100 manatlıq əskinazlar

Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər

2168
(Yenilənib 19:50 06.08.2019)
"Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Hazırda manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var və bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı. Manat devalvasiya yox, revalvasiya (bahalaşma) təzyiqi altındadır. Lakin bunun mənfi tərəfləri, müsbətdən daha çoxdur". Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, valyutanın qiymətini sərbəst bazar müəyyən etməlidir, yəni bu, tələb və təklifdən asılı olmalıdır: "Artıq 2 ildən çoxdur ki, manatın məzənnəsi sabit qalıb. Yəni bütün dünya valyutalarının məzənnəsi dəyişir, bizdə isə dəyişmir. Bir mənalı demək olmaz ki, manatın məzənnəsi necə olmalıdır, çünki əslində biz tələb ilə təklifi bilmirik. Mərkəzi Bank ilə Neft Fondu daimi əsaslarla bazara müdaxilə edir və qoymur ki, məzənnə dəyişsin".

Onun sözlərinə görə, Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər: "Bunun üçün Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Neft Fondunun valyuta ehtiyatı 40 milyard dolları keçib. Bu gün Azərbaycanın təxminən 50 milyard dollar valyuta ehtiyatı var. Azərbaycanda pul bazası təxminən 10 milyard manatdır. Bu gün dövlət istəsə manatı bahalaşdıra bilər, amma bunu etmək olmaz. Məsələn, Azərbaycan bütün valyuta ehtiyatlarını bazarda satsa, bu zaman 1 dollar təxminən 22 qəpik olacaq. Amma milli valyutamızı qorumaq üçün bütün valyuta ehtiyatlarını götürüb xərcləmək düzgün olmaz və bunun effekti də yoxdur".

"Mən deyə bilmərəm ki, manat ucuzlaşmalıdır, yoxsa bahalaşmalıdır. Ancaq deyirəm ki, bütün normal iqtisadiyyatlarda olduğu kimi, manatı da Mərkəzi Bank sərbəst buraxmalıdır. Manatın məzənnəsini də bazar müəyyən etməlidir"- ekspert qeyd edib.

Onu da qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: "Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".

2168
Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında konkret ciddi vəzifələr qoyulub”

55
(Yenilənib 23:47 12.08.2020)
Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir
İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.

“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

55
Kişi yeni evinin qapısından baxır, arxiv şəkli

Əcnəbilərdən başqa hər kəs bir pillə aşağı - Kirayə bazarı hərəkətə gəldi

510
(Yenilənib 00:10 13.08.2020)
Kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Hər il yeni tədris ilinin başlanması ilə bağlı avqust ayında kirayə bazarında canlanma müşahidə edilirdi. Bu il pandemiya ilə əlaqədar bazarın bu seqmentində durğunluq yaransa da, mütəxəssislər hesab edirlər ki, son həftədə az da olsa, hərəkətlilik sezilir.

Amma bu dəfə vətəndaşlar kirayə tutmaq üçün daha ucuz ev axtarırlar.

Hazırda kirayə bazarında vəziyyət necədir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, son bir həftədə paytaxtda kirayə bazarında bir hərəkətlənmə müşahidə edilib. Belə ki, ucuz kirayə evlərə tələbat artıb.

"Hazırda hamı 250 manata ev axtarır. 250 manata verilən evlər isə pandemiyadan əvvəl 350 manata kirayə verilən evlərdir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir", - deyən ekspert bildirib ki, kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir.

Mütəxəssis hesab edir ki, kirayə ev axtaranların əksəriyyəti tələbələr və iş üçün bölgələrdən paytaxta gələn vətəndaşlardır. E.Fərzəliyevin fikrincə, obyektlərin kirayə verilməsində isə vəziyyət fərqlidir.

Belə ki, müəyyən müddət işləməyə icazə olmadığı üçün obyektlərin çoxu boşaldıldı.

Onun sözlərinə görə, obyektlərin kirayə qiymətlərində ucuzlaşma müşahidə edilmir:

"Məsələn, aylıq icarə haqqı 1000 manat olan obyektlər 500 manata icarəyə verilsə, sahibkarlar fəaliyyətini davam etdirə bilərlər. Amma obyekt sahibləri bu ucuzlaşmaya getmirlər. Obyektlərini bağlı, boş saxlayırlar, amma ucuz icarəyə vermirlər. Çünki obyektlərin satış dəyəri onun icarə qiymətindən asılıdır. Belə ki, obyektlər satış dəyərinin 0,5 faizi dəyərində icarəyə verilir. Məsələn, 100 min-150 minlik satış dəyəri olan bir obyektin 500 manat icarə dəyəri olmalıdır. Belə obyektlər 200-300 manata icarəyə veriləndə onun satış qiyməti 70-80 min manata düşür. Obyekt almağı düşünən şəxslər icarə dəyərini nəzərə alırlar".

Ekspert qeyd edir ki, sərt karantin dönəmində bağ evlərinə ciddi tələbat olduğu üçün bağ evlərinin qiymətləri kəskin artdı: "Yay mövsümü artıq bitdiyi üçün bağ evləri də bir müddət sonra boşalacaq və qiymətlər düşəcək".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, may ayından etibarən tələbələrin regionlara geri qayıtması ilə bağlı kirayə bazarında müəyyən dəyişikliklər müşahidə edilməyə başlanılıb.

"Bu daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində müşahidə edilir. Çünki ölkədə kirayə bazarının 30-35 faizini tələbələr təşkil edirlər. Bunların getməsi ilə bağlı bu üç şəhərdə gün ərzində 200-250 mənzil boşaldı", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, iyun-iyul aylarında kirayə evlərinin boşaldılması halları daha intensiv olub. Və təkcə tələbələr deyil, regionlardan paytaxta işləməyə gələn şəxslər də evləri boşaldıblar: "Bu özünü daha çox iyulun sonlarında göstərdi. Eyni zamanda həmin mənzillərin təkrar kirayə verilməsi müşahidə edildi. Yəni 500 manatlıq kirayə evdə qalanlar 400 manatlıq kirayə evlərə, 400 manatlıq kirayə evlərdə qalanlar 300 manatlıq kirayə evlərə köçdülər".

Ekspert deyir ki, bu dövr ərzində kirayə qiymətləri 20-30 faiz ucuzlaşıb. Onun sözlərinə görə, daha çox 600-700 manatlıq evlərə tələbat olduğu üçün bahalı evlər boşaldıldı.

Kirayə bazarında olan kasadlıq günlük kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Belə ki, xarici vətəndaşların Azərbaycana səfərləri olmadığı üçün hazırda günlük kirayə bazarı tamamilə boşdur.

E.Azadovun fikrincə, xarici vətəndaşlar tərəfindən icarə götürülən 1000-1500 manatlıq kirayə evlərin bazarında heç bir dəyişiklik müşahidə edilməyib:

"Bu evlər Azərbaycanda çalışan xarici vətəndaşlar tərəfindən götürülür. Burada qalıb işləyən xarici vətəndaşlar işlərinə davam etdikləri üçün həmin bazarda dəyişiklik hiss edilməyib".

Ekspert bildirib ki, daha çox istirahət üçün nəzərdə tutulan villa və bağ evlərinin kirayə qiymətlərində bahalaşma müşahidə edilib.

Belə ki, bu bazarda qiymətlərin 2 dəfə bahalaşması heç bir zaman görülməmişdi: "Amma pandemiya dövründə 5000 manata kirayə verilən villaların icarə qiymətinin 10 min manata qalxması halları da müşahidə edildi".

E.Azadov bildirir ki, kirayə bazarında hərəkətlilik davam edir və bu tendensiya karantin rejiminin yumşaldılması ilə bağlı dəyişəcək.

510
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Əmlak bazarında son vəziyyət - qiyməti saxlamaq naminə söküntü başlayacaq
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Kirayə bazarında böhran: İcarədar işsizlikdən dad edir, sahibkar “verməlisən” deyir
Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

0
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

0