Dollar işarəsi, arxiv şəkli

Ucuz dollar, güclü Amerika Dolların devalvasiyası yeni müharibə vəd edir

959
(Yenilənib 15:16 03.07.2019)
Ekspert: "ABŞ qəsdən dolları ucuzlaşdırsa, Çin, Avropa İttifaqı ölkələri də eyni addımı ata bilər. Bu isə dünyada valyuta müharibələrinin genişlənməsinə səbəb ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Birləşmiş Ştatların ən böyük maliyyə institutlarından olan "Bank of America" (BofA) bir qədər əvvəl ABŞ administrasiyasının milli valyutanı devalvasiya etmək niyyəti haqqında xəbərdarlıq edib. "BofA"da düşünürlər ki, Donald Tramp valyutaya müdaxilə qərarını iqtisadiyyatın sabitləşdirilməsi şüarı altında qəbul edəcək.

Mərkəzi Bank
© Sputnik / Murad Orujov

"Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması kifayət etməsə, valyuta müdaxiləsi ehtimalı böyüyəcək" - deyə "BofA"nın ekspertləri bildiriblər.

Tramp açıq şəkildə "güclü dollar" siyasətindən imtina edib. Onun fikrincə, həddindən çox bahalı dollar Amerika istehsalı olan məhsulların və xidmətlərin ixracına mane olur və ticarət balansında mövcud defisiti daha da dərinləşdirir.

Maraqlıdır, dolların zəifləməsi dünya ölkələrinin, o cümlədən Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Valyuta müharibələri arta bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli dolların devalvasiya məsələsini Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, 2 ilə yaxın müddət ərzində FED faiz dərəcəsini 0%-dən 2,5% səviyyəsinə qaldırıb: "ABŞ prezidenti faizin aşağı salınmasını istəyir. Yəni pul ucuzlaşsın, kreditlər ucuzlaşsın, ABŞ iqtisadiyyatında dinamika artsın, kredit götürənlərin həcmi çoxalsın. Bu da ABŞ-da iqtisadiyyatın daha da canlanmasına səbəb olacaq. Burada söhbət FED-in uçot dərəcəsini aşağı salması hesabına dolların digər valyutalar qarşısında ucuzlaşmasından gedir. Ucuz dollar ABŞ ixracatına dəstək verəcək və ticarət dövriyyəsinin artmasına səbəb olacaq".

"Bir neçə il bundan qabaq dollar avro qarşısında ucuz olanda hətta Avropadan ABŞ-a alış-veriş turları təşkil edilirdi. Avropada mal və məhsullar (geyimlər, texnika, kompüterlər və s.) çox baha olduğuna görə, insanlar bazarlıq etmək üçün Birləşmiş Ştatlara gedirdilər. Bu nöqteyi-nəzərdən ABŞ iqtisadiyyatının canlanması düşünülür. Yəni bir gecədə ABŞ-da devalvasiyanın olması mümkün deyil, sistem buna icazə verməz" - deyə o bildirib.

Onun sözlərinə görə, FED-in bu ilin sentyabr ayında keçiriləcək toplantısında faizləri aşağı salma ehtimalı yüksəkdir: "FED faizləri aşağı salsa, dolların digər valyutalar qarşısındakı indeksi ucuzlaşacaq. Bu, ABŞ iqtisadiyyatına ciddi dəstək ola bilər. Amma digər ölkələr, əsasən də Çin analoji addımı ata bilər. Bu isə ticarət müharibələrindən sonra növbəti addım kimi valyuta müharibələrini gündəmə gətirə bilər. Bu da iqtisadiyyata ziyan vuran amildir".

Federal Rezerv Sistemi
© AP Photo / Andrew Harnik

Ekspertin fikrincə, dolların ucuz olması ABŞ-a sərf edir, bu ölkənin ixracatını stimullaşdırır: "Amma ABŞ qəsdən dolları ucuzlaşdırsa, bunu valyuta müharibəsinə çevirsə, o zaman Çin, Avropa İttifaqı ölkələri də eyni addımı ata bilər. Bu isə dünyada valyuta müharibələrinin genişlənməsinə səbəb ola bilər. Dolların ucuzlaşmasının neftin qiymətinə həmişə müsbət təsiri olur. Bu, ən azı neftin qiymətində ucuzlaşmanın qarşısını alan faktora çevrilir. Çünki ucuz dollar baha neft deməkdir".

