa daha çox çalışacaq, nəinki kəskin qiymət artımının reallaşmasına", - deyə o, qeyd edib.

O bildirib ki, Azərbaycanın bəlli bir öhdəliyi var: "Hasilatın pay bölgüsünə uyğun olaraq Azərbaycanda neft hasilatının artımı hələlik proqnozlaşdırılmır. Azərbaycan mövcud neft hasilatını qoruyub saxlamağa çalışan ölkələrdən biridir, çünki bizdə bum dövrü 2011-ci ildə baş verdi. 2011-ci ildən etibarən neft hasilatında azalmalar müşahidə edirik. 2011-ci ildə Azərbaycan 45,6 milyon ton neft hasil etmişdisə, bu rəqəm 2012-ci ildə 43,3 milyon tonadək azaldı. Azalma sonrakı dövrlərdə də davam etdi. Son illərin statistikasına baxsaq, Azərbaycan 2016-cı ildə 41 milyon ton neft hasil edib. 2017-2018-ci illərdə isə ayrı-ayrılıqda neft hasilatımız 38 milyon ton olub. Ona görə də Azərbaycanın mövcud hasilat potensialı fonunda kvotaların dəyişməsi Azərbaycanın neft gəlirlərinə ciddi təsir göstərməyəcək. Ölkəmizin neft gəlirlərinə təsir edən əsas faktor neftin qiymətidir".

İlin sonuna neftin qiymətləri necə olacaq sualına ekspert deyib ki, neftin qiymətinə siyasi faktorlar təsir göstərir: "Amma oktyabr ayında Çin ilə ABŞ arasında ticarət danışıqları yenidən başlayacaq. Bu da bazara təsir göstərən faktorlardan biridir. Gözlənti ondan ibarətdir ki, qiymətlər 60 dollar ətrafında dəyişəcək.

Əgər Çin ilə ABŞ-ın ticari münasibətləri gərginləşərsə, qiymətlərin 55 dollara qədər azalmasını müşahidə edə bilərik. Ancaq bu ölkələrin ticari danışıqlarında nəticə əldə olunarsa, qiymətlərin 60-65 dollar intervalında olması daha inandırıcı görünür.

Hələlik, xüsusən yaxın aylar üçün, ABŞ-Çin ticari danışıqları neft bazarındakı volatilliyi müəyyən edən əsas faktor olacaq".

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir.

563
Teqlər:
Azərbaycan, Çin, ABŞ, Səudiyyə Ərəbistanı, OPEC, hasilat, qiymət, neft
Əlaqədar
Tramp İrana qarşı sanksiyaları genişləndirdi
Neftin bu qiymətdən aşağı düşməsi bizə sərf etməyəcək
Neft zavodlarını dronlarla vurdular - VİDEO
"Neft 40 dollara düşəcək, hazırlaşın..." – Rusiyadan gözlənilməz proqnoz
Prezident: "Neft-qaz sektorunun inkişafının davamlılığı bundan sonra da prioritet olacaq"
Neft buruğu, arxiv şəkli

Yüksək qiymət özünü doğruldur, sərf edir: Yığışıb yenisini müəyyən edirlər

329
(Yenilənib 17:57 05.08.2020)
"İndi halda büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi optimal qiymətdir. Bu qiymətə pandemiyanın gözlənilən ikinci dalğasında yarana biləcək riskləri də müəyyən qədər sığortalamaq mümkündür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb. Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq. Artıq büdcə ilə bağlı layihə birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, hazırda büdcədə neftin bir barelinin qiyməti 55 dollardan götürülüb.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında neftin büdcə qiymətinin kəskin azaldılmasını şərh edib.

