Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

Yeni fərmanla bağlı qaranlıq qalan bütün suallara aydınlıq gətirildi

968
(Yenilənib 14:47 01.03.2019)
Vətəndaşların kompensasiya alacaqları vaxt açıqlandı

BAKI, 1 mart — Sputnik. Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Lakin bu fərmanın icrası və mexanizmləri ilə bağlı bəzi nüanslar hələ də vətəndaşlarda sual olaraq qalır. Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov müsahibəsində bütün qaranlıq məqamlara aydınlıq gətirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

- Devalvasiyadan öncə kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcək?

- Nümunəvi kreditorlara da kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq, kreditini geri qaytarıbsa, ona da müəyyən məbləğ ödəniləcək. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək. 

- Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi?

- Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişləri həyata keçirmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

- Güzəştlər yalnız dollar ilə götürülən kreditlərə aiddir?

- Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.

- Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq?

- Bu zaman vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaş isə həmin hesabdan pulunu nağdlaşdıra biləcək.

- Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək? 

- Kompensasiya məbləği hesablanacaq. Qalıq borc bağlandıqdan sonra qalacaq əlavə məbləğ vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollar təşkil edirsə, bu zaman onun min dollar borcu qalır. Nəticədə 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.

- Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı?

- Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.

- Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi?

- Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcək.

- Kompensasiyadan sonra kredit bocu qalanlar borclarını necə qaytaracaqlar? 

- Bunu daha aydın bir misalla izah edim: Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardırsa, bu zaman onun kompensasiya məbləği 4 min dollar olacaq. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir, yeni ödəniş cədvəli tutulur və o zaman aylıq ödənişlər kəskin azaldılır. Yəni faktiki olaraq qalıq borca faiz hesablanmır. Vətəndaşın ödəniş edə bilməsi üçün müddət uzadılır.

- Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq?

- Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən gec aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.

- Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər?

- Fərmana əsasən, ən gec mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.

968
Teqlər:
Vüqar Baryamov, kompensasiya, kredit
Əlaqədar
Məktəbə verdiyiniz şəxsi məlumatdan bankdan kredit alarkən istifadə edə bilərlər
Kredit güzəşti kimlərə və hansı məbləğdə şamil olunacaq - ŞƏRH
Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var
Prezident vətəndaşların kredit borcları barədə möhtəşəm qərar verdi
Hotel foyesi, arxiv şəkli

Azərbaycanda dincəlmək istəyən insanların işini yüngülləşdirirlər: çox sürətli olacaq

44
(Yenilənib 15:55 02.03.2021)
Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

BAKI, 2 mart — Sputnik, Zarina Orucəliyeva. Tezliklə turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yerli bazarda öz yerini tutacaq. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu daxili bazarda turizm xidməti göstərənlər üçün yeni platformanın yaradılması üçün tender elan edib.

Qonaqlama obyektləri (hotellər, hostellər), turizm xidməti göstərənlər, səyahət fəaliyyəti ilə məşğul olanlar və turistləri bir araya gətirən inteqrasiya edilmiş bu platforma yalnız Azərbaycan vətəndaşları və ölkədə yaşamaq üçün icazəsi olan əcnəbilər üçün nəzərdə tutulub.

Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

Sistem B2B və B2C komponentlərini özündə birləşdirir ki, bu da tur təşkilatçılarına həm dinamik, həm də statistik turlar təşkil etməyə imkan verəcək. Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

"Bizim missiyamız isə ondan ibarətdir ki, sürətli ödəməni təmin etməklə insanlara rahat və sürətli rezervasiya üçün şərait yaradaq. Bundan başqa, vahid mərkəzdən idarəetmə sistemi aləti yaratmaqla turizm sənayesinin fəaliyyətini genişləndirmək istəyirik. Bu sistem müxtəlif turizm məhsulları tədarükçüləri üçün ticarət platforması rolunu oynayacaq", – deyə o bildirib.

Yeni platformanın yaradıcılarının məqsədi çox sadədir - yerli turistlərə otel və səyahət paketlərini daha sürətli, effektiv və sərfəli şəkildə həyata keçirmək imkanı vermək.

"Bu, çox mühüm təşəbbüsdür. Özü də belə bir platformanın yaradılması o qədər də çətin iş deyil", – Hotel və Restoranlar Birliyinin (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi bu fikirdədir. Onun sözlərinə görə, platforma uyğun qiymətlər, marketinq yanaşmaları, marşrutlar və turlar şəklində məhsullarla daha çox yerli turistlərə yönəldiləcək.

"Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ>>

Dubəndi onu da bildirdi ki, Azərbaycan daxili turizmin hərtərəfli inkişafı üçün bütün imkanlara malikdir - iqlim zonalarının növbələşməsi, əhalinin etnik müxtəlifliyi, bölgələrin zəngin mətbəxi, adət-ənənələr, müxtəlif infrastruktur təklifləri (hotellər, restoranlar, hostellər) və s.

"Bu işdə Azərbaycanın milli parkları mühüm rol oynaya bilər. Çünki bu parklar açıq səma altında turizm fəaliyyətinə imkan verən geniş resurs spektrinə malik qorunan nəhəng ərazilərdir. Bu ərazilərə kempinqlər, gəzintilər (piyada və atla) təşkil oluna bilər. Məncə, bütün bunlar daxili turizmin inkişafında rol oynaya bilər. Daha sonra müəyyən turizm məhsulları təklif edərək beynəlxalq bazarlara da çıxmaq mümkündür", – deyə ekspert qeyd edib.

Onun fikrincə, rezervasiya sisteminin uğuru menecment işinin necə təşkil olunacağından asılıdır. Dübəndi Azərbaycanın işğaldan azad olunmuş ərazilərini da platformaya daxil etməyi və bu zaman Qarabağ bölgəsinin maddi-mənəvi irsinə xüsusi diqqət ayırmağı təklif edir.

44
Teqlər:
hostel, otel, turizm
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

52
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

52
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

325
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

325