ABŞ dolları, arxiv şəkli

Brut, sən də?! İngiltərə dünyanı dollardan imtina etməyə çağırdı

1089
(Yenilənib 18:33 27.08.2019)
Artıq inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələr də dollar aktivlərindən imtina etməyə başlayıblar

BAKI, 27 avqust — Sputnik. Dünyanın ən nəhəng iqtisadiyyatları ehtiyat valyuta kimi dollardan imtina etməyə hazırdırlar. Bu dəfə isə İngiltərə Bankının sədri dünyanın mərkəzi banklarını dollara "qlobal alternativ" yaratmağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair şərhində dollara rəqib ola biləcək "qlobal rəqəmsal valyuta" və digər alternativlərdən yazıb.

Xatırladaq ki, düz bir il əvvəl Dünya Bankının iqtisadçıları dünya üzrə dedollarlaşma prosesinin başladığını və bunu artıq dayandırmağın mümkün olmadığını bildirirdilər. 2008-ci ilin qlobal maliyyə böhranından etibarən dünyanın mərkəzi bankları öz ehtiyatlarında Amerika valyutasının payını 7 faiz azaldıblar. 2018-ci ildə isə inkişaf etməkdə olan ölkələr aktiv şəkildə ABŞ dollarlarını və istiqrazlarını satıblar. Onlardan bəziləri bunu öz valyutalarını möhkəmləndirmək məqsədilə, digərləri isə Vaşinqtonla olan münaqişə səbəbindən ediblər.

Lakin inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələr də dollar aktivlərindən imtina etməyə başlayıblar: məsələn, apreldə Britaniya dəyəri 16,3 milyard dollar olan ABŞ istiqrazlarını satıb.

İndi isə görünür London bu məsələdə daha ciddi addımlar atmağa niyyətlidir.

İngiltərə Bankının sədri Mark Karni Kanzas Federal Ehtiyatlar Bankının Cekson Houlda baş tutmuş iqtisadi simpoziumunda çıxışı zamanı bildirib ki, dollar artıq qlobal ehtiyat valyutası statusuna layiq deyil və buna görə də dünyanın mərkəzi bankları birləşərək ona əvəz tapmalıdırlar.

Karni Amerika valyutasının qlobal ticarətdə əhəmiyyətinin "qeyri-adekvat dərəcədə artıq" olduğunu vurğulayıb və onun fikrincə, bu hal dünya iqtisadiyyatının sabitliyini pozur. O, əmindir ki, dolların qlobal ticarətdə və maliyyə sistemində hakim mövqe tutması inflyasiyaya nəzarətdə və stabilliyin təminatında problemlər yaradır.

Onun fikrincə, ehtiyat valyuta kimi dolların əvəzinə "qlobal rəqəmsal valyuta" qəbul edilməlidir. Karni hesab edir ki, belə bir valyuta ticarəti və beynəlxalq ödənişləri asanlaşdıracaq və dünya iqtisadiyyatının dollardan asılılığını azaldacaq.

İngiltərənin baş bankiri həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın başladığı ticarət müharibəsi səbəbindən dollardan asılılıq çox riskli bir hala gəlib çıxıb.

Lakin ekspertlər vahid rəqəmsal valyuta ideyasına elə də müsbət yanaşmırlar: onların fikrincə, bütün ölkələr bu məsələ ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Bu isə elə də asan deyil, çünki Karninin təklifi mərkəzi bankların suverenliklərinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, qlobal rəqəmsal valyutaya alternativ olan başqa bir təşəbbüs də var. Belə ki, iyunun sonlarında Britaniya, Fransa və Almaniya "INSTEX" (Instrument in Support of Trade Exchanges) adlı maliyyə əməliyyatları sistemini işə salıblar. Bu sistem ABŞ sanksiyalarından yan keçərək İran neftini almağa imkan verir.

Sistem daxili ödənişlər dollar yox, avro ilə aparılır. İyunun 28-dən etibarən bu sistem bütün Avropa İttifaqı ölkələri tərəfindən istifadə oluna bilər və ondan tezliklə digər ölkələrin də şirkətləri faydalana biləcəklər.

Ekspertlər əmindirlər ki, "INSTEX" ABŞ-ın dünya iqtisadiyyatını idarə etmək səylərinə zərbə endirəcək, çünki yalnız Avropa yox, Ağ Evin sanksiya rejiminə riayət etmək niyyətində olmayan istənilən ölkə bu sistemin vasitəsilə dollardan azad olacaq.

1089