Şimal axını-2 qaz kəməri üçün boru istehsalı

Avropa Rusiya layihəsinə təslim oldu

89
(Yenilənib 20:27 13.02.2019)
Berlin sənədin Rusiya qaz kəməri də daxil olmaqla bütün qaz kəmərlərinə şamil olunmasına nail olub

BAKI, 14 fevral — Sputnik. Avropa İttifaqı Şurası (AİŞ) qaz bazarını tənzimləyən qanunvericiliyə dəyişiklik etməyə icazə verib. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, dəyişikliklər "Şimal axını-2" və "Qazprom" üçün boşluq yaradacaq.

Nəşrin məlumatına görə, uzun müddət gedən danışıqlardan sonra indiyə qədər əks mövqedə olan Almaniya və Fransa arasında kompromisə nail olmaq mümkün olub. Rəsmi Paris ötən il Avropa Komissiyası tərəfindən verilən təklifləri qəbul edib. Bu dəyişikliklərə əsasən Avropa İttifaqı ərazisindən keçən bütün qaz kəmərləri bütün təchizatçılar üçün açıq olmalıdır və bir şirkətin monopoliyasında olmamalıdır. Bu təklif ayrı-ayrı layihələr və şirkətlər üçün istisnalar istəmək imkanı verirdi. "Şimal axını – 2" layihəsi təklifdən yararlana bilmirdi.

Almaniya və Niderland isə buna qarşı çıxış edirdi. İndi isə Berlin bu sənədin Rusiya qaz kəməri də daxil olmaqla bütün qaz kəmərlərinə şamil olunmasına nail olub.

Gözlənilir ki, Almaniya "Şimal Axını-2" layihəsinin Avropa bazarında rəqabətə təsir etməyəcəyini sübut etməyə çalışacaq. Bununla da, məhz Berlin qaz kəməri tikintisi layihəsinin reallaşdırılmasında həlledici təsirə malik olacaq. İndiyə qədər həlledici təsirə malik Danimarka idi. Belə ki, bu ölkə öz ərazi sularında kəmərin çəkilməsinə qarşı çıxırdı.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını - 2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını - 2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını - 2" qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, "Şimal axını - 2" iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını - 2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını - 2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

89