Mərkəzi Bank

Yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxılır

420
(Yenilənib 15:10 18.03.2019)
Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək

BAKI, 18 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.

Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur.

Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılıb.

Yeni 10 manatlıq əsginas
© CBAR
Yeni 10 manatlıq əsginas

Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə" həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilib.

Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.

Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

420
Teqlər:
əsginas, pul, manat, AMB
Əlaqədar
Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur
Manat ucuzlaşdı
Kəlbəcər, arxiv şəkli

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

4
(Yenilənib 16:48 26.10.2020)
"Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Kəlbəcərin "İstisu" sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları... Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

Tarixçi Kamal İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sırada ilk növbədə kurort şəhəri Şuşanın adını çəkmək lazımdır. Həmsöhbətimiz bildirir ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyur:

"Hələ qədimlərdən Şuşa şəhərinin, Cıdır düzünün havası, İsa bulağı, Turşsu, Şirlan bulaqlarının suyu bir çox xəstəliklərdən, o cümlədən ümumi halsızlıq, qanazlığı, qapalı vərəm və s. xəstəliklərdən şəfa tapmaq üçün uzaq-uzaq diyarlardan gələn xəstələrə məlhəm olub. Şuşanın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq XX əsrin ortalarında burada şəhərin kurort mərkəzi kimi inkişaf etdirilməsi qərara alınıb. Qısa müddət ərzində burada müasir sanatoriya korpusları və müəssisələri tikilib və şəhər SSRİ-nin bütün respublikalarından qonaq qəbul edən kurort şəhərinə çevrilib. Şuşa şəhəri 1991-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilərək, şəhərin yalnız azərbaycanlılardan ibarət olan bütün əhalisi öz doğma ocaqlarından deportasiya olunubdur.

Qarabağ torpağının digər təbii zənginliklərindən biri də İstisu mineral su bulağı və bu bulaq üstündə yaradılmış İstisu kurortudur. Öz səmərəliyinə görə Gürcüstanın Sxaltuba suyunu geridə qoyan İstisu kurortunun yerləşdiyi Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. İstisu kurortunu ələ keçirən Ermənistan eyniadlı məşhur müalicəvi mineral suyun adını dəyişib və "Cermux" adı ilə xarici ölkələrə satmağa başlayıb".

Tarixə nəzər salsaq, görərik ki, Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi.

Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Ağdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı. Şuşa Sanatoriya-Kurort Birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış kompleksi də var idi. Bütün bunlarla yanaşı, şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

Ağdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriya inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həm də müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaradıb. Müəssisəyə təqdim edilmiş Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən, qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansındadır.

Göründüyü kimi, Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edən zaman Qarabağa turizm marşrutu kimi diqqət ayırmağa, onun unudulmasına imkan verməməyə çalışsalar da, buna çox zaman imkan verilməyib. Onun sözlərinə görə, ermənilər bu sahədə də təxribata əl atmaqdan çəkinməyiblər: "Onlar beynəlxalq tədbir və sərgilərdə Qarabağı ayrı stend kimi göstərirdilər. Hətta Qarabağı Ermənistan xəritəsində göstərirdilər. Biz, təbii ki, buna etirazımızı bildirirdik".

R.Quliyev deyir ki, əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutu mövcuddur:

"Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır".

R.Quliyev bildirir ki, Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər: "Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.

Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq".

R.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq: "Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək".

Dövlət Turizm Agentliyindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi ilə bağlı artıq işlərə başlanıldığını, bu günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcəyini söylədilər.

4
Teqlər:
marşrut, Naxçıvan, Azıx mağarası, Xudafərin, Ağdam, İstisu, Kəlbəcər, Şuşa, Qarabağ, turizm
Əlaqədar
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
"Xırdalıqlar" içində itən tibb ocağı: Onun özünün şəfaya ehtiyacı var - FOTOLAR
Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq - Samir Dübəndi
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

118
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

118