Notariat kontoru

Artıq fırıldaq üçün yer qalmayacaq Hər şey rəsmiləşdi

6594
(Yenilənib 18:05 06.04.2019)
Hüquqşünas: “Bəzən tərəflər borc ilə bağlı notarial müqavilə bağlayırdı, amma bu borc notariusda verilmirdi və sonra mübahisə yaranırdı”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarında dəyişiklik edib. Dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

Bundan sonra daşınmaz əmlak ilə yanaşı, daşınan əmlakın alqı-satqısı, pul bağışlanılması, beh və borc verilməsi ilə bağlı notarial müqavilə bağlanan zaman tərəflər pulu bank vasitəsilə ödəməli olacaq.

Vəkil Elyar Həsənov
© E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Hüquqşünas Elyar Həsənov bu dəyişikliyi Sputnik Azərbaycan-a şərh edib.

Hüquqşünas bildirib ki, təlimatın köhnə versiyasına görə, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (5500 manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməli idi: "Dəyişikliyə əsasən, daşınmaz əmlakda müəyyən edilmiş minimal məbləğ (5500 manat) də ləğv olunub".

O deyib ki, əvvəlki dövrdə daşınmaz əmlak ilə bağlı notarial müqavilə bağlanarkən məbləğ 5500 manatdan çox idisə, o pulun notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə verilməsi tələb edilirdi: "Məsələn, ev alqı-satqısı ilə bağlı notarial müqavilə bağlanır və müqavilədə evin 10 min manata satıldığı qeyd edilir. Bu halda mütləq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməli idi. 

Amma təlimatda edilən dəyişikliyə görə, bundan sonra daşınmaz əmlak ilə bərabər, daşınan əmlakın alqı-satqısı, pul bağışlanılması, beh və borc verilməsi ilə bağlı notarial müqavilə bağlanarkən məbləğindən asılı olmayaraq pul notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə verilməlidir. Burada söhbət notariusda bağlanan müqavilədən gedir".

Onun sözlərinə görə, bəzən tərəflər borc ilə bağlı notarial müqavilə bağlayırdı, amma bu borc notariusda verilmirdi və sonra mübahisə yaranırdı: "Tərəflərdən biri məhkəmədə iddia edirdi ki, notariusda müqavilə bağlansa da bu pul ona verilməyib. Beləliklə, pulun verilib-verilməməsi ilə bağlı mübahisələr yaranırdı. Bu cür mübahisələrə son qoymaq üçün Təlimatda sözgedən dəyişiklik edilib. Bu dəyişikliyin mahiyyəti budur ki, müqavilə notarial qaydada təsdiqlədiyi halda vəsait notarius vasitəsilə verilməlidir".

"Bəzi müqavilə notarial qaydada bağlanmaya da bilər. Bu zaman vəsaitin notarius vasitəsilə verilməsi nəzərdə tutulmur. Məsələn, tərəflər 50 min manat borc verilməsi ilə bağlı yazılı formada müqavilə bağlayır. Burada bu məbləğin notariusdan keçməsi tələb edilmir. Əgər bu müqavilə notarial qaydada təsdiq edilərsə, pul notarius vasitəsilə verilməlidir" – deyə o qeyd edib.

E.Həsənov söyləyib ki, praktikada yaranan mübahisələrə son qoymaq üçün Təlimatda bu dəyişiklik edilib: "Daşınmaz əmlak ilə bağlı müqavilələr onsuzda notariusda bağlanmalıdır. Bu isə o deməkdir ki, daşınmaz əmlak ilə bağlı bütün məbləğlər notariusdan keçməlidir. Əvvəl isə bu, 5500 manatdan çox olan vəsaitlərə aid idi. Yəni daşınmaz əmlakda müəyyən edilmiş minimal məbləğ də ləğv edilib. Daşınar əmlak isə avtomobil, qiymətli kağızlar, dövriyyəsinə icazə verilən ov silahı, gəmi və s. ola bilər".

Hüquqşünasın sözlərinə görə, məsələn, əvvəllər avtomobil alqı-satqı müqaviləsi notariusda bağlansaydı pulun notariusdan keçməsi tələb edilmirdi və tərəflər pulu notariusdan kənarda bir-birilərinə verə bilərdilər: "Bu isə mübahisəyə yol açırdı. Tərəflərdən biri məhkəmədə iddia edirdi ki, müqavilə bağlansa da, ona pul verilməyib. İndi isə avtomobilin alqı-satqı müqaviləsi notariusda bağlansa, mütləq pul notariusdan keçməlidir. Və bankda tərəflərə çek verilir. Belə olanda tərəflərdən biri sabah məsələ qaldıra bilməz ki, mən pul almamışam və yaxud da borc pul mənə verilməyib. Amma alqı-satqı müqaviləsi notariusda bağlanmaya da bilər".

"Praktikada minlərlə belə mübahisələr mövcuddur və bu dəyişiklik bu cür halların qarşısını alacaq", – deyə o əlavə edib.

6594