Azərbaycan Türkiyə

Azərbaycanın iki qonşu ölkə ilə ticarətindəki kəskin fərqin səbəbi bəlli oldu

3968
(Yenilənib 13:38 05.05.2019)
Birinə satdığımızla, digərindən aldıqlarımız niyə bu qədər artıb?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. "Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində müsbət saldonun yaranmasının əsas səbəbi qardaş ölkəyə təbii qaz ixracının artmasıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında, iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli

Ekspert bildirib ki, Azərbaycandan Türkiyəyə təbii qaz ixracatında kəskin artım var: "Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarından da görünür ki, təbii qaz ixracından daxil olan vəsaitdə kəskin artım müşahidə olunub. Bu ilin 3 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcminin artmasının əsas səbəbi qardaş ölkəyə ixrac olunan təbii qazın artmasıdır. Müsbət saldonun yaranması Azərbaycanın enerji sektoru ilə bağlıdır".

Onun sözlərinə görə, Türkiyəyə təbii qaz ixracatı artıdqca müsbət saldonun gələcəkdə də artması gözlənilir: "Çünki 2020-ci ildə Türkiyəyə qaz ixracını Trans-Anadolu boru kəməri (TANAP) ilə 6 milyard kubmetrə çatdırmalıyıq. 6 milyard kubmetr qaz ixracı Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində müsbət saldonun daha da artmasına səbəb olacaq".

Bu ilin 3 ayında Azərbaycanın İran ilə ticarət dövriyyəsində kəskin mənfi saldonun yaranmasına gəlincə isə, N.Cəfərli bildirib ki, İran ilə bir sıra iri layhələr, o cümlədən avtomobil yığılması, farmoseptika istehsalı ilə bağlı yeni layihələr həyata keçirilir: "Bu layihələrin həyata keçirilməsi İrandan alınan xammal və texniki avadanlıqların artmasına səbəb olub. Bu da mənfi saldonun yaranmasına kəskin təsir edib. Azərbaycanın İran ilə ticarət dövriyyəsində mənfi saldosu kifayət qədər yüksək səviyyədədir".

Ekspert qeyd edib ki, İrana ixracatımız çox aşağıdır: "Bu ilin 3 ayında Azərbaycandan İrana 11 milyon dollar həcmində ixracat olub. Bu, çox aşağı göstəricidir. Məsələn, Neftçaladakı avtomobil zavoduna İrandan avtomobillər, demək olar ki, hazır gəlir. Və həmin zavodda bir neçə detal bərkidilir və sonradan satışa çıxarılır. Bu avtomobillərin qiyməti İran tərəfə valyuta ilə ödənilir. Bu da mənfi saldonun kəskin artmasına səbəb olan əsas amildir".

İqtisadçı-ekspert Rəşad Həsənov da Türkiyə ilə müsbət saldonun yaranması məsələsinə münasibət bildirib. O, Sputnik Azərbaycan-a deyib ki, TANAP işə düşəndən sonra Azərbaycandan Türkiyəyə təbii qaz satışı artıb: "Bu da Türkiyə ilə müsbət saldonun formalaşmasına gətirib çıxardıb".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, bu ilin 3 ayında Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 162,235 mln. dollar (3,4 dəfə) çoxdur. İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 208,624 mln. dollar mənfi saldo yaranıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 152,404 mln. dollar (3,7 dəfə) çoxdur. Ölkəmizin İranla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 3%-nə bərabərdir.

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi isə 812,341 mln. dollara bərabər olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 239,239 mln. dollar (41,7%) çoxdur. Türkiyə ilə ticarət dövriyyəsinin 504,900 mln. dolları ixracın, 307,441 mln. dolları isə idxalın payına düşüb. Ticarət dövriyyəsində 197,459 mln. dollar müsbət saldo yaranıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 51,672 mln. dollar (3,8 dəfə) çoxdur. Ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 10,7%-nə bərabərdir.

3968
Teqlər:
İran, mənfi, müsbət, ticarət, Türkiyə, Azərbaycan
Əlaqədar
Ekspert ticarət əməliyyatlarında müsbət saldonun artımının səbəblərini açıqlayır
Ekspert: “ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına ziyan vura bilər”