Lənkəranda çay yığımı

Çay nədir, say nədir İdxal ixracı dəfələrlə üstələyəndə isə saymaq qalır

1465
(Yenilənib 16:35 09.07.2019)
Ekspert bildirir ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur, amma kiçik fermerlərin işi deyil

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycan 19 milyon 539 min dollar məbləğində 5 min 134 ton çay idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin 5 ayı ilə müqayisədə çay idxalı dəyər ifadəsində 279 min dollar (1,45%), miqdar ifadəsində isə 145 ton (2,90%) artıb. Yanvar-may ayları ərzində çay idxalı Azərbaycanın ümumi idxalının 0.33%-ni təşkil edib.

Bu ilin 5 ayında Azərbaycan 3 milyon 690 min dollar dəyərində 580 ton çay ixrac edib. Ötən ilin 5 ayında isə Azərbaycan 3 milyon 967 min dollar dəyərində 588 ton çay ixrac edib.

Beləliklə, Azərbaycanın çay idxalı ixracını dəfələrlə üstələyib. Amma onu da yaddan çıxartmayaq ki, Azərbaycan həmişə çayçılığı ilə məşhur olub.

Çay idxalının artımı ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, çay texniki bitkidir və məhsula düşmə dövrü 7-10 il götürülür: "Bu sahə uzun müddətli investisiya tələb edən sahədir. Çay bitkisi 50 il durmadan məhsul verə bilir. Sovet dövründə Azərbaycanda çayçılıq sənayesi çox ciddi inkişaf edib. 1990-cı illərdə iqtisadi münasibətlərin pozulması nəticəsində çay bağları diqqətdən kənarda qaldı, çoxları çay bağlarını ləğv etdilər, çünki bunların çoxu qocalmışdı. Çay bağlarının yerinə daha tez məhsul verən sitrus və digər məhsul bağları salındı. 2010-cu ilədək Azərbaycanda çayçılıq ağır vəziyyətdə idi və çay istehsalı aşağı olub".

Ekspert bildirib ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib: "Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına təsir edəcək. Çay bitkisi əkilən kimi məhsul vermir. Son illər Azərbaycanda təxminən 1000 hektardan çox ərazidə çay bağları salınıb. Hələ ki o bağlar məhsula düşməyib".

Onun sözlərinə görə, digər tərəfdən, bu sahə böyük investisiya tələb edir: "Kiçik fermerlər bu sahəyə investisiya qoya bilmirlər, çünki investisiya qoyub 7-8 il gözləmək mümkün deyil. Bu sahəyə yalnız iri şirkətlər investisiya qoymalıdır. Son vaxtlar Astara, Lənkəranda müasir çay müəssisələrinin yaradılması prosesi gedir. Çay bazarında ciddi rəqabət var. Əsasən çayımız Şri-Lankadan gəlir. Hətta yerli çay istehsalını artırsaq belə, hökmən bazarın qorunması siyasəti həyata keçirilməlidir ki, çayımızı bazarda sata bilək. Azərbaycan çayı ekoloji baxımdan təmiz çaydır".

Ekspert qeyd edib ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur: "1 hektar çay bağında orta hesabla 160-200 nəfər il ərzində işləyə bilir. Ona görə də dövlət bu sahənin inkişafında maraqlıdır. Çayçılıq daha çox ölkəmizin cənub və qərb bölgəsi üçün xarakterikdir. Çay emalı sənayesi inkişaf etdirilməlidir. Çay texniki bitkidir və emal prosesindən keçməlidir. Çay yığılan kimi istehlaka göndərilmir. Mütləq emal sənayesi qurulmalıdır. Çay bağlarını artırsaq belə, müasir emal müəssisələri olmalıdır və bu kompleks həyata keçirilməlidir. Bu olsa, daxili tələbatı ödəyə bilərik. Azərbaycanın çayçılıq sənayesi kompleks xarakter daşımalıdır".

"Çin ildə 350 min ton, Şri-Lanka isə 200 min tondan çox çay ixrac edir" – deyə o əlavə edib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Həftənin mükəmməl sonu: Bakıda qəhvə və çay festivalı
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

1465
Balaxanı Sənaye Parkında

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

48
(Yenilənib 13:48 30.05.2020)
Burada sahibkarlar həm zibili yenidən emal edir, həm də 7 il ərzində müəyyən güzəştlər əldə edir - Balaxanı Sənaye Parkından reportaj

Nigar İsgəndərova, Sputnik Azərbycan

BAKI, 30 may — Sputnik. Ötən il Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların Gürcüstan, Ukrayna və Qazaxıstandan başqa, artıq ABŞ-a ixracına başlanılıb. Belə ki, Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin planda ABŞ-a ildə 3 min mebel dəstinin ixracı nəzərdə tutulur.

