Maliyyə hesabatı, arxiv şəkli

Vətəndaşın problemli kreditlər məsələsi həll edilir, bəs sahibkarın?

4886
(Yenilənib 18:44 03.04.2019)
Ekspert: "Ayrılan büdcənin imkanlarına uyğun olaraq hər bir hüquqi şəxsə dəyən zərər müəyyən faizlər nisbətində kompensasiya edilə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. "Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var". Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib. "Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək", - deyə nazir qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov hüquqi şəxslərin problemli kreditlərinin həlli məsələsini Sputnik Azərbaycan-a şərh edib.

İqtisadçı deyib ki, bank sektorunda iki əsas tərəf - banklar və kredit götürənlər zərər görür: "Kredit götürənlərin əhəmiyyətli bir qismi hüquqi şəxslərdir. Son nəticədə qəbul edilmiş devalvasiya qərarı hüquqi şəxslərin də maliyyə vəziyyətinin pisləşməsinə ciddi təsir göstərib. Nəzərə almaq lazımdır ki, devalvasiya qərarı verilərkən uzun müddətli dövrdə biznes öz fəaliyyətini sabit məzənnə siyasətinə uyğunlaşdırmışdı. Ona görə də biznes valyuta mövqeyini düzgün müəyyənləşdirə bilmirdi".

"İkincisi, biznesin öz mövqeyini düzgün müəyyənləşdirməsi üçün uyğun mühit formalaşdırılmadı. Üçüncüsü, Azərbaycanda qorunma fondları (hedge fund) və s. inkişaf etməmişdi və hətta biznes cəhd göstərsəydi belə, zərərdən tam xilas olmaq mümkün olmayacaqdı" - deyə o bildirib.

Onun sözlərinə görə, indiki halda biznes faktiki olaraq zərər görən tərəflərdən biridir: "Nəzərə almaq lazımdır ki, hüquqi şəxslərlə bağlı qərar müzakirə edilərkən Azərbaycanda biznesin maliyyə çıxış imkanları məhduddur. Alternativ maliyyə institutları formalaşmayıb, alternativ maliyyə mənbələri yoxdur. Onların maliyyə çıxış imkanlarının məhdud olması biznesin genişlənməsinə, dövriyyənin artırılmasına, yeni investisiya qoyuluşlarına mənfi təsir göstərir".

"Son 3 ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi sferada ən müxtəlif dəyişikliklər edilsə də, qanunvericilik inkişaf etdirilsə də, müasir tələblərə uyğunlaşdırılsa da, bunun iqtisadiyyata transformasiyasını zəif hiss etdik. Bunun əsas səbəblərindən biri maliyyə problemidir. Bu baxımdan biznesə dəyən zərərin kompensasiya edilməsi irəliyə doğru addımdır" - deyə ekspert qeyd edib.

İqtisadçı vurğulayıb ki, biznesə güzəşt hazırlanır və müəyyən addımlar atılacaq: "Mexanizmin təkmil olması üçün daha yaxşı olar ki, diferensial metod tətbiq edilsin və hər kəsə dəyən zərərin müəyyən faizlər nisbətinin kompensasiyası nəzərdə tutulsun. Ayrılan büdcənin imkanlarına uyğun olaraq hər bir hüquqi şəxsə dəyən zərər müəyyən faizlər nisbətində kompensasiya edilə bilər".

"İlk olaraq mikro və kiçik sahibkarlar diqqətə alına bilər və onlara tam olaraq güzəşt verilə bilər. Orta və iri sahibkarlara isə diferensial prinsip tətbiq edilə bilər. Yəni dəymiş zərərin müəyyən hissəsi kompensasiya edilə bilər" - deyə o əlavə edib.

4886
Əlaqədar
Yanğından zərər çəkənlərə cüzi faizlə kredit veriləcək
"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək
Şəhid ailələrinin bank krediti ilə bağlı mühüm qərar verildi
Problemli kreditlərlə bağlı qaydalar qüvvəyə mindi
Azərbaycan manatı, arxiv şəkli

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

341
(Yenilənib 22:02 27.11.2020)
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

341
Teqlər:
ekspertlər, Elnur Yusifov, Natiq Cəfərli, stimul, sıfır dərəcə, ƏDV, ixracatçı, ixracat, ixrac
Edvgerial saytın istifadəçisi

ƏDV-nin geri alınmasında çətinliklə üzləşənlər etməli?

29
(Yenilənib 21:08 27.11.2020)
Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

BAKI, 27 noyabr — Sputnik. Son günlər vətəndaşlar tərəfindən "ƏDV geri al" layihəsi ilə bağlı müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və "BirBank" tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və "Birbank" tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

29
Teqlər:
Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, problemlər, tətbiq, ƏDV geri al, ƏDV
Şəhidin dəfni, arxiv şəkli

Şəhid ailələri müharibə əlilləri ilə bağlı tədbirlər planı hazırlandı

0
(Yenilənib 15:12 28.11.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib ki, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq.

BAKI, 28 noyabr — Sputnik. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər Planında nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

0
Teqlər:
Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev, plan, şəhid ailələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi