Antipin Neft Emalı Zavodu

SOCAR Rusiyadakı fəaliyyəti ilə bağlı yayılan məlumatı təkzib etdi

871
(Yenilənib 19:20 07.06.2019)
SOCAR Antipin NEZ-də audit aparır, layihənin investorlarından biri olub-olmayacağına axırda qərar verəcək

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. SOCAR Antipin Neft Emalı Zavodunun (NEZ) təchizatı üzrə əməliyyat tərəfdaşıdır, zavodun səhmdarı deyil. Bunu Sputnik Azərbaycan-a müsahibəsində SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR və "Sberbank"ın Rusiya müəssisəsinin səhmlərini əldə etməsi barədə KİV-də yayılan məlumatları şərh edərkən bildirib.

"SOCAR-ın Rusiyada bir neçə biznesi var və onlar əsasən treydinq xarakteri daşıyır. Mövcud biznesin yenisi ilə inteqrasiyası üçün imkanlar görəndə, bu, ölkədən asılı olmayaraq, bizdə böyük maraq doğurur. Rusiya bazarı kifayət qədər böyük və dinamik inkişaf edən bazardır, ölkə böyükdür, əhalisi isə çoxdur. Özü də "Antipin NEZ"in ixrac xarakterli əlaqələri var", - deyə o, SOCAR-ın gələcəkdə Rusiya zavodunun aktivlərini ala bilib-bilməyəcəyini izah edərkən bildirib.

Əhmədovun sözlərinə görə, SOCAR Rusiya müəssisələrinin xammalla, yəni neftlə təchiz edilməsi məsələsində əməliyyat tərəfdaşıdır.

"Artıq bir neçə layihə var ki, biz orada səhmdarlardan biri kimi, təchizat üzrə layihə tərəfdaşı qismində iştirak edirik. Buna misal olaraq, bir sıra LNG (təbii maye qaz - red.) və yaxud neft terminallarını göstərə bilərik. Hazırda biz Antipin NEZ-in təchizat üzrə əməliyyat tərəfdaşlarından biriyik. Eyni zamanda, orada rentabellik predmeti üzrə audit həyata keçiririk. Bu auditin nəticələri əsasında layihənin səhmdarı qismində iştirak edib-etməyəcəyimizə, yəni zavodun səhmlərinin bir hissəsini alıb-almayacağımıza qərar vermək imkanımız olacaq", - deyə SOCAR-ın nümayəndəsi bildirib.

"Bu o deməkdirmi ki, SOCAR hələlik Rusiya zavodunun səhmlərini almaq üçün müəyyən məbləğ ödəməyib?" sualına cavab verərkən Əhmədov deyib ki, "Sberbank"ın press-relizində də göstərilib ki, Azərbaycan Dövlət Neft Şirkəti hazırda audit keçirir və onun nəticəsində layihənin səhmdarı olub-olmayacağı imkanlarını götür-qoy edəcək.

SOCAR-ın baş ofisi
© Official website of President of Azerbaijan Republic

Treydinq fəaliyyətləri də daxil olmaqla, SOCAR-ın fəaliyyətinin 80%-i üçüncü ölkələrin neft və neft məhsullarını, 20%-i isə yerli məhsulları xarici bazarlarda satmaqdan ibarətdir. Bununla yanaşı, yerli məhsulun satış payının azalması istehsalın düşməsi səbəbindən deyil, şirkətin üçüncü ölkələrdə neft və neft məhsulları ilə bağlı əməliyyatlarının artması səbəbindəndir.

"Prinsipcə, Azərbaycan neftinin hasilatının və satışının həcmi stabil olaraq qalır. Ümumilikdə isə bizim xarici ölkələrdə - Türkiyə, Gürcüstan və Avropa ölkələrində - böyük investisiyalarımız var. Əgər dövriyyə balansına baxsaq, demək olar ki, SOCAR öz gəlirlərinin əhəmiyyətli hissəsini investisiya şəklində Azərbaycanın xaricində qoyur. Şirkətin gəlirlərinin 90%-dən çoxu ölkədən kənarda dövriyyədədir", - deyə Əhmədov əlavə edib.

871