Pul

Minimum əmək haqqının artması üçün stimul var - Nazir

72
(Yenilənib 14:28 07.08.2019)
Bu il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb

BAKI, 7 avqust — Sputnik. "Cari ildə minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əmək haqqı 20-50 faiz artırılıb. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. 

Minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, builki sosial islahatlar nəticə etibarilə birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb. O əlavə gəlirlərin, demək olar ki, tam həcmini sosial sahəyə yönəltdiklərini vurğulayıb.

Nazir qeyd edib ki, cari ilin may ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan DOST Agentliyi və ilk DOST mərkəzi ölkəmizin dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməyə imkan verib. Artıq 23 minədək şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaşların tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq səviyyəsi 4 faiz təşkil edir.

S.Babayev dövlət başçısının tapşırığı ilə cari ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsinin ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardan olduğunu deyib. Bildirib ki, bu e-sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə cari ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb. Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları belə proaktiv formada reallaşacaq.

Nazir yeni qurulan altsistemlərin, həmçinin "Məşğulluq" altsisteminin əhəmiyyətini vurğulayıb. İlin ikinci yarımilində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin də işə salınacağını qeyd edib.

S.Babayev 2019-cu ilin birinci yarımilində nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib. O, cari il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 4 mindən çox şəxsin təlimlərdən keçdiyini, 1100-dən çox şəxsin aktivlərlə təmin edildiyini deyib. Qeyd edib ki, cənab Prezidentin tapşırığı ilə proqramın genişləndirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi önəm verilir.

Nazir həmçinin dövlət başçısının təşəbbüsü ilə icra olunan "İşsizin DOST-u" proqramı çərçivəsində bu ilin 6 ayında 38 min insanın əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edildiyini bildirib. O, qeyri-neft sektorunun inkişafı, özəl sektorun genişlənməsi şəraitində işəgötürənlərlə, xüsusilə biznes strukturları ilə fəal əməkdaşlıq müstəvisində aktiv məşğulluq tədbirlərinin getdikcə daha da gücləndirilməsinin, bu sahədə "Məşğulluq" altsisteminin imkanlarından səmərəli istifadə edilməsinin, işlə təminat üzrə göstəricinin getdikcə yüksəldilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib.

Ataların analıq keyfi - maaşını al, işə getmə>>

S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, cari ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib. Cari il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb. Nazir bildirib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.

Nazir mühüm sosial proqramların, o cümlədən şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmin kateqoriyaya aid əlilliyi olanların minik avtomobili ilə təminatı tədbirlərini də diqqətə çatdırıb.

İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Heydərov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, Ümumi şöbənin sektor müdiri Günel Nəsibova nazirliyin müvafiq fəaliyyət sahələrində görülən işlər və aparılan islahatların nəticələri barədə məlumat veriblər.

Görülmüş işlərin yekunları ətraflı təhlil olunub. Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə sosial sahə ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub. İkinci sosial paketin icrasının təmin edilməsi üçün aparılan işlər bir daha nəzərdən keçirilib. Özünüməşğulluq proqramının əhatə dairəsinin, DOST xidmətləri və reabilitasiya müəssisələri şəbəkəsinin, əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, qeyri-leqal məşğulluğun qarşısının alınması və s. istiqamətlərdə görüləcək işlər müzakirə edilib, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

72
Teqlər:
artım, nazir, minimum əmək haqqı, maaş
Əlaqədar
Minimum əməkhaqqının artımı barədə dəqiq rəqəmlər açıqlandı - RƏSMİ
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşdı

4
"Brent" markalı neftin qiyməti 0,36 dollar bahalaşaraq 45,53 dollar, "Light" markalı neftin qiyməti isə 0,22 dollar artaraq 42,41 dollar təşkil edib.

BAKI, 6 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 1,71 dollar artaraq 47,16 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,36 dollar bahalaşaraq 45,53 dollar, "Light" markalı neftin qiyməti isə 0,22 dollar artaraq 42,41 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

4
Neft buruğu, arxiv şəkli

Yüksək qiymət özünü doğruldur, sərf edir: Yığışıb yenisini müəyyən edirlər

346
(Yenilənib 17:57 05.08.2020)
"İndi halda büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi optimal qiymətdir. Bu qiymətə pandemiyanın gözlənilən ikinci dalğasında yarana biləcək riskləri də müəyyən qədər sığortalamaq mümkündür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb. Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq. Artıq büdcə ilə bağlı layihə birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, hazırda büdcədə neftin bir barelinin qiyməti 55 dollardan götürülüb.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında neftin büdcə qiymətinin kəskin azaldılmasını şərh edib.

