SOCAR Polymer zavodu

Yeni fərman ölkənin ixrac potensialını artıracaq

76
(Yenilənib 18:51 08.08.2019)
Propan və butan qazları idxalının əlavə dəyər vergisindən azad edilməsi nəticəsində polimer məhsullarından ixrac gəlirləri artacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2019-cu il tarixli 763 saylı Fərmanı ilə propan və butanın idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materiallar siyahısına daxil edilib. Nazirlər Kabinetinin 300 saylı qərarı ilə həmin məhsulların gömrük rüsumlarının tarif dərəcəsi 15 manatdan sıfır manata endirilib, başqa sözlə, ləğv edilib.

Bu barədə Sputnik Azərbaycan-a SOCAR-dan məlumat verilib.

Bu isə öz növbəsində SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin və "SOCAR Polymer" zavodlarının istehsal imkanlarından səmərəli istifadə edərək, polietilen, polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının istehsal və ixrac həcmlərini, eləcə də ölkəyə xarici valyuta daxilolmalarını artırmağa əlavə imkan yaradacaq.

Bu qərar, həmçinin "SOCAR Polymer"in məhsullarından xammal kimi istifadə etməklə plastik istehlak məhsullarının istehsalına stimul verəcək, kiçik və orta sahibkarlığın inkişafı və qeyri-neft sektorunun daha da genişlənməsi üçün münbit şərait yaradacaq.

Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan butan və proran aralıq məhsulu olaraq SOCAR-ın "Azərikimya" İB-nə, oradan da "SOCAR Polymer"ə göndərilir və istehsalat prosesində polietilen, polipropilen və yüksək sıxlıqlı polietilen məhsulları üçün xammal rolu oynayır. Xarici bazarda bu məhsullara olan tələbat yaxın illərdə "SOCAR Polymer"in istehsal həcminin yüksəlməsinə və ixrac potensialının 30%-ə qədər artırılmasına səbəb ola bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də keçirilmiş müşavirədə bu ilin birinci yarısında ölkə iqtisadiyyatının 2,4 faiz, qeyri-neft sektorunun isə 3,2 faiz artdığını bildirib, qeyri-neft sektorundakı artımda bu il istifadəyə verilmiş "SOCAR Karbamid" və "SOCAR Polymer" zavodlarının istehsal həcmlərinin kifayət qədər böyük olduğunu qeyd edib.

76