Büdcə

Qarşıdakı 3 ildən maliyyə gözləntiləri: Gəlirlərimizə yönəlik proqnoz fikirləri haçaladı

11357
(Yenilənib 12:17 25.02.2019)
"Beynəlxalq reytinq agentliklərinin göstəricilərində çox ciddi iqtisadi və siyasi maraqların olmasını həmişə nəzərdə saxlamalıyıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. 2019-cu ilin sonunda Dövlət Neft Fondunun (DNF) likvid aktivlərinin ümumi daxili məhsulun (ÜDM), təxminən, 60%-nə bərabər olacağı proqnozlaşdırılır. Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi gözlənilir.

Bu barədə "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilir. Ekspertlər ÜDM-ə nisbətdə Neft Fondunun likvid aktivlərinin azalacağı proqnozunu Sputnik Azərbaycan-a şərh ediblər.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, S&P, "Fitch Ratings", "Moody's" və digər beynəlxalq reytinq agentliklərinin göstəricilərini həddindən çox şişirtməməliyik: "Bu agentliklərin göstəricilərində çox ciddi iqtisadi və siyasi maraqların olmasını həmişə nəzərdə saxlamalıyıq. Düzdür, milli iqtisadiyyatımızın inkişafı nöqteyi-nəzərindən müəyyən dərəcədə bu reytinq agentliklərinin göstəricilərinin təsiri var. Bu, ilk növbədə xarici investisiyaların cəlb olunması baxımından önəm daşıyır. Amma hesab edirəm ki, ölkə iqtisadiyyatının inkişafı üçün prioritet daxili investisiya resursları olmalıdır".

"Bəli, xarici investisiyalar müəyyən sahələrdə olmalıdır və bu, qaçılmazdır. Düzdür, müəyyən mənada reytinq agentliklərinin göstəricilərinə xarici investorlar reaksiya verir. Amma bu göstəricilərin çoxu reallığı deyil, ciddi iqtisadi və siyasi maraqları əks etdirir" - deyə o bildirib.

E.Məmmədovun sözlərinə görə, DNF-in xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi real görünmür: "Düşünmürəm ki, hazırkı gedişlə Neft Fondunun likvid aktivləri bu dərəcədə azala bilər. "Standard & Poor's"un proqnoz göstəricilərində çox böyük ziddiyyət var".

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, S&P-nin proqnozundan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda ÜDM sürətlə artmayacaq: "Yaxın illərdə ÜDM-in maksimal artım tempi, təxminən, 3 faiz civarında gözlənilir. ÜDM-in artım tempi sürətli olmayacaqsa, ÜDM-ə nisbətdə Neft Fondunun vəsaitlərində azalma olacaq. 2019-cu ilin büdcəsinin 50 faizi birbaşa Neft Fondundan transferdir. Yaxın illərdə ÜDM-in artım tempinin çox yüksək olmadığını nəzərə alsaq, Neft Fondundan ayrılan vəsaitlərin həcmi isə artacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli

"Çünki büdcə azala bilməz. Hər il kiçik də olsa, artımlar olmalıdır. Yəni əhali artır, ölkənin tələbatı artır. Bütün bunları nəzərə alsaq, deməli, yaxın illərdə Neft Fondundan daha çox vəsaitin xərclənməsi gözlənilir. Bu da Neft Fondundakı vəsaitlərin ÜDM-ə nisbətində müəyyən azalmalara səbəb olacağına işarədir" - deyə o bildirib.

N.Cəfərlinin fikrincə, S&P-nin proqnozları kifayət qədər iqtisadi parametrlərə söykənir: "Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivləri ÜDM-in 37%-ni təşkil edə bilər. Amma bütün proqnozlar neftin qiymətinin müəyyən həddinə görə nəzərdə tutulub. Hətta manatın məzənnəsi, ÜDM-nin artım tempi ilə bağlı proqnoz da buna görə hazırlanıb".

Ekspert qeyd edib ki, neft qiymətlərinin yaxın 3 ildə indiki qiymətlərdən, təxminən, 23 faiz ucuz olacağı proqnozlaşdırılır: "Yaxın 3 ildə bu proses baş verəcəksə, Azərbaycanın makroiqtisadi göstəricilərində reytinq agentliyinin söylədiyi proseslər baş verə bilər. Yəni bunun birbaşa neftlə əlaqəsi var. Neft qiymətlərində gözlənilən azalma bu proqnozların verilməsinə əsas yaradıb".

