Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 yanvar — Sputnik. 2018-ci ilin doqquz ayında Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb. Mərkəzi Bankın 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyyə balansında göstərilir ki, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub. Bu, 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.
Ölkədən kapital çıxarılması faktını Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bu məsələnin müqayisəli olduğunu deyib: "Baxır, hansı prizmadan kapital axını müşahidə olunur. Bir var ki, ölkə iqtisadiyyatında əlverişli mühit olmur və yerli investisiya xaricə axır. Bu, müəyyən qədər problemli məqamlardan biri hesab oluna bilər. Azərbaycan iqtisadiyyatının sərmayəyə ehtiyacı var. Təbii ki, Azərbaycan iqtisadiyyatından kapital axını məqsədəuyğun deyil".
"Eyni zamanda, istənilən formada kapitalın ölkədən çıxarılması tədiyyə balansında təzyiqlər formalaşdırır. Ölkəyə daxil olan investisiya ilə ölkədən çıxan kapitalın arasındakı fərq azaldıqca, bu, riskləri daha da kəskinləşdirir" - deyə o bildirib.
R.Həsənovun sözlərinə görə, 2018-ci ildə ölkədən çıxarılan kapitalın əhəmiyyətli hissəsi məhz neft sektoruna aid kapital olub: "Bu, əvvəlcədən proqnozlaşdırılandır. Çünki hər hansı bir iqtisadi sektora xarici investisiya yönəldilirsə, növbəti mərhələdə investisiyanın gəlir şəklində geri götürülməsi məsələsi ortaya çıxır. Təbii ki, ölkələr bunu nəzərə almalıdır".
Ekspertin fikrincə, məsələyə daha geniş spektrdə baxsaq, məsələn, Türkiyə iqtisadiyyatının 2018-ci ildə üzləşdiyi iqtisadi çətinliklərin və yaxud da gərginliyin əsas qaynağı məhz kapital axını hesab olunur: "Çünki uzun müddət Türkiyə iqtisadiyyatı xarici investisiya üçün cəlbedici idi, kifayət qədər ciddi kapital qoyulurdu. Bu kapital qoyuluşları dinamika, xərcləmələr formalaşdırırdı, iqtisadiyyatda böyümə yaradırdı. Daha sonra isə bu kapitalın geri dönüşü başlayırdı. Zamanında bənzər formada çətinliklərlə, iqtisadi böhranla Malayziya da üzləşib".
Müsahibimiz qeyd edib ki, Azərbaycanda da kapitalın ölkədən çıxarılması kimi məsələlər aktualdır: "Çünki xüsusilə də neft sektoruna kifayət qədər iri həcmli investisiya qoyuluşları olub. Təxminən, 95 milyard dollar neft sektoruna investisiya qoyuluşunun 70%-ə yaxını xarici mənşəlidir. Zamanı gəldikcə, bu investisiyalar artıq gəlir formasında əldə olunaraq şirkətlər tərəfindən geri çəkilir".
"Bu, təbii prosesdir və hökumətlər də öz monetar, fiskal və məzənnə, həmçinin investisiya siyasətini bu kimi gözləntilərə, risklərə uyğun hazırlamalıdır. Hazırda Azərbaycan çalışmalıdır ki, investisiyaların daha çox repatriasiyası olduğu dövrdə ölkəyə daha çox investisiya cəlbini təmin edə bilsin" - deyə Həsənov əlavə edib.
İqtisadçı-ekspert Fuad İbrahimov isə, Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə boşluqların olduğunu deyib: "Konkret demək olmaz ki, məsələn, idxal olunan mallara görə ölkədən kapital axını var. Burda digər problemlər də mövcuddur. Xaricdə təhsil alanlar, səhhəti ilə bağlı xaricə gedənlər var".
"Yəni bu kimi faktorlar kapital axınını stimullaşdırır. Bunların qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir ki, kapital axını aktuallığını itirsin. İstənilən sahədə cazibədarlıq yaratmaq lazımdır ki, insanlar oraya kapital axınında maraqlı olsunlar. Daxili və xarici siyasət cazibədar olarsa, kapital axını öz büdcəmizə yönələr" - deyə İbrahimov vurğulayıb.
Qeyd edək ki, 2018-ci ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.
BAKI, 25 fevral — Sputnik. Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.
Bu ölkələr, eyni zamanda Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 28,3 milyon dollar, Səudiyyə Ərəbistanından 1,7 milyon dollar, BƏƏ-dən isə 885 min dollar təşkil edib. İran və Səudiyyə Ərəbistanı ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə azalıb.
BAKI, 25 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumuna əsasən "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə" sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.
Energetika və Xarici İşlər nazirlikləri bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.
Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.