Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı. Berlin, 28 sentyabr 2018-ci il

Türkiyədə iqtisadi böhranın böyüməsi kimin günahıdır?

58
(Yenilənib 21:02 09.06.2019)
Türkiyədə Qərb ölkələrinin, xüsusən də ABŞ-ın ölkənin iqtisadi inkişafına zərbə vurmağa çalışdığına inananlar var. Lakin görünür, onlar son 20 il ərzində dünya iqtisadiyyatında baş vermiş genişmiqyaslı dəyişikliklərdən agah deyillər

BAKI, 9 iyun — Sputnik. Ötən həftə Prezident Recep Tayyip Erdoğan çıxışlarından birində Türkiyənin iqtisadi problemlərinin daxili amillərdən qaynaqlandığına inananların ölkəyə qarşı aparılan sui-qəsdlərdən xəbərdar olmadıqlarını deyib.

Lakin Eser Karakaşın "Ahval"da dərc olunmuş məqaləsində qeyd etdiyi kimi, 1970-ci ildən bu günə qədər dünyanın əsas ölkələrinin aparıcı şirkətləri ilə bağlı vəziyyəti araşdırsaq, aydın olur ki, həmin ölkələrə Türkiyə kimi ölkələrin inkişafı və çiçəklənməsi lazım imiş.

"1970-ci illərdə "ExxonMobil", "Texaco" və "Gulf Oil" kimi enerji nəhənglərindən başqa, ABŞ-ın 10 ən güclü şirkəti arasında "General Motors", "General Electric", "Ford", "Chrysler" və "ITT" yer alırdı. Bu gün isə onlar "köhnə iqtisadiyyat"ın nümayəndələri kimi qəbul edilir", – E. Karakaş yazır.

2018-ci ildə bazarın kapitallaşması baxımından dünyanın ən böyük 10 şirkəti sırasında texnologiya nəhənglərinin üstünlük təşkil etdiyini xatırladan müəllif qeyd edir ki, "Apple", "Amazon", "Google" və "Microsoft"un başçılıq etdiyi siyahıda "ExxonMobil" 10-cu yerdədir.

"Uorren Baffetin "Berkshire Hathaway" holdinq şirkəti texnologiya, sığorta və ərzaq sənayesində onlarla törəmə şirkətin sahibidir. Çində yerləşən "Tencent Holdings" və "JP Morgan Chase" investisiya və maliyyə şirkətləridir", – deyə o bildirib.

E. Karakaşın fikrincə, aparıcı şirkətlərin siyahısında baş verən dəyişikliklər ABŞ-ın xarici siyasətində də əks olunur.

"Köhnə nəhəng şirkətlərlə müqayisədə yenilərinin müştəriləri artıq dövlətlər deyil, ayrı-ayrı fərdlərdir. Bu gün Vaşinqton Yaxın Şərq ölkələrini və Türkiyəni öz müştəriləri kimi yox, vətəndaş-müştərilərin dövlətləri kimi görür. "Apple" və "Amazon" yeni mobil telefonlar, noutbuklar və proqram təminatı almaq üçün kifayət qədər varlı olan insanların olduğu yeni bazarlara ehtiyac duyur. Buna görə ABŞ-ın xarici siyasəti davamlı iqtisadi inkişaf və istehlakçı bazarları üçün çox vacib olan inkişaf etməkdə olan ölkələrdə qanunun aliliyinin və əmlak hüquqlarının bərqərar olmasına yönəlib", - deyə müəllif əlavə edib.

E. Karakaş məqaləsində xatırladır ki, ötən həftə Türkiyə Statistika İnstitutu 2019-cu ilin birinci rübündə ölkə iqtisadiyyatının 2,6% azaldığını, mart ayına qədər olan 3 ay ərzində isə ötən ilin dördüncü rübü ilə müqayisədə 1,3% artdığını açıqlayıb.

"Bu artım göstəriciləri geniş miqyasda diqqəti cəlb etdi, belə ki, iqtisadiyyat 2018-ci ildə ardıcıl iki rüb müşahidə olunan mənfi artımdan sonra tənəzzüldə idi", – məqalədə bildirilir.

Ötən həftə İstanbulun Ticarət və Sənaye Palatasının 500 nəhəng şirkət arasında apardığı sorğudan sonra 2018-ci il üçün açıqladığı vacib göstəriciləri xatırladan müəllif qeyd edir ki, Türkiyə iqtisadiyyatının tənəzzüldən sonra sürətli şəkildə bərpa oluna bilib-bilməyəcəyini anlamaq üçün artım göstəricilərini nəzərdən keçirmək vacibdir.

Onun fikrincə, iqtisadiyyatın aparıcı şirkətlərinin siyahısı ölkənin inkişaf etmiş ölkələrə yetişməyə qadir olub-olmadığına dair ümumi təsəvvür yaradır.

"2018-ci ildə Türkiyədəki sənaye şirkətlərinin siyahısını 15 il əvvəl olan siyahı ilə müqayisə etsək, 10 böyük şirkətin əsasən dəyişməz qaldığını görərik. Daha da önəmlisi, bu ilk 10-luğa yeni texnologiyalar sahəsində işləyən şirkətlər daxil deyil. Türkiyənin bütün əhəmiyyətli şirkətləri köhnə iqtisadiyyat dövrünə aiddir", – deyə o əlavə edib.

E. Karakaş hesab edir ki, Türkiyə öz problemlərini həll etsə və artıma qayıtsa belə, bilik əsaslı iqtisadiyyata uyğunlaşa bilməyincə yüksək texnologiyalı firmalar üçün bazar olaraq qalacaq.

"Türkiyənin uğursuzluğunun arxasında heç bir xarici sui-qəsd durmur. Bu gün inkişaf etmiş ölkələrə yetişmək üçün keyfiyyətli təhsil və yenilikləri təşviq edən mühitə ehtiyac var. Ölkənin təhsil sistemini və hakimiyyətinin düşüncə tərzini təhlil etsək, görərik ki, Türkiyə köhnə iqtisadiyyatda qalacaq", – deyə E. Karakaş yekunlaşdırıb.

58