Bank kartları, arxiv şəkli

Problemli kreditlərin həllinə dair qaranlıq məqamlar aradan qalxır - Yeni şərh

3679
(Yenilənib 17:28 09.04.2019)
Vətəndaşa ödəniləcək kompensasiyanın məbləği 500 manatadəkdirsə, bu, ona nağd şəklində veriləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 2-də "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nı açıqlayıb.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov problemli kreditlərin həlli ilə bağlı qaydanı Sputnik Azərbaycan-a şərh edib. Ekspert bildirib ki, bu qayda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli fərmanının icrası məqsədilə hazırlanıb: "Xarici valyutada kredit götürmüş şəxslərə kompensasiya vətəndaşın kredit aldığı banka köçürüləcək. Əgər bank olmayan kredit təşkilatından kredit götürülübsə, həmin şəxslərə kompensasiya "Azərpoçt" MMC-yə köçürüləcək".

"Vətəndaş məzənnə fərqini ödəyibsə, vəsait ona geri qaytarılacaq. Yox, əgər vətəndaş məzənnə fərqini tam ödəməyibsə, həmin kompensasiya bank və yaxud bank olmayan kredit təşkilatına çatacaq. Vətəndaş məzənnə fərqinin bir qismini ödəyibsə, vətəndaşın ödədiyini ona geri qaytaracaqlar, ödəmədiyi hissəsi isə banka və yaxud bank olmayan kredit təşkilatına çatacaq", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, vətəndaşa ödəniləcək kompensasiyanın məbləği 500 manatadəkdirsə, bu, ona nağd şəklində veriləcək: "500 manatdan çoxdursa, vətəndaşa kart veriləcək. Əgər şəxs krediti bankdan alıbsa, ona kartı bank verəcək. Vətəndaş krediti bank olmayan kredit təşkilatından götürübsə, kartı ona "Azərpoçt" MMC verəcək. Kartın müddəti 1 illik olacaq. Karta görə vətəndaş heç bir ödəniş etməyəcək və istənilən bankomatdan öz pulunu götürəcək".

Faiz və cərimələrə gəldikdə isə, ekspert bildirib ki, vətəndaş ilə yeni müqavilə bağlanacaq: "Əsas borc nə qədərdirsə, vətəndaş 5 il ərzində illik 1 faiz dərəcəsi ilə onu ödəyəcək və burada güzəşt də olacaq. Söhbət 10 min dollaradək və yaxud 17 min manatadək olan kreditlərdən gedir. İndiyədək hesablanmış faiz borcu, dəbbə borcu da silinəcək. Yəni əsas borc nədirsə, onu vətəndaş 5 il ərzində 1 faiz dərəcəsi ilə ödəməlidir. Ödənişlər birdəfəlik olacaq. Mexanizm bütövlükdə belədir".

Qeyd edək ki, qaydaya görə, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın (MB) elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə MB-nin elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.

3679
Əlaqədar
"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək
Problemli kreditlərlə bağlı qaydalar qüvvəyə mindi
Şəhid ailələrinin bank krediti ilə bağlı mühüm qərar verildi
Vətəndaşın problemli kreditlər məsələsi həll edilir, bəs sahibkarın?
Problemli kreditlərlə bağlı yeni təkliflər var