Arı, arxiv şəkli

Adamdan çox arını sayırlar: gecikən itirdi

28
(Yenilənib 14:22 14.09.2019)
Hansı arıçı onlayn qeydiyyat sistemində tez qeydiyyatdan keçibsə, onun yarmarkada iştirak etmək imkanı yaranıb. Qaydaya görə, iştirakçının arı sayı 20-dən az olmamalıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Bal yarmarkasında iştirak etmək üçün qeydiyyatdan keçən 485 arıçıdan 185-i kənarda qalıb.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mais Musayev məlumat verib. O, bildirib ki, qeydiyyat prosesində 485 arıçı qeydiyyatdan keçsə də, yarmarkada 300 yer olduğundan, 185 arıçının iştirakı mümkün olmayacaq. M.Musayevin sözlərinə görə, qeydiyyatdan keçən arıçıların yarmarkada iştirak üçün seçimi isə əvvəlcədən elan olunmuş qaydalar əsasında həyata keçirilib: "Qeydiyyatdan keçən arıçıların yarmarkada iştirak üçün seçimi, onların onlayn qeydiyyat sisteminə uyğun, sıralama əsasında aparılıb. Hansı arıçı onlayn qeydiyyat sistemində tez qeydiyyatdan keçibsə, onun yarmarkada iştirak etmək imkanı yaranıb. Biz bu barədə əvvəlcədən elan verdikdə bildirmişdik. Həmçinin arıçıların seçimində onların arı ailəsinin sayı da nəzərə alınıb. Qaydaya görə, iştirakçının arı sayı 20-dən az olmamalıdır. Eyni zamanda, biz arıçıların subsidiya alıb-almadığını da nəzərə almışıq. Subsidiya alan arıçıların yarmarkada iştirakına imkan yaradılıb".

M.Musayev onu da bildirib ki, bəzi arıçılar subsidiya alsalar da, qeydiyyatdan ailə üzvlərinin adından keçiblər: "Bu isə qaydalara ziddir. Biz elanda qeyd etmişdik ki, subsidiya alan arıçı öz adına qeydiyyatdan keçməlidir. Yarmarkada özünün imkanı olmasa, ailə üzvlərindən kiməsə bal satmaq üçün etibarnamə verilə bilər".

M.Musayev hazırda arıçılardan balların qəbul edildiyini, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nümayəndələri tərəfindən yoxlanıldığını söyləyib. Onun sözlərinə görə, nümunə üçün bir arıçının gətirdiyi balın yoxlanılması prosesi təxminən üç gün çəkəcək. Balı keyfiyyətli çıxan arıçılara iştirak tarixi barədə mesaj göndəriləcək.

28
Əlaqədar
Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur
Bazarda saxta bal olmayacaq – Hamısı nəzarətdən keçəcək
Bal yarmarkasında yenilik - barkod nömrələri olacaq