Ərəb turistlər Bakıda

Ərəb turistlər ölkəmizi tərk edirlər, amma "müqəddəs yer boş qalmır"

4761
(Yenilənib 13:54 28.02.2019)
Azərbaycana Fars körfəzi ölkələrindən gələn turistlərin sayında azalma var

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Fars körfəzi ölkələrindən olan turistlər Azərbaycanı tərk edirlər. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvarında turistlərin sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13,3% aşağı düşüb.

Bu minvalla yanvarda Azərbaycanı ərəb ölkələrindən olan cəmi 28,5 min turist ziyarət edib. Məlumat üçün bildirək ki, 2018-ci il ərzində Azərbaycanı 554,1 min bu kateqoriyadan olan turist ziyarət edib.

DSK-nın məlumatına görə, cari ilin yanvarında Azərbaycana 145 ölkədən 191,6 min əcnəbi (+2,9%) gəlib. Artıq bir neçə ildir ki, Azərbaycana gələn turistlərin siyahısında Rusiyadan gələnlər (artım - 29,4%) liderlik edir. Sonrakı yerləri Gürcüstan (+29,1%), Türkiyə (+11,2%), İran (+5,4%), BƏƏ (+4,5%), Ukrayna (+1,7%), İraq (+1,3), eləcə də digər ölkələrdən (+17,3%) olan turistlər və vətəndaşlığı olmayan şəxslər (+0,1) tutur.

O da məlum olub ki, Azərbaycana gələnlərin əksəriyyəti (71,1%) kişilərdir. Bundan əlavə, Çindən gələn turistlərin sayında artım (+26,5%) qeydə alınıb.

Qeyd edək ki, avropalı turistlər tədricən Azərbaycana qayıdırlar. Yanvarda ölkəmizi, demək olar ki, 6 min Avropa İttifaqı ölkələrindən olan turist ziyarət edib. Bununla yanaşı, Azərbaycandan da xaricə gedən turistlərin sayı artıb. 2019-cu ilin başlanmasından bu yana 357,1 min azərbaycanlı turist digər ölkələrə gedib.

Ərəb turistlər mövzusuna qayıdaraq bildirək ki, son illər bütün səyahət sənayesi yüksək təminatlı qonaqlara böyük üstünlük verir. Demək olar ki, hər bir azərbaycanlıya ərəb şeyxlərinin pullarını görmək nəsib olub.

Küveyt, Qətər, İraq, BƏƏ və digər ərəb ölkələrinin vətəndaşlarının Azərbaycana artmaqda olan marağını müşahidə edən yerli hotel və restoran sahibləri bu qonaqları qəbul etmək üçün zəruri şəraiti yaradıb. Bir neçə il ərzində bu əcnəbilər respublikamıza ailələri ilə birlikdə gəlir, burada şahin quşları ilə ov edir və gecələr əyləncə yerlərində doyunca əylənirlər.

Hətta Bakıda ərəb kişilərin dəstə ilə ziyarət etdiyi gecə klublarından ibarət bir kvartal yaranıb. Amma arada nəsə baş verdi. Qısa zaman kəsiyində ərəb turistlərin Azərbaycana marağı kəskin şəkildə aşağı düşdü.

Qeyri-hökumət təşkilatı olan Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırovun Sputnik Azərbaycan-a açıqlamasına görə, ərəb turistlərin axınında dönüş 2018-ci ilin sonlarına yaxın baş verib: "Statistikaya əsasən, turist sayına görə Rusiya və Gürcüstandan gələnlər ön yerləri tuturlar. Amma biz bilirik ki, bu ölkələrdən gələnlər turistlər yox, orada yaşayan etnik azərbaycanlılardır. Bu etnik azərbaycanlılar ildə bir neçə dəfə ölkəmizə qohumlarının yanına gəlirlər. Bu gün Bakıdakı real turistlər, əsasən ərəblərdir. İndi də az-az var, amma biz onları itiririk".

"Bunun səbəbi turist bazarındakı böyük rəqabətdir. Ərəb turistlər ən çox arzulanan turistlərdir. Hər kəs o turistləri öz ölkəsində görmək istəyir və onları təqib edirlər. Ona görə də bir çox ölkələr ərəb turistləri "ovlamaq"da fəallıq nümayiş etdirir" - QHT sədri bildirib.

