BAKI, 22 mart - Sputnik. Azərbaycanın "Azerilight" markalı xam neftinin 1 barelinin qiyməti 0,27 dollar və yaxud 0,39% ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, hazırda neftimizin bir barelinin qiyməti 69,43 dollar təşkil edir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 65,42 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar bahalaşaraq 62,49 dollar olub.
Qeyd edək ki, neft qiymətləri fevral ayını artımla tamamlayıb. Ay ərzində qiymətlər pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Belə ki, "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları ötüb.
BAKI, 1 mart — Sputnik. Sahibkarlar daha çox maliyyə resurslarına çıxışlarda problemlə üzləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.
"Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sorğu zamanı sahibkarların ən çox üzləşdiyi problem maliyyə resurslarına çıxışla bağlı olub. Belə ki, sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər"- deyə o qeyd edib.
O bildirib ki, cari ildə ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: "Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib. Dördü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb".
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.