Maliyyə hesabatı

"Banklarda depozitlərlə kreditlər arasında 20 faizədək fərq var"

11955
(Yenilənib 09:49 19.03.2019)
Ekspert: "Kreditləşmə prosesi ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən zəif olub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23  mart — Sputnik. Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət əldə edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,9% və yaxud, təxminən, 2 dəfə azdır.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspertlər Azərbaycan-ın bank sektorunun xalis mənfəətinin 2 dəfə azalmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, xalis mənfəətin azalmasına bir neçə faktor təsir edə bilər: "Ola bilər, kreditləşmə prosesi ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən zəif olub. Bu, texniki proseslərdən qaynaqlana bilər. Yəni hər hansı bir qiymətləndirmə, kreditin verilməsi və yaxud kreditə müraciətin sayının az olması və digər səbəblərdən ola bilər".

Onun sözlərinə görə, ikincisi son dövrlərdə kredit faizlərində müəyyən qədər güzəştlər hiss olunur: "Xüsusilə sağlam müştəri bazası uğrunda mübarizə daha da sərtləşib. Çünki faktiki olaraq müştərilərin əhəmiyyətli bir qismi problemli müştəriyə çevrilib".

"Çox kiçik sağlam müştəri kontingenti qalıb. Banklar bu istiqamətdə rəqabət aparır. Ola bilər, bu rəqabət nəticəsində daha aşağı faizlərlə təkliflərin verilməsi gəlirlərə öz mənfi təsirini göstərsin" - həmsöhbətimiz vurğulayıb.

Ekspertin fikrincə, üçüncüsü, bu, daha çox bankların yaratdığı ehtiyat fondların həcmi ilə bağlıdır: "Həm problemli kreditlərin həcminə görə, həm yeni kreditləşməyə görə banklar ehtiyat fondlar yaradır. Bu fondlar həmin dövr ərzində artıq bankın xərcləri hesab olunur. Kreditləşmə nə qədər çox gedirsə, bu zaman ehtiyat fondlara lazım olan ayırmaların həcmi də artır. Bu isə qısa müddətli dövrdə xalis mənfəətin həcmini aşağı sala bilir".

"Amma ümumiyyətlə, ötən illə müqayisədə 2019-cu ildə kredit portfelinin həcmində müəyyən artımlar baş verib. 2016-cı il və 2017-ci ilin əvvəllərində bankların xalis mənfəətinə təsir göstərən əsas faktorlardan biri də valyuta bazarlarında volatiliyin və mənfəət normasının yüksək olması idi" - deyə R.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, marjanın yüksək olması banklara konvertasiyadan iri məbləğdə gəlirlər əldə etməyə imkan yaradırdı: "Amma 2017-ci ilin birinci rübündən sonra banklar bu imkanları itirib. Faktiki olaraq marja kiçilib və belə olduğu təqdirdə banklar bu gəlir mənbəyindən müəyyən qədər məhrum olub".

İqtisadçı deyib ki, digər bir fakta gəlincə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə Mərkəzi Bankın depozit hərraclarında faiz dərəcələri əhəmiyyətli səviyyədə aşağı düşüb: "Banklar da son dövrlərdə likvid vəsaitlərin əhəmiyyətli bir qismini məhz bu kimi aktivlərdə yerləşdirməyə üstünlük verir. Çünki bəzi hallarda bazarda risklərin yüksək olması bankların kredit siyasətinə təsir göstərir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

"Banklar daha çox Mərkəzi Bankın depozit hərraclarında vəsaitləri istifadə edirdi. İndiki şəraitdə hərraclarda faizin aşağı düşməsi bankların gəlirlərinə mənfi təsir göstərən faktorlardan biri kimi qiymətləndirilə bilər" - Həsənov əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə deyib ki, iqtisadiyyatda xüsusən də çətin durumun formalaşdığı və yaxud da turbolentliyin mövcud olduğu şəraitdə banklar çox yüksək mənfəətlə hesabat verməməlidir: "Yəni iqtisadiyyatda turbolentlik, mürəkkəb dövr olduğu bir şəraitdə bankların xüsusilə mənfəətinin artırılması dünya təcrübəsində normal hal deyil".

Ekspert bildirib ki, Azərbaycanda banklar yüksək faizlərlə işləyir: "Bizdə depozitlərlə kreditlərin arasındakı fərqə nəzər salsaq, heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə belə bir göstərici yoxdur. Bizdə depozitlərlə kreditlər arasında 20 faizədək fərq var. Bu, anormal haldır. Banklar bu şəraitdə yüksək mənfəət götürməməlidir. Aidiyyəti dövlət qurumları burada öz tənzimləyici funksiyalarını işə salmalıdır".

11955
Teqlər:
ekspert, mənfəət, kredit, depozit, bank
Əlaqədar
Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur
İpoteka kreditlərinin dayandırıldığı haqda şikayətlər var: Fond susur, banklar təkzib edir
Kredit faizlərinin yuxarı həddini müəyyən edəcək qurum dəqiqləşdi
Bankomatdan pul çıxaran şəxs, arxiv şəkli

Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama

11
(Yenilənib 18:32 10.07.2020)
"Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib" - H.Hacıyev

BAKI, 10 iyul — Sputnik. "190 manatlıq ödənişlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Hikmət Hacıyev qeyd edib ki, yaxın zamanlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı açıqlama veriləcək.

Prezidentin köməkçisi xatırladıb ki, bəzi Azərbaycan vətəndaşları var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmirlər: "Həmin vətəndaşların ölkəyə gətirilməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir".

11
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hökumət 190 manatla bağlı qərarına dəyişiklik etdi
Yardımla bağlı 16 bölgənin sakinlərinə şad xəbər
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Manat, arxiv şəkli

Dövləti necə soymalı? Hesablama Palatası bir Komitədən bestsellerlik material topladı

9
(Yenilənib 16:58 10.07.2020)
Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.

BAKI, 10 iyul — Sputnik. Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb. Sputnik Azərbaycan-a Palatadan verilən məlumata görə, audit nəticəsində müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib.

Həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb. Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilib ki, 2019-cu ilin dekabr ayında 33,0 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib.

2910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib. 2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.

Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilib. Mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq onların saxlanılmasına 730 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 "çilingər-santexnik" və 94 "xarrat-rəngsaz" ştat vahidi təsdiq edilərək əmək haqqı ödənilib, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışı həyata keçirilib.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənilib. O cümlədən çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3737,23 manat ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənilib. Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənilib, MKİS-lərdə 18,0 min manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7 min manat büdcə vəsaiti xərc edilib. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.

9
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

0
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

0
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar