Bank əməliyyatları, arxiv şəkli

Problemli kreditlərlə bağlı yeni xəbər var - Dövlət qurumunun əməkdaşı açıqlayır

1591
(Yenilənib 20:19 17.04.2019)
"Onlara da kompensasiyanın düşdüyünü düşünən, yaxud da hesablanan kompensasiyanın məbləği ilə bağlı hansısa narazılıqlar varsa, vətəndaşlar buna görə narahat olmasın"

BAKI, 17 aprel — Sputnik. Bu ilin fevralın 28-də prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Lakin bu fərmanın icrası və mexanizmləri ilə bağlı bəzi nüanslar hələ də vətəndaşlarda sual olaraq qalır.

Sputnik Azərbaycan bir sıra suallara aydınlıq gətirmək üçün "Real TV"nin Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Tural Feyzullayevlə müsahibəsini təqdim edir.

- Yekun siyahı ilə bağlı məsələlər hansı mərhələdədir?

- 28 mart tarixindən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən elektron portal istifadəyə verilib. Portalın yaradılmasında məqsəd şəffaflığın qorunmasıdır. Artıq iki gündür ki, palata tərəfindən aparılan dəqiqləşmələr yekunlaşıb və yekun siyahı portalda yerləşdirilib. Bu isə o deməkdir ki, palata tərəfindən bütün dəqiqləşmə işləri yekunlaşıb.

- Lakin bəzi vətəndaşların adlarını portalda tapa bilməməsi narazılığa səbəb olub.

- Adlarını portalda tapa bilməyən bəzi vətəndaşlarda narazılıq yarana bilər. Onlara da kompensasiyanın düşdüyünü düşünürlərsə, yaxud da hesablanan kompensasiyanın məbləği ilə bağlı hansısa narazılıqlar varsa, vətəndaşlar buna görə narahat olmasın. Artıq bu cür problemlərin həlli üçün palata tərəfindən apellyasiya komissiyası yaradılıb. Müraciətlərin şəffaf araşdırılması və cavablandırılması üçün apellyasiya komissiyası portalı istifadəyə verilib. ak.fimsa.az ünvanından bu səhifəyə keçid etmək mümkünüdür.

Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquq təminat idarəsinin rəisi Tural Feyzullayev
Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquq təminat idarəsinin rəisi Tural Feyzullayev

- Bəzi vətəndaşların özləri haqda məlumatları tapa bilməməsinin səbəbi nədir?

- Vətəndaşlar barədə məlumatların tapılmamasının bir neçə səbəbi var. Bu səbəblərdən biri odur ki, ehtimal ki, vətəndaşların bundan başqa da kreditləri olub. Bu məbləğ ümumilikdə 10 min dollar həcmini keçdiyi üçün onlar həmin fərmanla əhatə olunmayıb. Bundan başqa eyniləşdirmə məlumatlarında problem yarandığı üçün də bu hallar baş verə bilər. Buna görə də biz əllərində sənəd olan bu şəxslərin elektron qaydada palataya müraciət etməsini tövsiyə edirik.

- Bunun üçün hansı tədbirlər görülür?

- Ümumilikdə kompensasiya və restrukturizasiya səviyyəsinə düşən vətəndaşların 95 faizindən artığını əhatə edən banklar və bank olmayan kredit təşkilatlarında da hər birinə palata tərəfindən ayrıca olaraq məsul şəxslər təyin olunub. Həmin şəxslər işçi qrupu çərçivəsində fəaliyyət göstərirlər. Əgər vətəndaşlar elektron müraciət etməkdə çətinliklə qarşılaşırlarsa, bu zaman müştərisi olduğu banka və qeyri bank təşkilatına yaxınlaşıb kömək ala bilərlər.

- Apellyasiya komissiyasına edilən müraciətlərə hansı müddətdə baxılacaq?

- Apellyasiya komissiyasına edilən müraciətlərə 15 iş günü ərzində baxılacaq. Müraciətlə bağlı əlavə araşdırma tələb olunarsa, bu zaman həmin müddət 15 gün də uzadıla bilər.

- Vətəndaşları düşündürən digər sual isə kompensasiyanı nə zaman əldə edəcəkləri ilə bağlıdır.