Bu gün bir çox ölkələr sıfır tullantı ideologiyası ilə çıxış edirlər. Burada fəaliyyətin əsas istiqaməti tullantıların geri dönüşünü həyata keçirtməkdir. Azərbaycanda da bir neçə ildir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Sənaye Parkı bu öhdəliyi üzərinə götürüb.

Sputnik Azərbaycan Sənaye Parkındakı fəaliyyətlə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılan parkda hazırda 14 ixtisaslaşmış rezident qeydiyyatdan keçib. Bu rezidentlərin əsas fəaliyyəti tullantını tamamilə sıfır həddə çatdırmağa köklənib.

© Sputnik / Nigar Iskanderova.
Balaxanı Sənaye Parkı

Burada plastik butulkaların, tullantı plastik məmulatların təkrar istehsalı, o cümlədən, tullantı kağızlardan çap-poliqrafiya məhsullarının istehsalı, tullantı qida yağlarını təkrar emal etməklə biodizel üçün xammalın istehsalının həyata keçirilməsini görmək mümkündür.

Sənaye Parkında həmçinin polietilen və polipropilen tullantılarını təkrar emal etməklə polietilen-polipropilen dənələrinin, zibil torbalarının, baxilin, stretçin və s. bu kimi məhsulların təkrar istehsalı da həyata keçirilir.

© Sputnik / Nigar Iskanderova.
Sənaye Parkında təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühit yaradılıb

Qənnadı məmulatların tullantılarından isə kənd təsərrüfatı üçün gübrə və yem istehsalı, polietilen tullantıların təkrar emalından yapışqan lent istehsalı, ağac emalı sənayesindən, mebel sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş kömür istehsalı, tullantı kağızından meyvə altlıqların (viyol) və karton qutu istehsalı həyata keçirilir.

Sənaye Parkında bir neçə rezidentin fəaliyyəti ilə tanış olduq. Burada istifadə olunmuş tullantı yağlarından əldə edilən müxtəlif yağlar sənaye yağı kimi istifadə olunur. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elmar Məlikovun sözlərinə görə, bu sahədə təkrar emala qayıdış tamamilədir, yəni heç bir itki yoxdur. Fərdi sahibkarı olan yağ emalı zavodunda tullantı yağlardan sənaye, baza, mühərrik, hidravlika yağları istehsal olunur.

© Sputnik / Nigar Iskanderova.
Polietilen tullantıların təkrar emalından mebel sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş kömür istehsalı, tullantı kağızından meyvə altlıqların (viyol) və karton qutu istehsalı həyata keçirilir.

Zavod boyu gəzdikcə məlumat alırıq ki, Balaxanı Sənaye Parkında həmçinin maqnezit panellərin düzəldilməsi, skoç istehsalı, aktivləşdirilmiş kömür istehsalı həyata keçirilir. Ümumi ərazisi 7 hektardan artıq olan sənaye parkının fəaliyyəti həm də xammal idxalı asılılığının azalmasına səbəb olur. Bundan başqa, buradakı təkrar emal təbii resurslara, enerjiyə qənaət olunmasına da səbəb olur. Sənaye parkının fəaliyyəti ilə bağlı əsas plan isə ümumi və davamlı infrastrukturun yaradılmasından, emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsindən, sənayenin ətraf mühitdə təsirlərinin azaldılmasından ibarətdir.

Burada əsas hədəflərdən biri də plastikin təkrar emalı, şin, rezinin, elektrik və elektron cihaz tullantılarının, akkumlyatorların, əlvan metal və kabellərin, təhlükəli məişət tullantılarının (batareya, lampa, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalını həyata keçirtməkdir.  

© Sputnik / Nigar Iskanderova.
Balaxanı Sənaye Parkında

Sənaye Parkında təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühit yaradılıb. Belə ki, burada sahibkarlara əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq, əlverişli qiymətlə torpaq və sənaye binalarının icarəsi, vergi və gömrük güzəştlərinin tətbiqi imkanı verilir. Bundan başqa, qeydiyyata alındıqdan 7 il müddətinə də müəyyən güzəştlər var. Bura mənfəət, torpaq, əmlak vergisindən azad olunma, bundan başqa, 7 il müddətində sənaye parkında istehsal sahəsinini qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular əlavə dəyər vegisindən və idxal rüsumundan azad edilir.

 Balaxanı Sənaye Parkının cəlbediciliyinin başlıca xüsusiyyətlərindən biri yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsirin azaldılması, bundan başqa, təkrar istehsal, təkrar istifadə müəssisələrinin yaradılması, bu sahəyə dəstəyin göstərilməsi, əldə edilmiş xammalın satışı və istehsal olunmuş məhsullar bazarının genişləndirilməsidir.

Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 mln. manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

48
Neft buruğu, arxiv şəkli

ABŞ öz neftindən məhrum ola bilər

27
(Yenilənib 17:05 29.05.2020)
Koronavirus pandemiyası enerji daşıyıcılarına tələbatı azaldıb, neft kotirovkalarını aşağı salıb. Zərər ilk növbədə Amerikanın borc içində olan və kəskin investisiya çatışmazlığından əziyyət çəkən şist neft hasilatçılarına dəyib

BAKI, 29 may — Sputnik, Natalya Dembinskaya. Amerikalılar neft hasilatının rekord həcmdə azalması ilə üz-üzə qalıblar. Ölkədə neft-qaz qazma qurğularının sayı tarixi minimuma enib, şirkətlər isə kütləvi şəkildə müflisləşir və işlərini dayandırırlar. Nəticədə, ABŞ şist sənayesinin üçdə birini itirə bilər. Sənayenin bərpası üçün uzun illər lazım olacaq. Tənəzzülün niyə qaçılmaz olduğu barədə materialımızda öyrənə bilərsiniz.

Qazma qurğuları azalır

2019-cu ildə amerikalılar neft hasilatında irəli çıxaraq Rusiya və Səudiyyə Ərəbistanını qabaqlayıblar. Onlara şist nefti kömək edib. ABŞ 70 il ərzində ilk dəfə olaraq qara qızılın xalis ixracatçısına çevrilib.

"Neft sənayesi sürprizlər təqdim etməyə qadirdir – şist inqilabı neftin qiymətlərini, istehsalını və ticarət axınlarını təpədən-dırnağadək dəyişdi", – sabiq Prezident Corc Buşun energetika üzrə müşaviri və "Rapidan Energy" konsaltinq şirkətinin rəhbəri Bob Maknelli o zaman bildirirdi.

Amma şist sənayesinin kəskin şəkildə tənəzzülü də proqnozlaşdırılırdı: quyular quruyurdu, infrastruktura böyük xərclər qoyulmuşdu və kapital qoyuluşunda çatışmazlıq yaranmışdı.

2021-ci ildə də problemlərin yaranacağı güman edilirdi. Lakin koronavirus pandemiyası ortaya çıxdı, enerji daşıyıcılarına tələbat birdən azaldı, neft kotirovkaları düşdü. Zərər ilk növbədə borc içində olan və kəskin investisiya çatışmazlığından əziyyət çəkən şist neft hasilatçılarına dəydi.

Mayın sonunda "Baker Hughes" neft-qaz şirkəti məlumat verib ki, ABŞ-da fəaliyyət göstərən neft-qaz qazma qurğularının sayı müşahidə aparılan bütün dövr ərzində minimuma enib. Hazırda yalnız 318 qazma qurğusu işləyir. Bir il əvvəl isə onların sayı 983 idi.

Hasilatın üçdə birini itirəcəklər

"ShaleProfile Analytics" şirkətinin proqnozuna görə, ABŞ şist neft hasilatının üçdə birini itirəcək.

Böhran sənayenin əsas problemlərindən birini daha da kəskinləşdirib – texnologiyanın xüsusiyyətlərinə görə quyuların sürətlə tükənməsini. Belə ki, qazma işləri başa çatdıqdan az sonra şist yataqlarında hasilat aşağı düşür və əvvəlki məhsuldarlıq itir. Bunu kompensasiya etmək üçün daim yeni quyular qazmaq lazımdır. Amma hazırkı vəziyyətdə bu, sadəcə, mümkün deyil: şirkətlər kütləvi şəkildə müflisləşir.

"Haynes & Boone" şirkətinin məlumatına görə, ilin əvvəlindən etibarən ümumi borcu 14 milyard dollar olan 17 hasilatçı müflisləşmə prosedurunu başlayıb. Onların sırasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", eləcə də "California Resources" və "Chesapeake Energy" kimi nəhənglər də var. Mayın sonunda "Unit" şirkəti də iflas işi üzrə məhkəməyə sənədlərini təqdim edib.

Dallas Federal Ehtiyat Bankının (FRB) araşdırmasına görə, rentabellik üçün neftin bir barelə görə orta hesabla qiyməti 49 dollar olmalıdır. FRB-nin proqnozlarına görə, 40 dollar qiymətlə il ərzində istehsalçıların yalnız 15 faizi biznesdə qala biləcək. Şistçiləri xilas edə biləcək bahalaşma isə ümumiyyətlə gözlənilmir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına görə, "Brent" neftinin orta qiyməti 2020-ci ildə 34,13 dollar və 2021-ci ildə isə 45,62 dollar təşkil edəcək. "WTI" isə bu il 30,10 dollara və gələn il 43,31 dollara satılacaq.

