Rövnəq Abdullayev

Rövnəq Abdullayev: "Üç milyard bareldən çox əlavə neft hasil olunacağını gözləyirik"

132
SOCAR prezidenti: "Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var"

BAKI, 19 aprel — Sputnik. "Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkəti, həmçinin bütün tərəfdaşlar Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsində satışa çıxarılacaq payların alınması məqsədi ilə tenderdə iştirak edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azəri Mərkəzi-Şərqi" (AÇG) layihəsinin imzalanma mərasimində deyib. O, bu günə qədər bu layihədən böyük dividendlər əldə olunduğunu bildirib.

Azəri Mərkəzi-Şərqi platforması layihəsinin imzalanma mərasimi
© Sputnik / Irade JELIL
"Azəri Mərkəzi-Şərqi" platforması layihəsinin imzalanma mərasimi

R.Abdullayev qeyd edib ki, SOCAR bu gün 25 il əvvəl "Əsrin müqaviləsi" ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındadır: "Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var".

"Əlimizdə olan bütün bu imkanlar yeni "Azəri Mərkəzi-Şərqi" platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb. Layihə çərçivəsində biz 3 milyard bareldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək" – deyə SOCAR prezidenti vurğulayıb.

Qeyd edək ki, yeni layihənin başlanğıcı "Əsrin müqaviləsi"nin 25-ci ildönümünə təsadüf edir. "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi-Şərqi" (AMŞ) layihəsini təsdiqləyib.

6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərzində AÇG sahəsinin işlənməsinə, ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulub.

Azəri Mərkəzi-Şərqi platforması layihəsinin imzalanma mərasimi
© Sputnik / Irade JELIL
"Azəri Mərkəzi-Şərqi" platforması layihəsinin imzalanma mərasimi

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsinə dair yenidən işlənmiş saziş imzalanıb.

132
Teqlər:
Rövnəq Abdullayev, Azərbaycan, yataq, neft, şirkət, BP, SOCAR, Azərbaycan Dövlət Neft Şirkəti
Əlaqədar
İxrac olunan qeyri-neft məhsulları
"Neftin hazırkı qiyməti bizi qane edir"
İrandan sərt neft xəbərdarlığı gəldi: Qiyməti kəskin artırarıq
Neftin qiyməti son 6 ayın rekordunu vurub
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

28
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

28
Azərbaycan manatı, arxiv şəkli

Hansı sahələrdə maaş daha yüksək olub?

29
2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artıb.

BAKI, 19 oktyabr — Sputnik. 2020-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7 faiz artaraq 1670,9 min nəfər olub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, muzdla çalışanların 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi tikinti, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artaraq 710,2 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

29