- Kompensasiyanı nə zaman əldə etməklə bağlı vətəndaşlara bildirişlər veriləcək. Həmin şəxslər bankın müştərisidirsə, bu zaman həmin qurumlar, əgər bank olmayan kredit təşkilatının müştərisidirsə, bu zaman "Azərpoçt" tərəfindən onlara bildiriş göndəriləcək. Bu məlumatlar SMS, elektron ünvan və digər vasitələrlə vətəndaşlara göndəriləcək. Aprelin sonlarından etibarən isə kompensasiyaların ödənilməsinə başlanılacaq. Ümumilikdə isə may ayı ərzində bu prosesin yekunlaşdırılması nəzərdə tutulur. Restrukturizasiya proseslərinə görə müraciət qəbulu eyni müddətdə başlanılacaq, lakin bu proses bu ilin 31 dekabrınadək davam edəcək.

- Ödəniş necə həyata keçiriləcək?

- Kompensasiya məbləği ilə bağlı mexanizmdə 500 manatdan yuxarı məbləğə görə ödəniş kartlar, bundan az məbləğ üçün ödəniş isə pul köçürmələri vasitəsilə həyata keçiriləcək.

1591
Minaatandan atəş, arxiv şəkli

Ermənistan ordusunun hərbi texnikası darmadağın edilib

163
(Yenilənib 12:50 28.09.2020)
Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlulara aid olması müəyyənləşib.

BAKI, 28 sentyabr — Sputnik. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tankı və digər texnikası, 15 ədəd OSA-sı, 18 ədəd PUA-sı məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir", – polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur.

"Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir", – polkovnik-leytenant Anar Eyvazov əlavə edib.

163
G-20

“Böyük iyirmiliyin” toplaşacağı vaxt bəlli oldu

46
(Yenilənib 03:18 28.09.2020)
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur.

BAKI, 28 sentyabr - Sputnik. “Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.

Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.

“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.

G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.

46
Məktəbdə tədris prosesi

Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir

80
Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Bu gün saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib. Qanunvericilikdə hərbi vəziyyət dövründə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu tədbirlər sırasına rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi və təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması da daxildir. Qeyd edək ki, bu tədris ilindən koronavirus pandemiyasına görə, ali təhsil müəssisələrində tədris tamamilə onlayn, orta təhsil müəssisələrində isə hibrid təşkil olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə əlaqədar artıq dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edilir. Sputnik Azərbaycan belə bir şəraitdə onlayn dərslərin necə davam etdiriləcəyini, mövcud problemdən çıxış yollarını arayıb.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmiz müharibə şəraitindədir, amma bununla belə təhsil unudulmamalıdır: "Müəyyən dəyərlər sistemi var. Bu dəyərlərdən biri də təhsildir. Amma sağlamlıq tamamilə başqa bir dəyərdir. Sağlamlıq təhsildən öndə durur. Pandemiya və müharibə şəraiti müvəqqətidir. Əminəm ki, biz bu iki müharibədən qalib çıxacağıq. Düzdür, bu gün internetə məhdudiyyətlərin tətbiq edilməsi təhsilimizin onlayn da olsa davam etdirilməsini əngəlləyir. Təhsilimizdə bir sınma dövrü müşahidə olunur. Amma bu çox müvəqqətidir. Həmçinin də nəzərə alaq ki, boş bir məsələyə görə sınmır. Torpaqlarımızın bütövlüyü naminə sınır, axsayır. Əminəm ki, Azərbaycanın təhsil ictimaiyyəti, Azərbaycan müəllimi bu çətin dövrü də arxada qoyacaq. Təbii ki, belə bir vəziyyətdə dərslərin onlayn davam etdirilməsi mümkün deyil. Ona görə də, şagirdlər ancaq televiziyalardan "Dərs vaxtı"nı izləyə bilərlər. Qeyd edim ki, teledərslər Təhsil Nazirliyi tərəfindən məhz internetin olmadığı şərait üçün yayımlanır. "Teledərslər"in şagirdlərə istiqamətverici təsiri var. Ona görə də, hazırda çıxış yolu televiziyadan yayımlanan dərsləri izləməkdir. Amma bununla belə, müəllimlər də öz şagirdləri ilə əlaqə 

saxlamalı, dərsdə başa düşməyən məqamları onlara izah etməlidirlər. Demək olar ki, hazırda təhsilin davam etməsi üçün yeganə çıxış yolu budur".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "ARB Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur: "Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə "Zəfər sənindir!" deyirik".

Məlumat üçün bildirək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Xatırladaq ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olması, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması nəzərə alınaraq, sentyabrın 28-də saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

80