Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çoxdan arzulanan yeniliyin tətbiqinə başlandı - Az qazananlara çox güzəşt

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu güzəştlər mikro sahibkarlıq, özünüməşğulluq, ailə təsərrüfatları və s. istiqamətlərdə əhəmiyyətli ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Dekabrın 21-də Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nı təsdiq edib. İşçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkarlıq, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251 və ondan yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunur.

Orxan Məmmədov - Sputnik Azərbaycan
Orxan Məmmədov: “Prezidentin fərmanı sahibkarlığın inkişafına yeni təkan verəcək”

Ekspertlər sahibkarlıq subyektlərinin bölgüsü məsələsini Sputnik Azərbaycan-a şərh ediblər. İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda sahibkarlıq kateqoriyalarının müəyyənləşdirilməsi ilə bağlı fərman 2017-ci ildə verilib və bu, Nazirlər Kabinetinin üzərinə qoyulub.

"Vergi Məcəlləsinə edilən son dəyişikliklər konkret olaraq bölgünün daha dolğun şəkildə aparılması zərurətini formalaşdırıb. Çünki Vergi Məcəlləsinə dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minib və burada mikro, kiçik və orta sahibkarlar üçün güzəştlər nəzərdə tutulub. Bunun tətbiqi üçün konkret olaraq meyarların müəyyən edilməsinə ehtiyac var idi" - Həsənov bildirib.

Onun sözlərinə görə, xüsusilə mikro sahibkarlar üçün nəzərdə tutulan güzəştlər sahibkarlığın inkişafına təsirini göstərə bilər: "Bu güzəştlər mikro sahibkarlıq, özünüməşğulluq, ailə təsərrüfatları və s. bu kimi istiqamətlərdə əhəmiyyətli ola bilər. Bölgünün aparılması növbəti dövrlərdə sahibkarlığın tədqiq olunmasına, bu sektorda xüsusi dövlət proqramlarının, təşviq mexanizmlərinin hazırlanmasına, statistikanın keyfiyyətinin artırılmasına, real vəziyyətin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərəcək".

"Bölgünün aparılması bu istiqamətdə nisbətən daha məqsədli proqramların həyata keçirilməsinə və təşviq mexanizmlərinin hazırlanmasına kömək göstərə bilər" - deyə iqtisadçı əlavə edib.

İqtisadçı-ekspert Fuad İbrahimov da deyib ki, bu addım sahibkarlığın inkişafına təkan verəcək: "Qeyri-neft sektorunun inkişafı üçün bu metodlar ölkədə çoxdan tətbiq edilməli idi. Ümumiyyətlə, bazar iqtisadiyyatında hər hansı bir sahənin, məsələn, qeyri-neft sektorunun inkişafı üçün bölgü tədbirləri həyata keçirilməlidir. Bölgünün aparılması ilə qeyri-neft sektorunun inkişafında əməli işlər görə biləcəyik. Eyni zamanda, bu addım mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin tərəqqisinə töhfəsini verəcək".

Qeyd edək ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün "işçilərin orta siyahı sayı" və "illik gəliri" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Xəbər lenti
0