Yenilənmiş ət satışı məntəqəsi

Sayımızmı çoxalıb, pulumuzmu: 16 faiz nəyin artımıdır?

8093
(Yenilənib 17:22 14.01.2019)
Ötən il 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. 2018-ci ilin 11 ayında Azərbaycana 63 milyon 652 min ABŞ dolları dəyərində 43 min 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb. 2018-ci ilin 11 ayında ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib.

Müslüm İbrahimov
Müslüm İbrahimov

İdxalın artımı ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyib ki, daxili bazarda qiymətləri tənzimləmək və ətin qiymətinin artımının qarşısını almaq üçün idxal həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda ət idxalının artmasının səbəbi ilk növbədə istehlakın çoxalması ilə, ikincisi isə gəlirlərin artması ilə bağlıdır.

"Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarına tələbat həmişə iki faktorla müəyyənləşib: Birincisi, əhalinin sayı. Azərbaycanda əhalinin sayının artması müşahidə edilir. Bununla bağlı kənd təsərrüfatı və ərzaq məhsullarına tələbat ildən-ilə artır. Ona görə daxili bazarda qiymətləri tənzimləmək üçün idxaldan da istifadə edilir" - deyə ekspert bildirib.

M.İbrahimov qeyd edib ki, ikinci faktor gəlirlərin səviyyəsi ilə bağlıdır: "Azərbaycanda nominal gəlirlərin artması baş verib. Bu da ətə olan tələbatı artırıb. Bundan başqa, əsasən, heyvandarlığın inkişaf etdiyi bir sıra ölkələrdə ət məhsullarının qiyməti Azərbaycanın daxili qiymətlərindən ucuzdur. Ona görə ətin Azərbaycana gətirilməsi məqsədəuyğun hesab olunur. MDB ölkələri ilə müqayisədə Azərbaycanda istehlak səbətində ətin xüsusi çəkisi çoxdur".

"Onu da nəzərə almaq lazımdır ki, əsasən ərzaq məhsulları aldığımız MDB ölkələrində devalvasiya baş verib. Ona görə də daxili və xarici qiymətlərin arasında müəyyən dərəcədə fərq yaranır. Bu ölkələrdə istehsal edilən məhsulların qiyməti manata görə daha da ucuzlaşır" - deyə müsahibimiz vurğulayıb.

İbrahimov əlavə edib ki, ölkəmizdə ət istehsalının azalması mövsümi xarakter daşıyır. Çünki qida rasionunda dəyişiklik baş verir.

UNEC-in digər professoru Elşad Məmmədov isə, Sputnik Azərbaycan-a şərhində söyləyib ki, ət idxalının artımı əhalinin gəlirlərinin və yaxud əhalinin sayının artımı ilə izah oluna bilməz: "Statistik göstəricilər də bizə onu deməyə əsas verir ki, əhalinin gəlirləri 2018-ci ildə o dərəcədə artmayıb ki, istehlakda 16 faizlik artım olsun. Digər tərəfdən, əhalinin sayının artımı ilə bağlı da o dərəcədə yüksək göstəricilər yoxdur".

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

"Burada söhbət idxalın artımında digər amillərdən gedir. Bu amillər bir tərəfdən yerli istehsal ilə bağlıdır və yerli istehsalda kənd təsərrüfatı sahəsində mövcud olmuş problemlərlə bağlı ola bilər. Bu, bir qədər əvvəlki dövrdə heyvandarlıq üçün nəzərdə tutulmuş əkinlərin faktiki olaraq digər sahələrə verilməsi ilə bağlı olan problemlərlə izah oluna bilər" – deyə o bildirib.

E.Məmmədov onu da əlavə edib ki, 5-6 il bundan əvvəl heyvandarlıq üçün nəzərdə tutulmuş əkin sahələrinin digər kənd təsərrüfatı istiqamətlərinə yönləndirilməsi heyvandarlıqda müəyyən qədər mənfi proseslərin getməsinə, azalmaların olmasına səbəb olub: "Bu, bir səbəb kimi göstərilə bilər".

Ət idxalının artmasının ikinci səbəbinə gəlincə isə ekspert bildirib ki, bizim əsas qeyri-neft sektorundakı xarici ticarət tərəfdaşlarımızda ötən il valyutanın devalvasiyası baş verib: "Bu, həmin ölkələrin istehsalçılarına, o cümlədən kənd təsərrüfatı istehsalçılarına və ixracatçılarına imkan yaradıb ki, daha üstün rəqabət imkanlarına malik olsunlar. Bunun da həmin ölkələrdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı proseslərə mənfi təsiri olub".

Qeyd edək ki, DGK-nın məlumatına əsasən, bu müddətdə ölkədən 1 milyon 29 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib.

8093
Teqlər:
Elşad Məmmədov, Sputnik Azərbaycan, Müslüm İbrahimov, UNEC, ekspert, professor, artım, qiymət, ixrac, idxal, ət, Dövlət Gömrük Komitəsi
Əlaqədar
Halal ət: Bu dəfə Rusiyadan Türkiyəyə
Külli miqdarda mənşəyi məlum olmayan ət aşkarlanıb
Bakıda yenilənmiş ət satışı məntəqəsi işə başladı
Qanunsuz ət satışı məntəqələrinə qarşı reyd keçirilib
Mənşəyi məlum olmayan 2.5 ton ət məhv edilib