Ekspertin sözlərinə görə, artıq bütün proqnozlar göstərir ki, 2020-ci ildə neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğu kimi 55 dollar olmayacaq: "Qiymət 55 dollar olmayanda bu, xüsusilə neft sektorundan toplanan vergilər istiqamətində dövlət büdcəsinin birbaşa gəlirlərinə, digər istiqamətlərdə isə icmal büdcənin gəlirlərinə öz təsirini göstərəcək. Bizdə qanunvericiliyə uyğun olaraq neft vəsaitlərinin xərclənməsi ilə bağlı qızıl qayda müəyyən edilib və 2019-cu ildən tətbiq edilməyə başlayıb. Bu qayda eyni zamanda neftin qiymətinin icmal büdcənin və dövlət büdcəsinin gəlirlərinin hesablanmasında nəzərə alınması zərurətini yaradır. Əgər bu, nəzərə alınmasa büdcənin icrası prosesində çox ciddi problemlər ortaya çıxa bilər, çünki gözlənilən gəlirlər olmayacaq. Bu da düzgün xərc planlamasının aparılmasında, qənaət proqramının tətbiq edilməsində, büdcə kəsirinin idarəolunması ilə bağlı strategiyanın ortaya qoyulmasında çətinlik yaradır".

"İndiki halda 2020-ci il üçün dövlət büdcəsində neftin bir barel qiymətinin 35 dollara endirilməsi kifayət qədər optimal hesab edilə bilər. Çünki müxtəlif proqnozlara görə ilin sonunadək neftin qiymətinin 37-45 dollar, hətta bəzi hallarda 50 dollaradək olması gözlənilir. İndi halda büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi optimal qiymətdir. Bu qiymətə pandemiyanın gözlənilən ikinci dalğasında yarana biləcək riskləri də müəyyən qədər sığortalamaq mümkündür" – deyə o qeyd edib.

Ekspert bildirib ki, büdcə proqnozdur, planlamadır: "Yəni burada əksini tapan rəqəmlər mütləq olacaq deyə bir şey yoxdur. Məsələn, neft sektorundan vergi daxilolmaları 2,5 milyard manat proqnozlaşdırılsa da, reallıqda vəziyyət tamamilə fərqli ola bilər. İndiki şərtlər daxilində büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi absurddur, reallığı əks etdirmir. 55 dollarla hesablanmış proqnozlaşdırma nöqsanlara gətirib çıxarda bilər. Büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi o deməkdir ki, bundan sonrakı dövrdə neft sektorundan daxil olan vergi gəlirlərinin hesablanması məhz 35 dollar üzərindən aparılacaq. Yəni neft sektorundan vergi gəlirləri daha az hesablanacaq. Eyni zamanda icmal büdcəyə daxil olan Dövlət Neft Fondunun gəlirlərinin proqnozlaşdırılması reallığa uyğunlaşdırılacaq və daha az gəlir nəzərdə tutulacaq. Reallıq 35 dollar ətrafında dəyişirsə, gəlirlər də o istiqamətdə formalaşacaq".

Sosial xərclərdən də danışan ekspert bildirib ki, büdcənin sosial xərcləri qorunan xərclərdir: "İstənilən halda bu öhdəliklərin yerinə yetirilməsi dövlətin borcudur. Əgər büdcə gəlirləri bunu təmin etməsə belə, dövlət borclanmaya gedərək bu xərclər istiqamətində öhdəliklərini yerinə yetirməlidir. İndiki şəraitdə pandemiya ilə bağlı sosial xərclərin artırılması nəzərdə tutulur. Ümumilikdə sosial xərclərdə 369 milyon manat artım nəzərdə tutulur".

Qeyd edək ki, Milli Məclisə daxil olan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat məbləğində olacağı əksini tapıb.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat nəzərdə tutulur. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat məbləğində təsdiq edilmişdi.

329
Manat, arxiv şəkli

Dövlət büdcəsi layihəsinin tərtibi dayandırıldı

6
(Yenilənib 15:36 05.08.2020)
"Büdcə sistemi haqqında" qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tərtibi 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Azərbaycanda dövlət büdcəsi layihəsinin tərtibi prosesinin təxirə salınması təklif edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, "Büdcə sistemi haqqında" qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklə "Büdcə sistemi haqqında" qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tərtibi 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılır.

Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

6
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0