Dirçəliş illəri

Nəticədə, analitiklərin dəyərləndirmələrinə görə, ABŞ-da şist hasilatı sutkada beş milyon barreldən aşağı düşə bilər. "The Wall Street Journal" nəşrinin məlumatına görə, ölkənin 15 ən böyük şist şirkəti yeni yataqların işlənməsi üçün nəzərdə tutulmuş büdcələrini orta hesabla 48 faiz ixtisar ediblər. Onlar pandemiyanın yaratdığı aşağı tələbat şəraitində əvvəlki istehsal həcminə qayıda bilməyəcəklər.

"Yəqin ki, illər keçəcək və onlar yenidən eyni səviyyəyə qayıdacaqlar – əgər bu, nə vaxtsa baş versə", – qəzet bildirir.

Odur ki, amerikalılar bu qədər çətinliklə əldə edilmiş liderlikdən məhrum ola bilərlər. Ekspertlər qeyd edirlər ki, amerikalıların buna yol verməmək üçün "alətləri o qədər də çox deyil".

"Emirates NBD" ticarət bazarlarının analitiki Edvard Bell CNBC-yə bildirib: "Əminliklə demək olar ki, Amerika bu il liderliyini itirəcək. Və bu, ehtimal ki, gözlədiyimizdən daha tez baş verəcək".

"Koronavirus pandemiyası neft sənayesini dağıdıb, benzinə, aviasiya və dizel yanacağına tələbatın sürətlə və görünməmiş bir şəkildə azalmasına səbəb olub. Buna Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı "epik qiymət müharibəsini" və Amerika neft şirkətlərinin balanslarındakı böyük borcları əlavə edin", - "Bloomberg Intelligence"in analitikləri qeyd edirlər.

Üstəlik, bütün Amerika şistçiləri onları satın ala biləcək digər ölkələrin şirkətləri üçün asan yem ola bilər. Əsas təhlükə Çinin canlanan iqtisadiyyatı və onun ucuzlaşan xarici aktivlərə olan marağı ilə bağlıdır. Amerika neft yataqlarının orta qiyməti iki dəfə azalıb: 42 min dollardan 20 min dollara qədər. Vaşinqton isə Çinin onun enerji sektoruna müdaxiləsindən ehtiyatlanır.

"Rəqib ölkələr tərəfindən Texasdakı problemli şist şirkətlərinin əldə edilməsi milli təhlükəsizlik üçün ciddi problemdir", - Texasın neft tənzimləyiciləri bildirirlər.

Çinlilərin Texasdakı şirkətləri birbaşa alması ehtimalı azdır. Hökumət buna yol verməyəcək. Lakin çözüm yolları da var: məsələn, qeyri-strateji aktivlərin bir hissəsinin alınması və ya birgə müəssisələrin yaradılması.

27
Əlaqədar
Yeni təhlükə: neft müharibəsindən sonra qaz müharibəsi gələ bilər
"Barelə görə min dollar": ABŞ-ın planı neft bazarını şoka salır
Neft qiymətləri aylıq rekordu qırıb
Neft 100 dollar olacaq, söz veriblər
Azərbaycan və ABŞ bayraqları, arxiv şəkli

ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər

0
(Yenilənib 10:49 31.05.2020)
Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, konqresin Təxsisatlar komitəsinin və Helsinki komissiyasının üzvü, konqresmen Robert Aderholt (Respublikaçı – Alabama), həmçinin Konqresin Xarici işlər komitəsinin üzvü Stiv Şabot Konqresdə Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatları veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 27-si və 28-də verilən bəyanatlar ABŞ Konqresinin rəsmi saytında dərc edilib.

Bəyanatında Azərbaycanın Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, 70 il sonra – 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran Robert Aderholt Respublika Gününün ölkənin İsraillə münasibətlər, enerji təhlükəsizliyi və bölgədə sabitlikdə xüsusi rolu daxil olmaqla, müsbət tərəflər haqqında düşünmək üçün yaxşı vaxt olduğunu vurğulayıb.

R.Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib.

Bundan başqa, bəyanatda Azərbaycanın Xəzəryanı bölgənin Rusiya neftindən asılılığını azaltmağa çalışdığı diqqətə çatdırılıb.

R.Aderholt həmçininn Azərbaycanın ABŞ və NATO qüvvələrinə dəstəyini də vurğulayıb.

Sonda Azərbaycanın strateji regionda ABŞ-ın vacib partynoru olduğu bildirilib.

Konqresmen Stiv Şabot (Respublikaçı – Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır.

Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bu gün, Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.

Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.

 

0
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
Azərbaycan Prezidenti Respublika Günü ilə bağlı paylaşım etdi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdılar
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı