Ölü balıq, arxiv şəkli

Aclıq, yoxsa çılpaqlıq? "Təyinat gözləyən" balıqlar məhv olur

586
(Yenilənib 17:43 28.08.2019)
Süni göllərdə su dəyişməyəndə balıqlar oksigen çatışmazlığından məhv olur. Onların gözlədiyi suyu isə pambıq tarlalarına yönəldirlər - və burada son sözü qanun deyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Sosial şəbəkələrdə Salyan rayonunda balıqların kütləvi tələf olması barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Salyan rayonunda bir neçə balıq gölündə quruma təhlükəsi yaşanır. Rayonun Həsənli kəndi ərazisində yerləşən süni göllərdə suyun olmaması balıqların kütləvi tələf olmasına səbəb olub. Təsərrüfat sahibləri bildiriblər ki, artıq bir neçə aydır ki, su olmadığına görə sözügedən göllərdə balıqların ölümü müşahidə olunur. Onların sözlərinə görə, göllərdə su günü-gündən azalır. Göldə suyun yenilənməməsi balıqların zəhərlənməsinə səbəb olur.

Sputnik Azərbaycan-ın əməkdaşı balıqçılıq təsərrüfatlarında balıqların kütləvi ölümünə gətirib çıxardan amili, süni balıq göllərinə suyun verilməməsinin səbəbini araşdırıb. Məlum olub ki, regionlarda süni balıq göllərinə suyu su birlikləri verir.

Aran Su Birliyinin sədri Əfqan Ələkbərovun bildirdiyinə görə, hazırda pambıq təsərrüfatları suvarıldığı üçün su növbəli şəkildə verilir. Həsənli kəndində su qıtlığı təkcə bu təsərrüfatlarda yox, ərazidə mövcud olan göllərin hamısında yaşanır. Həmin təsərrüfatlar uzaq olduğuna görə suyun yığılması ləng gedir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su birliklərinin suyu təsərrüfatlara verməsi məsələsi Rayon İcra Hakimiyyətləri tərəfindən tənzimlənir. Belə ki, təsərrüfatlara su verilərkən əkin sahələrinin suvarılması məsələsinə həssas yanaşılır:

"Suyun verilməsində qərəzli yanaşmadan söhbət gedə bilməz. Sadəcə yay aylarında suvarma məqsədilə suya tələbat artdığından, süni göllərə suyun verilməsi gecikir. Hazırda Salyan rayonunda balıqçılıq təsərrüfatı sahiblərinin də narazılığına səbəb olan budur. Bəzi ekoloji səbəblərə görə yay aylarında kanala yığılan su azalır. Bu isə təsərrüfatlara suyun verilməsində ləngimələrə səbəb olur. Rayon İcra Hakimiyyəti su birliklərinə suyun əkin sahələrinə verilməsi barədə tapşırıq verirsə, bu zaman həmin təşkilatlar buna əməl etmək məcburiyyətində qalırlar".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, balıqçılıq təsərrüfatlarının yaradılması müsbət haldır. Bu, ölkədə balıq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi imkanlarını artırır. Lakin F.Fikrətzadə bu gün balıqçılıq təsərrüfatlarının çoxunun kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılmasının torpaq və su resurslarından qanunsuz istifadəyə yol açdığını söyləyib. Həmsöhbətimiz bildirib ki, süni balıq göllərinin çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Bu isə həmin təsərrüfatlar üçün müəyyən problemlərə, eləcə də suyun verilməsi kimi narazılıqlara gətirib çıxardır.

Bu zaman sual yaranır ki, süni balıq gölləri, balıqçılıq təsərrüfatları harada yaradılmalıdır?

Suala cavab axtarmazdan öncə xatırladaq ki, bu günədək ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Dövlət Əmlak Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirləri nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

Sahildə ölü balıqlar, arxiv şəkli
© AP Photo / Silvia Izquierdo

Dövlət Əmlak Komitəsinin mətbuat katibi Qulu Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir: "Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır".

Ehtiyatlı olun: risk qrupunda olan ərzaqlar hansılardır?>>

Q.Xəlilovun sözlərinə görə, Torpaq Məcəlləsinə əsasən, torpaqlar 7 kateqoriyaya bölünür. Torpaqdan istifadə təyinatı üzrə aparılmalıdır. Həmsöhbətimiz deyir ki, torpaqdan qanunsuz istifadə halları aşkarlandıqda Dövlət Əmlak Komitəsi buna yol verən təsərrüfat sahiblərini qanunamüvafiq şəkildə cərimə edir. Ona görə də kənd təsərrüfatlı təyinatlı torpaqda balıqçılıq təsərrüfatı ilə məşğul olmazdan, süni göllər yaradılmazdan öncə, torpaq sahibləri mütləq torpağın təyinatının dəyişdirilməsi üçün müraciət etməlidirlər.

Qeyd edək ki, süni göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fonduna daxil qış otlaq sahələrində yaradılıb. Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib. Balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir.

586
Teqlər:
torpaq, təsərrüfat, balıq ölümləri, balıqçılar, balıq
Əlaqədar
Bakı çimərliklərində ölü balıqlar sahili "bəzəyir" - səbəb nədir?
Pirşağının ölü balıqları bazara çıxa bilər - qanun susur, qurumlar "oynayır"