Azərbaycana təsirlərinə gəlincə ekspert bildirib ki, bu proseslərin ölkəmizə birbaşa təsiri yoxdur: "Çünki Azərbaycanda tənzimlənən məzənnə rejimidir. Manatın məzənnəsinə ən çox təsir edən iki amil var. Birincisi, neftin qiymətidir. Hələlik neftin qiymətləri yüksəkdir. Neftin qiyməti 60 dollardan yuxarı olduqca manat üçün təhlükə yoxdur. İkinci təsiredici amil isə qonşu ölkələrin və ticarət tərəfdaşlarımızın valyutasının ucuzlaşmasıdır. Bu da manata təzyiqləri artırır, xaricdən gətirilən məhsulların həcmini çoxaldır və ölkədə istehsalın daha da aşağı düşməsinə səbəb olur".

"Gürcüstan və Türkiyədə devalvasiya olsa və yaxud məzənnənin daha da aşağı düşməsi üçün addımlar atılsa, ardınca Rusiya da eyni addımı atsa, bu zaman ölkəyə gələn inflyasiya, qiymət artımı yüksələ bilər. Və ölkə daxilində istehsalın zəifləməsinin şahidi olarıq. Əslində istehsalı geniş, ixracatı çoxçeşidli olan ölkələr zaman-zaman öz milli valyutalarının az da olsa, dəyərdən düşməsindən faydalanır, bundan çəkinmir. Bu, ixracatı stimullaşdıran amilə çevrilir" - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda hələ ki, ixracatın 92 faizi enerji resursları olduğu üçün manatın az da olsa dəyərdən düşməsi ciddi xeyir gətirmir, əksinə idxaldan asılılıq 50 faizdən çox olduğu üçün ölkədə qiymət artımına səbəb olur: "Hələlik dünyada baş verən valyuta müharibələri Azərbaycandan yan keçir. Çünki bizdə tənzimlənən məzənnədir, birja yoxdur və onlayn qaydada manatın məzənnəsi müəyyən edilmir".

Qeyd edək ki, dolların daha da zəifləməsi onun ehtiyat valyuta kimi statusunu təhlükə altına atır. Xarici kreditorlar artıq sürətli şəkildə dollardan imtina edir. Onun ümumdünya valyuta ehtiyatlarında payı əsrin əvvəli ilə müqayisədə ən aşağı həddə çatıb. 2008-ci ilin maliyyə böhranı zamanı dünyanın mərkəzi banklarının ehtiyatlarında ABŞ valyutasının payı ən yüksək səviyyədə idi. Həmin dövrdən bəri isə onun payı 7 faiz bəndi azalıb.

Onu da qeyd edək ki, ekspertlər FED-in bu il iki dəfə faiz endiriminə gedəcəyini gözləyirlər.

959
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

5
(Yenilənib 11:15 16.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 66,04 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,38 dollar artaraq 67,32 dollar, “Light” markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 63,84 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

5
Teqlər:
"AzeriLight" markalı neft, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Professor: “Yüksək texnologiyaların inkişafı üçün sərmayələrin həcmi yüksələ bilər”

3
(Yenilənib 09:54 16.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, iki ölkə arasındakı hazırkı əməkdaşlıq tam potensialı əks etdirmir
Elşad Məmmədov: “Qarşılıqlı ticarət dövriyyəsinin həcmi potensialdan uzaqdadır”

Aprelin 13-də Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib. Aprelin 14-də isə prezidentlər rəsmi danışıqlar aparıblar. Bu görüşlərdə əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafı üçün dövlət başçıları arasında konstruktiv dialoq mövcuddur: “Bu dialoq qarşılıqlı ticarət dövriyyəsinin artmasına imkan yaradır. Eyni zamanda əməkdaşlıq çərçivəsində yüksək texnologiyaların inkişafına yatırılan sərmayələrin həcmi yüksələ bilər. Bütün bunların effektiv şəkildə reallaşdırılmasına ciddi şəkildə ehtiyac var. Biz görürük ki, iki ölkə arasındakı hazırkı əməkdaşlıq tam potensialı əks etdirmir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi hələ də potensialdan uzaqdadır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Məktəbdə qız, arxiv şəkli

Valideynlərin nəzərinə: övladlarınızı COVID-19-dan belə qoruyun

0
(Yenilənib 11:25 16.04.2021)
"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar".

BAKI, 16 aprel — Sputnik. Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova “Həkim məsləhəti” rubrikasında “Uşaqları COVID-19 xəstəliyindən necə qoruya bilərik?” sualını cavablandırıb. Spiutnik Azərbaycan-ın xəbərinə görə, həkim uşaqların yeni növ koronavirusun yayılmasında daha fəal rol oynadığını deyib: "COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb. Uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar. Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır".

"Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır", - deyə o əlavə edib.

O bildirib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır: "Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər".

"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar. Gecə yuxusu 8 saatdan az olmamalıdır.  Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır", - deyə həkim əlavə edib.

0
Teqlər:
həkim, uşaqlar, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər