Buğda

Pul bizim, toxum onların, torpaq bizim, məhsul onların Sonra da “bahadır” deyirik

393
(Yenilənib 16:53 02.08.2019)
Ölkədəki bahaçılığın daha bir səbəbi tapıldı, özü də çox sadə səbəbi

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. "Tərəvəz toxumçuluğunda illik tələbatımız təxminən 200 min tondur, yerli istehsal bunu dəstəkləyə bilmir və idxal olunur. Yerli istehsal arpa toxumçuluğunun 24 faizini, buğda toxumçuluğunun isə 56 faizini qarşılaya bilir. Ölkənin taxıl toxumuna olan tələbatı 150 min ton civarındadır və bunun 80 min tonu yerli istehsaldır".

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Azərbaycanda toxumçuluğun mövcud vəziyyəti və inkişafından danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, reallıqda vəziyyət odur ki, sahibkarlar, iş mühiti arasında bizim milli toxumçuluğa inamsızlıq var: "Taxıl toxumçuları toxumu daha çox xaricdən, xüsusən Rusiyadan alırlar. Tərəvəz toxumçuları isə toxumu daha çox Türkiyə, Hollandiya və digər ölkələrdən gətirirlər. Əsas problem yerli istehsalın toxum tələbatını tam ödəyə bilməməsidir".

Ekspert bildirib ki, "Toxumçuluq haqqında" qanun qəbul edilib və bu sistemin yenidən qurulması prosesi gedir: "Belə ki, xəstəlik və zərərvericilərə qarşı dözümlü sortların yaradılması, onların dövlət qeydiyyatına alınması və həmin toxumların böyük təsərrüfatlarda istehsalda tətbiq olunması prosesi gedir. Məqsəd odur ki, elmi-seleksiya işi gücləndirilsin, yeni hibrid sortlar əldə edilsin. Hazırda bu proses gedir. Tərəvəzçilik, meyvəçilik institutları yenidən qurulub və digər elmi-tədqiqat institutlarının fəaliyyəti də yenidən qurulur".

O, qeyd edib ki, artıq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib və ilk toxum mağazası Xaçmazda açılıb: "Digər rayonlarda da toxum mağazalarının açılması gözlənilir. Məqsəd fermerləri mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, yüksək keyfiyyətli toxumla təmin etməkdir. Şəbəkələşmə olmalıdır ki, fermerlər toxum ala bilsinlər".

Ekspert Azərbaycanda toxum birjasının yaradılması məsələsinə də toxunub: "Ölkəmizdə toxum birjasının yaradılması üçün böyük potensial var və ölkənin toxum birjası olmalıdır. Bizdə sertifikatlı toxumçuluqla məşğul olan 130-dan çox təsərrüfat var. Onlar toxumlarını harada satmalıdırlar? Onlar üçün bir bazar açılmalıdır. 

Toxum birjası yaxşı ideyadır. Birja ilk növbədə informasiya məkanıdır, fermerlər burada bazar trendlərini tuta bilirlər. Birja istehsalçıları məlumatlandıracaq".

O bildirib ki, yerli toxum ilə xaricdən gətirilən toxum arasında qiymətdə fərq var: "Yerli toxumçuluq təsərrüfatları toxumun hər kiloqramına görə dövlət tərəfindən 42 qəpik subsidiya alır. Ümumiyyətlə, toxumçuluq sahəsi subsidiyalaşdırılır. Nəticədə subsidiya dəstəyi olduğuna görə yerli toxum xaricdən gətirilən toxumdan ucuz başa gəlir. Burada əsas məsələ milli toxumlara inamın olmamasıdır. Bizim elə toxumlar var ki, abiotik amillərə, stress faktorlarına qarşı çox dözümlüdür. Amma bizim sahibkarlar həmin toxumları əkinə tətbiq etmir, gedib Rusiyadan alırlar. Və bu il həmin sahələrdə məhsuldarlıq aşağıdır. Çünki o toxumlar bu regiona öyrəşməyib. Stress faktorları onların genində yoxdur".

"Yeni subsidiya qaydalarına görə, gələn il yanvarın 1-dən fermerlər sertifikatlaşdırılmış, rayonlaşdırılmış və dövlət reyestrinə düşmüş toxum əkməlidir ki, subsidiya alsın. Bu mexanizm uğurla tətbiq olunsa, təsərrüfatlarda təsadüfi toxum materiallarından istifadə aradan qalxacaq, məhsuldarlıq göstəricilərinə ciddi təsir edəcək"- deyə o əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Dövlət Toxum Fondunun sədri Emin Əliyev deyib ki, toxum mağazaları istehsalçı və istehlakçıların işini asanlaşdıracaq: "İlk mağazamız Xaçmazda işə başlasa da yaxın günlərdə Şəkidə də "ToxumArt" mağazası açılacaq. Məqsəd qısa zaman ərzində keyfiyyətli toxumlara əlçatanlığın təmin edilməsidir. Ümumiyyətlə, mağazalar toxum emalı zavodlarımızın bir istiqaməti olacaq. Özlərinin sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular onları bizə sata biləcəklər. Bunun üçün yeganə şərt toxumların yüksək keyfiyyətə malik olmasıdır".

Xatırladaq ki, Dövlət Toxum Fondu ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz etmək, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacı aradan qaldırmaq, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısını almaq məqsədilə Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli sərəncamı ilə yaradılıb.

Toxum Fondunun ölkə üzrə taxılçılığın inkişaf etdiyi regionlarda müasir texniki tələblərə cavab verən, yüksək həcmli toxum emalını həyata keçirən və avadanlıqlarla təchiz olunmuş toxum emalı zavodları istismara verilib. Zavodlarda emal olunan toxumun keyfiyyətinin yüksək olması üçün toxum materialının bütün parametrlər üzrə müayinəsini həyata keçirən müasir laboratoriyalar qurulub.

Fond səmərəlilik, innovativlik və fermerə yaxınlıq prinsiplərini rəhbər tutaraq toxum istehsalçılarına dəstək olur, onlara bu sahədə toxumun seçimindən son məhsulun satışınadək köməklik göstərir. Eyni zamanda, inkişaf etmiş ölkələrin elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir və yüksək məhsuldar toxum sortlarının ölkəyə gətirilməsini təmin edir.

393