"Piroq bir ədəddir, ona uzanan çəngəllər isə çox. Hər kəs özü üçün daha böyük dilim kəsmək istəyir. Bu rəqabətdə mübarizə aparmaq lazımdır. Hər dəqiqə mübarizə aparmaq, öz təbliğatını aparmaq və özünü xatırlatmaq lazımdır. İndiyə qədər nə edilibsə, indi ondan 10 dəfə fəal iş aparılmalıdır. Çünki biz bu dalğanı əldə etmişiksə, onu əlimizdə saxlaya bilməsək, buraxsaq, onda bir də heç vaxt əldə edə bilməyəcəyik" - Bağırov deyib.

Son üç ay ərzində turist axınını izləyərkən onların hotellərdə məskunlaşmasının çox aşağı olduğu müşahidə edilir. Ötən ilki və ondan əvvəlki ildəki vəziyyəti müqayisə etsək, böyük fərqin olduğunu görərik.

Bağırovun fikrincə, əslində belə olmamalı idi: "Bir çox brend və brend olmayan hotellərin yükü 20-30% səviyyəsindədir. Bu göstəricilər turizmin inkişafı ilə bağlı proseslərin başladığı beş il əvvəlki dövrə uyğundur".

QHT sədri Azərbaycanı Gürcüstanla müqayisə edib: "Baxmayaraq ki, Azərbaycanın turizm potensialı Gürcüstandan daha yüksəkdir, lakin qonşu dövlət turizmdən daha çox dividend qazanır. Altı milyon turistin gəlməsinə nail olunduqdan sonra həddi daha 18-19 faiz də artırıblar".

"Azərbaycan isə öz növbəsində beş dəfə artıq qonaq qəbul etmək imkanına malikdir. Əgər əvvəllər rentabelliyi artırmağa hotel və aviaxətlərin azlığı mane olurdusa, indi ölkədə 18, 20, 25 və 40 dollara kifayət qədər hostel və hotel tapmaq mümkündür" - deyə o bildirib.

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə isə öz növbəsində vəziyyəti Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, narahatlığa əsas yoxdur. O, turist axınının azalmasını ilk növbədə Yaxın Şərq regionundakı qeyri-sabitliklə əlaqələndirib.

Quluzadənin sözlərinə görə, bu ölkələrin əhalisinin xaricə səyahətinə təsir edən amillər var: "Bununla yanaşı, ərəb turistlərin sayındakı azalma İraqdan Azərbaycana birbaşa aviadaşımaların həcminin aşağı düşməsilə əlaqədardır və bu, müvəqqətidir".

"Amma bu yaxınlarda iki aviaşirkət bizə birbaşa reyslər təşkil etməyə başlayıb. Oyunçuların dəyişməsi də var. Omandan Azərbaycana aviareyslər fəaliyyətə başlayıb. Bu, əlavə turist axınını təmin edəcək və sayla bağlı vəziyyəti sabitləşdirəcək" - deyə DTA sözçüsü bildirib.

O, həmçinin 2018-ci ilin dekabrında Yaxın Şərq regionunda - BƏƏ (Dubay) və Səudiyyə Ərəbistanında Azərbycanın iki rəsmi turizm nümayəndəliyinin açıldığını da nəzərə almağı tövsiyə edib. Bildirib ki, artıq 2019-cu ildən Yaxın Şərqdə Azərbaycanın turizm potensialını inkişaf etdirmək üçün böyük sistemli kampaniya başlayıb.

"Eyni zamanda müxtəlif turizm sərgilərində iştirak, brendləşmə, B2B formatında görüşlərin keçirilməsi təşkiili olunur. Habelə, Səudiyyə Ərəbistanında turizm sənayesinin iştirakçıları üçün verilən böyük iftarda iştirakla bağlı məsələlərə baxılıb. Bütün bunlar ölkənin turizm bazarının canlanmasına xidmət edir" - K.Quluzadə vurğulayıb.

4761
Teqlər:
Gürcüstan, Azərbaycan, ölkə, turist, ərəb
Əlaqədar
Qobustan Qoruğunu bir ildə 123 mindən çox turist ziyarət edib
Ekspert: "Ərəb turistlərin Azərbaycana yeni axını gözlənilir"
Zərgər emalatxanasında bir gün: Turistləri milli ornamentlər daha çox maraqlandırır
Kasıblar üçün Avropanın ən ucuz turist şəhəri