Ekspertin sözlərinə görə, artıq bütün proqnozlar göstərir ki, 2020-ci ildə neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğu kimi 55 dollar olmayacaq: "Qiymət 55 dollar olmayanda bu, xüsusilə neft sektorundan toplanan vergilər istiqamətində dövlət büdcəsinin birbaşa gəlirlərinə, digər istiqamətlərdə isə icmal büdcənin gəlirlərinə öz təsirini göstərəcək. Bizdə qanunvericiliyə uyğun olaraq neft vəsaitlərinin xərclənməsi ilə bağlı qızıl qayda müəyyən edilib və 2019-cu ildən tətbiq edilməyə başlayıb. Bu qayda eyni zamanda neftin qiymətinin icmal büdcənin və dövlət büdcəsinin gəlirlərinin hesablanmasında nəzərə alınması zərurətini yaradır. Əgər bu, nəzərə alınmasa büdcənin icrası prosesində çox ciddi problemlər ortaya çıxa bilər, çünki gözlənilən gəlirlər olmayacaq. Bu da düzgün xərc planlamasının aparılmasında, qənaət proqramının tətbiq edilməsində, büdcə kəsirinin idarəolunması ilə bağlı strategiyanın ortaya qoyulmasında çətinlik yaradır".

"İndiki halda 2020-ci il üçün dövlət büdcəsində neftin bir barel qiymətinin 35 dollara endirilməsi kifayət qədər optimal hesab edilə bilər. Çünki müxtəlif proqnozlara görə ilin sonunadək neftin qiymətinin 37-45 dollar, hətta bəzi hallarda 50 dollaradək olması gözlənilir. İndi halda büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi optimal qiymətdir. Bu qiymətə pandemiyanın gözlənilən ikinci dalğasında yarana biləcək riskləri də müəyyən qədər sığortalamaq mümkündür" – deyə o qeyd edib.

Ekspert bildirib ki, büdcə proqnozdur, planlamadır: "Yəni burada əksini tapan rəqəmlər mütləq olacaq deyə bir şey yoxdur. Məsələn, neft sektorundan vergi daxilolmaları 2,5 milyard manat proqnozlaşdırılsa da, reallıqda vəziyyət tamamilə fərqli ola bilər. İndiki şərtlər daxilində büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi absurddur, reallığı əks etdirmir. 55 dollarla hesablanmış proqnozlaşdırma nöqsanlara gətirib çıxarda bilər. Büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi o deməkdir ki, bundan sonrakı dövrdə neft sektorundan daxil olan vergi gəlirlərinin hesablanması məhz 35 dollar üzərindən aparılacaq. Yəni neft sektorundan vergi gəlirləri daha az hesablanacaq. Eyni zamanda icmal büdcəyə daxil olan Dövlət Neft Fondunun gəlirlərinin proqnozlaşdırılması reallığa uyğunlaşdırılacaq və daha az gəlir nəzərdə tutulacaq. Reallıq 35 dollar ətrafında dəyişirsə, gəlirlər də o istiqamətdə formalaşacaq".

Sosial xərclərdən də danışan ekspert bildirib ki, büdcənin sosial xərcləri qorunan xərclərdir: "İstənilən halda bu öhdəliklərin yerinə yetirilməsi dövlətin borcudur. Əgər büdcə gəlirləri bunu təmin etməsə belə, dövlət borclanmaya gedərək bu xərclər istiqamətində öhdəliklərini yerinə yetirməlidir. İndiki şəraitdə pandemiya ilə bağlı sosial xərclərin artırılması nəzərdə tutulur. Ümumilikdə sosial xərclərdə 369 milyon manat artım nəzərdə tutulur".

Qeyd edək ki, Milli Məclisə daxil olan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat məbləğində olacağı əksini tapıb.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat nəzərdə tutulur. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat məbləğində təsdiq edilmişdi.

346
Manat, arxiv şəkli

Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb

0
(Yenilənib 14:11 06.08.2020)
"Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək

BAKI, 6 avqust — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Ləğv prosesində olan "Atabank" ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, "Amrahbank" ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, "NBC Bank" ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin, "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

0