Federal Rezerv Sistemi

FED-in qərarı Azərbaycanın valyuta bazarına təsir edəcək

396
(Yenilənib 16:47 20.12.2018)
Neftin qiyməti 50 dollardan aşağı düşərsə və bir müddət 50 dollardan aşağı həddə qalarsa, AMB-nin manatı qorumaqla bağlı müdaxiləsi zəifləyəcək

BAKI, 20 dekabr — Sputnik. "Tramp administrasiyası və Ağ Ev uçot dərəcəsinin artırılmaması üçün Federal Rezerv Sisteminə, yumşaq desək, təzyiqlər göstərsə də, bu, heç bir nəticə vermədi. FED birmənalı şəkildə müstəqil qurum olduğunu göstərərək, uçot dərəcəsinin 0.25 faiz artırılması ilə bağlı qərar qəbul etdi. Düşünürəm ki, uçot dərəcəsinin artırılması ABŞ-ın səbət valyutalarına nisbətən yerli məzənnəsinə təsir göstərəcək". 

FED-in binası, arxiv şəkli
© REUTERS / Kevin Lamarque

Bunu Sputnik Azərbayan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib.

İqtisadçı-alimin fikrincə, ABŞ yığımları artıracaq. Bununla da xarici investorların ABŞ dollarına marağı daha da artacaq. Səbət valyutalara nisbətən ABŞ dollarının məzənnəsində, kəskin də olmasa, müəyyən qədər artım olacaq: "ABŞ dollarının səbət valyutalarına nisbətən möhkəmlənməsi baş verərsə, bu zaman neftin dünya bazarında qiymətinin azalması müşahidə edilə bilər. Çünki adətən ABŞ dolları möhkəmlənən zaman investorlar vəsaitlərini neft bazarından çəkərək valyuta bazarına yönəldirlər. Bu da nəticə etibarı ilə neft bazarında yeni qiymət azalmalarına səbəb ola bilər".

İqtisadçı FED-in qərarının Azərbaycana təsirindən də söz açıb: "FED-in qərarı Azərbaycan valyuta bazarına psixoloji olaraq təsir edəcək. Çünki uçot dərəcəsi artdıqda Azərbaycanın valyuta bazarında xarici valyutaya tələbin artması müşahidə edilir. Hazırda neftin dünya bazarında nəzərdə tutulan qiymətdən və dövlət büdcəsində nəzərdə tutulan 60 dollardan aşağı olması Azərbaycan valyuta bazarına təzyiq hesab edilir".

"Məzənnə ilə bağlı qərarlar Mərkəzi Bank tərəfindən verilir. Azərbaycan valyuta bazarına artan psixoloji təzyiqləri minimuma endirmək üçün Azərbaycan Mərkəzi Bankı əlində olan mövcud alətlərdən istifadə edir. Düşünürəm ki, Azərbaycan Mərkəzi Bankı manatın gələcək taleyini müəyyənləşdirəcək addımlar atacaq" – deyə V.Bayramov əlavə edib.

O, neftin qiymətinin 50 dollardan aşağı olacağı halda manatı qorumaqla bağlı müdaxilələrin təsirindən də danışıb: "Azərbaycan Mərkəzi Bankın öncəki hesabatlarında qeyd olunurdu ki, neftin qiyməti ilə bağlı qırmızı xətt 50 dollardır. Neftin qiyməti 50 dollardan aşağı düşərsə və bir müddət 50 dollardan aşağı həddə qalarsa, bu zaman Azərbaycan Mərkəzi Bankın manatı qorumaqla bağlı müdaxiləsi zəifləmiş olacaq".

396