Müsahibimizin sözlərinə görə, ÜDM-in həcmi sürətlə artmayacaq, amma ÜDM-ə nisbətdə Neft Fondunun vəsaitləri azalacaq: "3 ildən sonra Neft Fondunda toplanmış vəsaitlərin indikindən daha az olacağı ehtimalı çox yüksəkdir. Neft Fondu ölkə iqtisadiyyatı üçün təhlükəsizlik yastığıdır. Oradakı azalma bütün makroiqtisadi göstəricilərə də təsir göstərir. Amma kəskin azalma da deyil".

"Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivləri ÜDM-in 37%-ni təşkil edəcəksə, bu da kifayət qədər yaxşı göstəricidir. Amma azalma tendensiyasının olması yaxşı deyil" – deyə ekspert vurğulayıb.

11357
Teqlər:
ÜDM, Elşad Məmmədov, Natiq Cəfərli, fond, neft, reytinq
Əlaqədar
Prezident ölkənin dövlət büdcəsini təsdiqlədi
Dövlət büdcəsinin tərtibi və icrası qaydalarına dəyişiklik edilib
Ölkədən kapital axınını büdcəyə necə yönəltməli - Pulumuz cibimizdə qalsın
Milyardlarla dollar büdcəyə geri qaytarılıb
Vyanada OPEC-in mənzil-qərargahı, arxiv şəkli

Azərbaycan "OPEC+" nazirlərinin iclasında iştirak edəcək

7
(Yenilənib 22:55 05.06.2020)
"OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə ediləcək.

BAKI, 5 iyun — Sputnik. İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə "OPEC+" ölkələri nazirlərinin video-konfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin "OPEC+" üzrə gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək "OPEC+" üzrə gündəlik hasilatın 2 mln. barel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

7
Berlin şəhərinə mənzərə, arxiv şəkli

Avropanın ən güclü iqtisadiyyatı tarixinin ən pis dövrünü yaşayır

13
(Yenilənib 21:58 05.06.2020)
Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti iqtisadiyyatın dəstəklənməsi üçün ümumi həcmi 130 milyard avro dəyərində paket qəbul edib.

BAKI, 5 iyun — Sputnik. Bu dəfə ki böhran Almaniya tarixində ən ağır böhrandır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel "ARD" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı çətin dövrdən keçir, təxminən 7 milyona qədər Almaniya sakini yarım iş gününə keçirilib. Merkel eyni zamanda hesab edir ki, hökumət pandemiya ilə mübarizədə düzgün hərəkət edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti iqtisadiyyatın dəstəklənməsi üçün ümumi həcmi 130 milyard avro dəyərində paket qəbul edib.

Qeyd edək ki, Almaniyada artıq 600 mindən çox şəxs öz iş yerlərini itirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

13
Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə mənzərə, arxiv şəkli

Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq

0
(Yenilənib 16:28 06.06.2020)
"Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır" - Elşad Elsevər

 

BAKI, 6 iyun — Sputnik. Qarabağ mövzusunda lentə alınan “Açar” filminin çəkilişləri artıq yekunlaşıb və tizeri (qısa videoxülasə) kinosevərlərə təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında, dünyanın harasında yaşamasından asılı olmayaraq, doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir...

“Epik Prodakşn” və “OB Film”in birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır”, – deyə filmin quruluşçu rejissoru Elşad Elsevər bildirib.

Filmin bədii rəhbəri  Yusif Şeyxov, ssenari müəllifi  Elşad Elsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Ekran əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova, eləcə də Hüseyn İsgəndərov, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Reyhan Cəfər, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkiliblər.

0
Əlaqədar
Əməkdar artist: “Atam həkim olmağımı istəyirdi, mən isə aktyor oldum” – MÜSAHİBƏ
İrəvanlı gözəllərimiz bu cür geyiniblər - FOTO
Səfirlik Qarabağla bağlı videonu təkzib etdi - saxtadır
Onun ürəyi Qarabağın "Fəryad"ına dözmədi
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO