Pul, arxiv şəkli

"Bu təcrübə Azərbaycanda tətbiq edilsə, həm satan qazanacaq, həm alan"

521
(Yenilənib 20:13 23.07.2019)
Yeni qayda ilə "köhnə bazara təzə nırx" qoymaq dəbi yığışdırılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Dövlət başçısı iyunun 27-də "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" fərman imzalayıb və bu sənəd subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Gələn ildən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemi vasitəsilə veriləcək. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcəklər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Qadir Bayramlının şəxsi arxivindən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a deyib ki, fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi çox vacibdir: "Qeydiyyatdan keçmək üçün fermerlərin maarifləndirilməsinə ehtiyac var. Çünki bir çoxları bu məsələdən xəbərsizdir, bölgələrdəki fermerləri təşviq etmək lazımdır. Fermerlərin bir çoxu bu sahədə məlumatsızdır. Amma fermerlərin əksəriyyəti EKTİS-də qeydiyyatdan keçərsə, subsidiya almaları asanlaşacaq, vaxt itkisinin qarşısı alınacaq. Subsidiyalara ehtiyacı olan ən çox kənd təsərrüfatı sahəsidir və bu, obyektiv şəkildə fermerlərə verilirsə, bunun müsbət nəticələri olacaq. Ancaq alınan subsidiyalara da nəzarət olmalıdır, fermerlərin fəaliyyəti öyrənilməlidir. Nəticədə daha səmərəli nəticələr əldə ediləcək".

Onun sözlərinə görə, fermerlərimizin bazar araşdırması yoxdur: "Bir il ərzində hər hansı bir məhsul daha çox gəlir gətirirsə, növbəti il fermerlərin əksəriyyəti həmin məhsulun istehsalına yönəlir. Bu zaman həmin məhsul çox istehsal edildiyinə görə qiyməti ucuzlaşır və eyni zamanda digər əhəmiyyətli məhsullar istehsal edilmir. Çünki əkin yerləri bir ildə ən çox gəlir gətirən məhsulun yetişdirilməsi üçün istifadə edilir. Ona görə də bazar araşdırması aparılmalıdır".

Ekspertin fikrincə, bununla bağlı maarifləndirici televiziya proqramları olmalıdır:

"Ölkədə ayrıca kənd təsərrüfatı ilə bağlı televiziya kanalı fəaliyyət göstərsə, yaxşı olar. Türkiyədə bu sahə üzrə televiziya kanalı fəaliyyət göstərir. Bu təcrübəni tətbiq edə bilərik. Bu gün ölkədə kənd təsərrüfatı ilə bağlı verilişlər var, amma yetərli deyil. Bu işlər sistemli həyata keçirilməlidir. Bunları həyata keçirsək, intensiv təsərrüfat üsuluna keçə bilərik. Eyni zamanda bu, mütərəqqi texnologiyanın tətbiqini asanlaşdırar, aqrar sığortanın tətbiqinə kömək edər".

O bildirib ki, Türkiyədə bazar araşdırması güclüdür və fermerlərin ciddi şəkildə təşkilatlanması var: "Türkiyədə fermerlər üçün bir sıra məhsulların baza qiyməti əvvəlcədən müəyyən olunur. Məhsul sahədən yığılmamış dövlət bir sıra məhsullar üçün qiymət müəyyən edir və onların alınmasına məhdudiyyət qoymur. Nə qədər məhsul istehsal edilirsə-edilsin, dövlət tərəfindən alınır. Türkiyədə bir sıra məhsullar üzrə çoxdan bu təcrübə tətbiq edilir və mühüm müsbət nəticələri var. Bu təcrübə Azərbaycanda tətbiq edilsə, fermerlərin qarantiyası olacaq ki, məhsulu əlində qalmayacaq, fermerlər üçün əlverişli şərait yaranacaq".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli də Sputnik Azərbaycan-a deyib ki, elektron kənd təsərrüfatı sisteminin qurulması insan amilini istisna edəcək və burada fərdi yanaşmalar olacaq: "Yeni subsidiya proqramının hədəfi ilk öncə keyfiyyətli məhsula subsidiya verməkdir. Burada şərt var ki, mütləq sertifikatlaşdırılmış toxumdan istifadə olunmalıdır. Bunu etməyən fermerə subsidiya verilməyəcək. Subsidiya vəsaitləri fermerlərin bank kartlarına köçürüləcək. Alınan subsidiya məbləğinin 25 faizi nağdlaşdırıla bilər. Fermerlər yerdə qalan vəsaiti isə nağdlaşdırmadan, sadəcə gübrə, pestisid, toxum və ya ting alışı zamanı hesabdan-hesaba köçürəcəklər. Subsidiya proqramı imkan verəcək ki, burada dövlət tənzimləmələri həyata keçirilsin və bazarı tənzimləmək mümkün olacaq".

Qeyd edək ki, fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olaraq təsərrüfatları, proqnozları barədə məlumatları həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcəklər. EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar kabinetdə əks olunacaq. Sənədlərində dəyişiklik olmayan fermerlər subsidiya ala bilmək üçün yenidən sənəd təqdim etməyəcəklər.

Sahə üzrə çevik qərarların alınması üçün Aqrar Subsidiya Şurası yaradılacaq və Şura əmsalların müəyyən edilməsini həyata keçirəcək.

Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçiriləcək, mərkəzdən əlaqələndirməni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.

İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Bu ilin sonunadək fermerlərin EKTİS-də qeydiyyatı prosesi tam yekunlaşdırılacaq.

521
Teqlər:
subsidiya, bazar, iqtisadiyyat, fermer
Saytda qeydiyyat

Şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

2
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər

BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət"ə) göndərilir. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən "icaze.e-gov.az" portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

2
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 44 dolları keçdi

2
(Yenilənib 11:27 07.07.2020)
"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

BAKI, 7 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 44,36 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada bir gündə 200-ə yaxın şəxs koronavirusdan öldü

0
Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub.

BAKI, 7 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6358 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 198 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 694230-a çatıb. Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 463880-ə keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
yoluxma, Vəfat, Rusiya, COVID-19, Koronavirus